Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin kadr siyasəti
Konsepsiyası


Konsepsiya "2003-2007-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair" Dövlət Proqramına uyğun olaraq, Dövlət Statistika Komitəsinin qarşısında duran vəzifələrin həyata keçirilməsinin bilavasitə hazırlıqlı peşəkar kadrlardan asılı olduğunu nəzərə alaraq hazırlanmışdır.
1. Ümumi müddəalar
1.1. Kadr siyasəti - Dövlət statistika sisteminin kadr təminatına yönəldilən uzlaşdırılmış hüquqi, təşkilati, iqtisadi və sosial psixoloji tədbirlər kompleksini əhatə edir.
1.2. Kadr siyasətinin məqsədi zəruri kadr resurslarının formalaşdırılması və Dövlətstatkoma həvalə edilmiş vəzifələrin həlli üzrə kadrların səmərəli fəaliyyətinin təmin edilməsidir.
1.3. Kadr siyasətinin əsas vəzifələri:
- Dövlət statistika sisteminin tələbatına uyğun olaraq kadrlarla vaxtında komplektləşdirilməsi üçün keyfiyyətli kadrların seçilməsinin və səmərəli yerləşdirilməsinin təmin edilməsi;
- Dövlətstatkomun təşkilatı-ştat strukturunun optimallaşdırılması;
- hər bir işçinin yüksək peşəkarlıq səviyyəsinin, hərtərəfli şəxsi inkşafının artırılması üçün şəraitin təmin edilməsi;
- rəhbər vəzifələrə kadr ehtiyatlarının formalaşdırılması və hazırlanması;
- işçilərin səmərəli qulluq fəaliyyətinə istiqamətləndirilməsi.
1.4. Kadr siyasətinin əsas prinsipləri:
- Azərbaycan Respublikasının qanunlarının tələblərinə, işçilərin hüquq və vəzifələrini tənzimləyən müəyyən olunmuş norma və qaydalara ciddi əməl edilməsi, xidməti və peşə borcunun yerinə yetirilməsinə görə fərdi məsuliyyətin təmin olunması;
- işçilərə etimad və hörmətlə yanaşılması, onların fərdi qulluq keyfiyyətlərinin və qulluq fəaliyyətinin nəticələrini obyektiv qiymətləndirilməsi;
- kadrların peşəkarlığının artırılması, xidməti vəzifələrinin yaradıcı icrası üçün şəraitin yaradılması;
- təcrübəli və gənc işçilərin fəaliyyətinin optimal əlaqələndirilməsi, rəhbərlikdə varislik, kadrların plana uyğun hərəkəti;
- kadrların işinə dair məsələlərdə aşkarlıq, mütəmadi olaraq işçilərin məlumatlandırılması;
1.5. Dövlətstatkomun fəaliyyətinin nəticələri kadr siyasətinin səmərəliliyinin qiymətləndirilməsinin başlıca meyarıdır.
1.6. Dövlət statistika sistemində kadr siyasətinin hüquqi əsasını Azərbaycan Respublikası Konstitusiyasının müddəaları, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu, "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu, "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi haqqında" Əsasnamə, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin dövlət qulluğu və dövlət statistikası işinə aid olan digər hüquqi aktlar, habelə kadrlarla iş sferasında müvafiq normativ aktlar təşkil edir.
2. Kadr siyasətinin müəyyən edilməsi və onun aparılmasına rəhbərlik
2.1.Dövlət statistika sistemində kadr siyasətinin müəyyən edilməsinə və onun aparılmasına ümumi rəhbərliyi Dövlətstatkomun sədri həyata keçirir. Kadr siyasəti ilə bağlı kollektiv müzakirəsi tələb olunan məsələlər Dövlətstatkomun Kollegiyasınının müzakirəsinə çıxarılır.
2.2. Kadrlar şöbəsi Dövlətstatkomun rəhbərliyi tərəfindən müəyyən edilmiş kadr siyasətinin işlənməsi, metodologiyası və aparılması məsələlərinə görə məsuliyyət daşıyır. Dövlətstatkomun mərkəzi aparatının struktur bölmələrində, ərazi orqan və təşkilatlarında kadr siyasətinin praktiki həyata keçirilməsinə görə məsuliyyət onların rəhbərlərinə həvalə edilir.
3. Kadr siyasətinin həyata keçirilməsinin əsas istiqamətləri
3.1. Dövlət statistika sistemində qulluğa namizədlərin seçilməsi.
Namizədlərin seçilməsi üzrə iş, peşəkarlığına, üşgüzar və şəxsi keyfiyyətlərinə, təhsilinə və səhhətinə görə Dövlət statistika sisteminin kadrlarına həvalə edilmiş vəzifələri yerinə yetirməyə qabil olan Azərbaycan Respublikası vətəndaşları ilə ştat vəzifələrinin vaxtında komplektləşdirilməsinin təmin edilməsi nəzərdə tutulur.
