home envelope sitemap
logo

AZƏRBAYCANDA RƏSMİ STATİSTİKANIN TARİXİNDƏN

Azərbaycanın müstəqilliyi, yeni sosial, iqtisadi və siyasi şərait, Azərbaycanın Avropa Şurasına daxil olması və onun beynəlxalq əlaqələrinin genişlənməsi başqa sahələrdə olduğu kimi, statistika elminin, statistik məlumatların keyfiyyətinin yüksəldilməsinə, ölkədə uzunmüddətli statistik sıraların yaradılmasına, bununla da son yüzillikdə ölkənin statistika tarixinə və tarixi statistik külliyyatların yaradılmasına tələbat yaratmışdır.
Arxiv materialları, "Azərbaycan tarixi" kitabları və bir sıra digər nəşrlərlə tanışlıq göstərir ki, tarixçilər hələ 19-cu əsrin əvvəllərində Azərbaycanda əhali, sənaye, kənd təsərrüfatı, ticarət, xarici ticarət və s. haqqında çoxsaylı statistik məlumatlara istinad etmiş və araşdırmalar aparmışlar. Bu kimi məlumatlara Azərbaycanda qeyri-müntəzəm, az-çox müntəzəm və mərkəzləşdirilmiş statistika fəaliyyəti təşkil edildiyi 19-cu əsrdə, xüsusilə də 19-cu əsrin ortalarından sonra, yəni Azərbaycanın şimal hissəsinin Rus İmperiyasının tərkibində olduğu dövrdə daha çox rast gəlmək olur.
Bu dövrdə Rusiya imperiyasının bütün ərazilərində olduğu kimi, Azərbaycanda da quberniyalardan və şəhərlərdən sosial-iqtisadi və demoqrafiyaya aid keyfiyyət və kəmiyyət xarakterli məlumatlar toplanır və dövlətin maraqlarına uyğun olan müxtəlif adda siyahıyaalmalar keçirilirdi. Belə materiallardan birində Azərbaycanın tərkib hissəsi olan Qarabağda əhalinin siyahıyaalınması haqqında aşağıdakı məlumat verilir: "1812-ci ildə əhalinin siyahıyaalınmasına görə, burada (Qarabağda - red.) 3080 ailə var idi" ("Azərbaycan tarixi", 2-ci cild, səh. 25, Bakı - 1964).
Azərbaycanın ərazisində statistika üzrə tədbirlər əsasən quberniyalar vasitəsilə Rusiyanın Tiflisdə yerləşən Qafqaz canişinin nəzdindəki statistika qrupu tərəfindən həyata keçirilirdi və müxtəlif məsələlər üzrə statistik məlumatlar Qafqaz təqvimində nəşr olunurdu. O illərdə statistik müşahidələr ayrı-ayrı inzibati vahidlər tərəfindən və inzibati orqanları maraqlandıran müxtəlif hadisələr üzrə, daha doğrusu vergi məqsədləri üçün həyata keçirilirdi. Əsasən daxili işlər orqanları tərəfindən yığılan və ya ayrı-ayrı şəxslərin təqribi hesablamaları və təklifləri üzrə çap edilən bu materiallar natamam, parçalanmış və müqayisəsiz şəkildə olurdu.
