İnformasiya cəmiyyəti
Son yenilənmə: 19.10.2016
“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 02 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş və Strategiyada bu sahənin inkişafı üzrə 2020-ci ilə kimi konkret məqsəd və vəzifələr müəyyən edilmişdir.
Azərbaycanda İKT-nin inkişafı üzrə görülmüş işlər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmaqdadır. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2016” hesabatında “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 4 pillə irəliləyərək dünyanın 139 ölkəsi arasında 53-cü yerə yüksəlmiş, habelə həmin hesabatda hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə dünya ölkələri arasında 8-ci yeri, İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 12-ci yeri tutmuşdur. Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi 2015” hesabatında isə Azərbaycan “İKT İnkişaf İndeksi”nə görə 167 ölkə arasında 67-ci yerdə qərarlaşmışdır. Həmin hesabatda İKT Qiymət Səbəti İndeksi üzrə isə Azərbaycan 170 ölkə içərisində 60-cı yerdə mövqe tutmuşdur.
2015-ci il üzrə yeni məlumatların əldə olunması məqsədilə ölkənin regionları üzrə proporsional qaydada, təsadüfi seçmə metodu ilə ev təsərrüfatlarında 7 yaş və ondan yuxarı olan 28,2 min ailə üzvü arasında sorğu aparılmış, kənd təsərrüfatı və işçilərinin sayı 5 nəfərdən az olan ticarət müəssisələri istisna olmaqla fəaliyyət göstərən bütün hüquqi şəxslər uçota cəlb olunmuşdur. Toplanmış statistik məlumatların təhlili göstərmişdir ki, 2015-ci ildə ölkədə İKT avadanlıqlarının sayı və onlardan istifadə səviyyəsi artmışdır. İKT-nin tətbiqi ölkədə fəaliyyət göstərən müəssisələrdə sürətlə inkişaf etmiş, il ərzində müəssisələrdə olan kompyuterlərin, internetə qoşulmuş müəssisələrin sayı artmışdır. Dövlət orqanları ilə 7469 müəssisə internet vasitəsilə əlaqə yaratmış və onların sayı 2005-ci illə müqayisədə 36,8 dəfə, 2014-cü illə müqayisədə 3,9 faiz artmışdır.
Külliyyatda 2010-2015-ci illər üzrə ev təsərrüfatlarında və müəssisələrdə İKT sistemləri, kompyuterlərin mövcudluğu və onlardan istifadə olunması, internetə çıxış imkanları, istifadəsi, əhalinin elektron bilikləri, habelə İKT sektoru üzrə əsas makro göstəricilər və İKT məhsullarının idxalı və ixracı haqqında geniş məlumatlar əks olunmuşdur. Məcmuənin quruluşu, verilmiş məlumatların seçimi və onların ölçü vahidlərinin müəyyənləşdirilməsi, göstəricilərin ardıcıllığı və digər metodoloji işlərin aparılması beynəlxalq təşkilatların müvafiq tövsiyələri əsasında tərtib olunmuşdur. Nəşrin giriş hissəsində məlumatlar daha qısa və yığcam verilmiş, digər bölmələrdə oxşar məlumatlar daha ətraflı təhlil olunaraq cədvəl şəklində əks olunmuşdur.


Məcmuədə istifadə olunmuş şərti işarələr:
« - » hadisə baş verməmişdir;
« ... » məlumat əldə edilməmişdir;
« 0 » rəqəm istifadə olunan vahiddən olduqca kiçikdir.

Qeyd:
Bəzi hallarda yekunla toplananların cəmi arasında yaranan cüzi fərq rəqəmlərin yuvarlaqlaşdırılması ilə izah olunur. Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilər üzrə məlumatlar verilməmiş, seçmə müşahidə məlumatlarının ölkə üzrə qiymətləndirilməsində isə ölkənin bütün əhalisi nəzərə alınmışdır.
kişisel blog