Bu məqsədlə:
- tam yararlı, keyfiyyətli kadr ehtiyatı yaradılır, namizədlərin potensial imkanlarının öyrənilməsi və qiymətləndirilməsinin müasir, elmi əsaslandırılmış metotdları fəal tətbiq edilir;
- vəzifəli şəxslərin namizədlərin seçilməsi keyfiyyətinə görə fərdi məsuliyyəyətinin təmin edilməsi üzrə zəruri iş aparılır;
- Dövlət Statistika sistemi işçisinin nüfuzunun yüksəldilməsinə yönəldilmiş təşkilatı, təbliğatı və digər tədbirlər kompleksi işlənib hazırlanır və mütəmadi olaraq həyata keçirilir.
3.2. Təşkilatı – ştat işi, kadrların yerləşdirilməsi və hərəkəti.
Bu istiqamət mövcud ştat imkanlarının və kadr potensialının optimal istifadəsini, gündəlik praktikada hər bir işçinin təcrübə və biliyinin səmərəli tətbiqini, təşkilatı-struktur fəaliyyətində paralelçiliyin və təkrarçılığın istisna edilməsini, dövlət resurslarına qənaət edilməsini təmin etməlidir.
Bu məqsədlə:
- Dövlətstatkomun struktur bölmələrinin, onun yerli orqan və təşkilatlarının funksiyaları daim təhlil edilir, onların optimallaşdırılması üzrə vaxtında tədbirlər görülür;
- işin nəticələrinə görə fərdi məsuliyyət daşımaları ilə əlaqədar əməkdaşların müstəqilliyinin inkişaf etdirilməsi üzrə tədbirlər həyata keçirilir;
- kadrların rotasiyası üzrə təkliflər hazırlanır;
- kadrlarla iş praktikasına onların şəxsi keyfiyyətlərini qiymətləndirilməyin müasir metodları və metodikaları tətbiq edilir.
3.3. Rəhbər heyətlə iş.
Bu istiqamətdə kadrlarla iş rəhbər vəzifələrin müasir tələblərə uyğun olaraq kollektivlərin səmərəli fəaliyyətini, adamlarla fərdi işi təşkil etməyə qabil yüksək peşəkar və mənəvi keyfiyyətlərə malik olan səlahiyyətli işçilərlə vaxtında komplektləşdirilməsini təmin edir.
Bu məqsədlə:
- rəhbər kadrların keyfiyyət tərkibinin yaxşılaşdırılması, tabeçilikdə olan kollektivlərin fəaliyyəti, onlardakı mənəvi-psixoloji vəziyyətə görə rəhbərlərin fərdi məsuliyyətinin yüksəldilməsi üzrə məqsədyönlü və planauyğun iş aparılır;
- rəhbər işçilərin fəaliyyətinin mütəmadi təhlili əsasında Dövlət statistika sisteminin tələbatından asılı olaraq, onların yerləşdirilməsinin təkmilləşdirilməsi üzrə iş həyata keçirilir;
- kadrlarla işin səmərəliliyinin artırılması, onların potensialının hərtərəfli öyrənilməsi, rəhbər vəzifələri əvəz etmək üçün ehtiyat siyahılarına daxil edilmiş əməkdaşların rəhbər işə hazırlanması üzrə iş aparılır və gələcək iş üçün ehtiyat siyahısına yaş perspektivi olan əməkdaşlar seçilir;
- rəhbər vəzifələrə təyinat müsabiqə əsasında və ya tədris müəssisələrində xüsusi hazırlıq və ya statistika sistemində müəyyən staj keçdikdən sonra həyata keçirilir.
3.4. Peşə təhsili sisteminin təkmilləşdirilməsi.
İxtisasartırma və təhsil sistemlərinin təkmilləşdirilməsi Dövlətstatkomun kadr siyasətinin ayrılmaz tərkib hissəsi hesab edilir və Dövlət Statistika sistemində ali və orta ixtisas təhsilli mütəxəssislərin hazırlanmasını, işlədiyi bütün müddət ərzində işçilərin (o cümlədən rəhbər kadrların) bilik səviyyəsinin ardıcıl olaraq artırılmasını təmin etməlidir.
Bu məqsədlə:
- kadrların peşə təhsilinin şəraiti və çoxpilləli sistemə tədricən keçidi təmin edilir;
- Dövlətstatkom üçün mütəxəssislərin baza hazırlığına yanaşma prinsipi həyata keçirilir;
- bütün səviyyələrdən olan rəhbər kadrların 3 ildə bir dəfədən az olmayaraq, digər mütəxəssislərin 2 ildə bir dəfə ixtisasının artırılması təmin edilir;
3.5. Tərbiyəvi iş.
Tərbiyəvi iş plana uyğun olaraq işçilərə təsir etməli, onları yüksək peşə qulluğu fəaliyyətinə sövq etməli, şəxsiyyətin inkişafını istiqamətləndirməli, zəruri hallarda davranışa düzəliş etməlidir.