Azərbaycanda statistikanın müntəzəm təşkili Şamaxı (1846-1859-cu illər), Bakı (1859-cu il) və Gəncə (Yelizavetpol, 1867-ci il) quberniyalarının yaradılması ilə bir vaxta təsadüf edir. Rusiyada statistika komitələrinin yaradılmasına dair 20 dekabr 1834-cü ildən qüvvədə olan qərara uyğun olaraq, qubernatorların sədrliyi altında quberniyalarda statistika komitələri fəaliyyətə başlamışdır. İmperator I Nikolay tərəfindən 1834-cü il dekabrın 20-də imzalanmış fərmanın 27-ci maddəsində deyilir: "... bütün quberniya şəhərlərində Mülki Qubernatorların sədrliyi ilə Statistika Komitələri yaradılır". Göstərilən quberniyaların statistika komitələri Rusiyanın digər quberniyalarındakı statistika komitələrində olduğu kimi, özləri heç bir statistik iş təşkil etmirdi. Onların funksiyalarına Daxili İşlər Nazirliyinin Statistika bölməsinin dəftərxanası tərəfindən tələb olunan statistik məlumatların inzibati və digər yerli orqanlardan toplanması, yoxlanması və işlənməsi daxil idi. Vaxt keçdikcə bu məlumatlar özündə quberniyaların həyatının əsas tərəfləri haqqında məcburi məlumatları (əhali, kənd təsərrüfatı, sənaye, ticarət və s.) əhatə edirdi və onlara Statistika Komitəsi statistika cədvəlləri formasında verirdi. Quberniya statistika komitələrinin saxlanmasına ayrılan vəsait olduqca az idi. Lakin Rusiyanın bütün ərazilərində olduğu kimi, Azərbaycan ərazisində də statistika işlərinin təşkilinin inkişaf etdirilməsində İmperator II Aleksandr tərəfindən 30 aprel 1863-cü ildə təsdiq edilmiş Daxili İşlər Nazirliyi yanında statistikanın təşkilinə dair əsasnamənin böyük rolu olmuşdur. Əsasnaməyə uyğun olaraq statistik işlərin həyata keçirilməsi Mərkəzi Statistika Komitəsinə tapşırılmışdı. Əsasnaməyə görə, bütün quberniya, vilayət və şəhər statistika komitələri Mərkəzi Statistika Komitəsinə tabe idi. Müəyyənləşdirilmiş qaydalara uyğun olaraq, statistika komitələri hər il mart ayının 1-i vəziyyətinə quberniyalar və onlara daxil olan qəzalar üzrə məlumatları yığaraq Rusiya Daxili İşlər Nazirliyinin statistika bölməsinə təqdim edirdilər.
1802-ci ildən 1917-ci ilədək tərtib edilən, özündə 20-27 statistik cədvəli birləşdirən quberniyaların illik hesabatları statistik xarakterli çoxsaylı məlumatları: əhalinin, mal-qaranın, fəhlələrin, yarmarkaların, fabrik və zavodların sayını, əkin və məhsulları, yarmarka dövriyyələrini, əsas malların ticarət qiymətlərini, tütün məhsullarının qiymətini, balıq məhsullarının istehsalını, gömrük məlumatlarını, hərbçilərin sayını və bir çox başqa məlumatları əhatə edirdi. Quberniyalarda toplanan hesabatların əsas məqsədi çara və onun mərkəzi idarəetmə orqanlarına onlar üçün cəmiyyətdə təhlükəli hərəkatlar, xəzinəyə yığılan gəlirlərin miqyası, hərbi xidmətə çağırışın mümkün səviyyəsi və s. haqqında məlumat toplamaqdan ibarət idi. Ayrı-ayrı məlumatların yığılması ilə 1900-cü ildə Bakı quberniyasının fabrik müfəttişliyi də məşğul olmuşdur ("Azərbaycan tarixi" kitabı, 2-ci cild, səh. 273).