Bu məqsədlə:
- tərbiyə prosesindəki bütün iştirakçıların (bölmə rəhbərlərinin, kadr xidmətlərinin, həmkarlar ittifaqı təşkilatlarının) qarşılıqlı əlaqələndirilməsi təmin edilir;
- tərbiyə prosesində iştirakçıların insanlarla fərdi iş aparması üçün və rəhbər işçi münasibətlərində normal və sağlam mühitin yaradılması təmin edilir;
- işçilərlə iş praktikasında sosial psixologiyanın metodları tətbiq edilir;
- mütəmadi olaraq ictimai rəy, işçilərin əhvali-ruhiyyəsi və dəyərli vərdişləri öyrənilir, qulluq intizamının vəziyyəti, kollektivlərdə mübahisəli şəraitlərin yaranma səbəbləri təhlil edilir, təhlilin nəticələri üzrə operativ zəruri tədbirlər görülür;
- işçilərin əməyinin mənəvi və maddi stimullaşdırılması praktikası təkmilləşdirilir.
3.6. Dövlət Statistika sistemi işçilərinin sosial müdafiəsinin təmin edilməsi.
Səmərəli qulluq fəaliyyətinə istiqamətləndirilmənin vacib amili kimi statistika işçilərinin maddi və sosial tələbatlarının təmin edilməsi üçün dövlət tərəfindən verilmiş təminatlardan maksimum səmərəli istifadə etmək.
Bu məqsədlə:
- Dövlətstatkomda və onun yerli orqan və təşkilatlarında çalışan işçlərin asudə vaxtının təşkili üzrə tədbirləri nəzərdə tutan sosial inkişaf planları işlənib hazırlanır;
- gələcəkdə sosial inkişaf planlarına düzəlişlər edilməsi, yaranan problemlərin həlli üzrə təkliflər hazırlamaqla sosial proseslərin mütəmadi öyrənilməsi və təhlili, onların inkişafının proqnozlaşdırılması təşkil edilir;
- statistika sistemindən işdən çıxan veteranlara sosial-məişət məsələlərinin həllində yardım göstərilməsinin nizama salınması üzrə iş aparılır.
3.7. Kadrlarla işin hüquqi nizamlanması.
Kadrlarla iş Dövlətstatkomun kadr təminatı sahəsində hüquqi münasibətləri nizamlayan idarədaxili normativ hüquqi bazanın daim təkmillədirilməsini tələb edir.
Bu məqsədlə:
- kadrlarla iş məsələlərinin tənzimlənməsi ilə bağlı dövlət qulluğunun əsaslarını müəyyən edən qanunlardan və digər hüquqi aktlardan irəli gələn sənədlərin hazırlanmasında dövlət statistika sisteminin fəal iştirakı təmin edilir;
- kadrlarla iş məsələləri üzrə normativ hüquqi aktların tələblərinə əməl edilməsinə işçilərə münasibətdə qanunsuz hərəkətlərə yol verilməməsinə təsirli nəzarət təmin edilir və onların hüquqlarının pozulduğu hallarda ədalətin bərpa edilməsi məsələləri operativ həll edilir.
4. Kadr siyasətinin informasiya – analitik və elmi təminatı
4.1. Kadr siyasətinin informasiya-analitik təminatını, kadrların səlahiyyətinə aid olan informasiyanın toplanmasını, işlənməsini və təhlilini daim təkmilləşdirilməsini, kadrlarla işin vəziyyətinin hərtərəfli qiymətləndirilməsini, idarəçilik qərarlarının hazırlanmasını Dövlətstatkomun kadrlar şöbəsi həyata keçirir.
4.2. Kadrlar haqqında məlumatların yığılması və işlənməsinin əsas vasitəsi ixtisaslaşdırılmış informasiya sistemləridir. Dövlət Statistika sisteminin kadr xidmətlərində plana uyğun olaraq avtomatlaşdırılmış iş yerləri, müxtəlif səviyyəli yarım sistemləri birləşdirən informasiya-hesablama şəbəkələri tətbiq edilir.
Kadrlarla işin müxtəlif aspektləri üzrə məlumat bazalarının, habelə ekspert sistemlərinin işlənib hazırlanması və tətbiqi həyata keçirilir.
5. Kadr siyasətinin maddi-texniki və maliyyə təminatı
Kadr siyasətinin maddi-texniki və maliyyə təminatı Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.

kişisel blog