XIX əsrin sonu XX əsrin əvvəlləri imperiya statistikası tarixində müxtəlif müayinələrin və siyahıyaalmaların təşkili və keçirilməsi ilə xarakterizə olunur. Həmin işlərdən, Şimali Azərbaycan ərazisi də daxil olmaqla, çar Rusiyasının bütün ərazisində 1897-ci ilin fevral ayının 9-u (yanvarın 28-i) vəziyyətinə birinci ümumi siyahıyaalmanın keçirilməsini qeyd etmək lazımdır. Bu siyahıyaalmada əhalinin üç kateqoriyası uçota alınmışdır: mövcud, daimi və qeyddə olanlar. Siyahıyaalmanın proqramı özündə 14 əlaməti birləşdirmiş və siyahıyaalma vərəqəsinin üç formasından istifadə edilmişdir. Bundan əlavə, imperiyanın statistika sahəsindəki proqramlarına uyğun olaraq, kənd təsərrüfatı statistikası sahəsində kəndli təsərrüfatlarının həyətlər üzrə siyahıyaalınması, 1903 və 1910-cu illərdə kənd təsərrüfatı maşın və alətlərinin siyahıyaalınması keçirilmişdir. 1904-cü ildən başlayaraq, hər il mal-qaranın sayı haqqında məlumatlar toplanmışdır. 1900 və 1908-ci illərdə sənaye statistikası sahəsində də siyahıyaalmalar keçirilmişdir. Göründüyü kimi, Azərbaycanda statistika sahəsində fəaliyyət Rusiya statistika orqanları və digər orqanların tərkibində fəaliyyət göstərən qurumlar tərəfindən həyata keçirilmişdir. Bunun nəticəsidir ki, 1920-ci ilə qədər olan dövrdə Azərbaycan ərazisində statistika üzrə yaradılmış qurumların fəaliyyəti və ölkə ərazisində iqtisadi və mədəni vəziyyət haqqında çox az statistik məlumatlar qorunub saxlanmışdır.
Arxiv materialları içərisində qorunub saxlanmış materiallardan biri də Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sənayesinin inkişafı haqqında məlumatlardır. Azərbaycanın neftçıxarma məntəqələrinin işi haqqında mövcud olan bu məlumatlar keçmiş Bakı neft sənayeçilərinin qurultay şurası tərəfindən ümumiləşdirilərək hər il "Neft sənayeçiləri üçün sorğu kitabı" adı altında nəşr edilmişdir (kitabın sonuncu nəşri 1917-ci ildə olmuşdur). "Neft sənayeçiləri üçün sorğu kitabı" neft sənayesinin inkişafının bütün tərəflərini işıqlandırmırdı, həmçinin dolğun məlumatlara malik deyildi. Belə ki, məlumatlar ayrı-ayrı sahibkarların təqdim etdikləri məlumatlara əsaslanırdı. Həm Çar Rusiyası, həm də Azərbaycanın müstəqilliyi dövründə Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Nobel qardaşları və digər neft sahibkarları tərəfindən neft istehsalı, neft emalı və neft ehtiyatları haqqında statistika orqanlarına təqdim edilən və Milli Dövlət Arxivində qorunub saxlanan statistik hesabatlar, həmçinin statistik cədvəllər və bundan əlavə, Azərbaycan Demokratik Respublikası dövründə 1919-cu ildə Fransada nəşr olunan "Azərbaycan rəqəmlərdə" statistik məcmuəsi də statistika fəaliyyəti sahəsində dəyərli tarixi sənədlərdən sayılır.
1920-ci ildən əvvəlki dövrə aid bir sıra göstəricilər qorunub saxlanmışdır ki, bu göstəricilər sonradan mütəxəssislər tərəfindən yenidən işlənmiş və mövcud metodologiya əsasında müqayisəliliyə gətirilmişdir. Sonrakı dövrlərdə Azərbaycanın sosial və iqtisadi inkişafını təhlil etmək üçün bu göstəricilərdən istifadə edilmişdir.
1917-1920-ci illərdə Azərbaycanda ayrı-ayrı yerli dövlət qurumlarında statistika şöbələri yaradılmış və fəaliyyət göstərmişdir. Məsələn, 1918-ci ilin aprel ayının 25-də Bakı Sovetinin qərarı ilə Bakı Xalq Komissarları Sovetinin tərkibində fəhlə, əsgər, matros deputatlardan ibarət Bakı Xalq Təsərrüfatı Soveti yaradılmış və onun tərkibinə daxil olan 9 şöbədən biri də statistika şöbəsi olmuşdur. Bununla yanaşı, göstərilən tarixdə həmin qərarla yaradılmış Ərzaq üzrə Xalq Komissarlığının strukturundakı 8 şöbədən biri statistika şöbəsi olmuş və 1920-ci ilin noyabr ayınadək fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə ölkə ərazisində statistik məsələlərə rəhbərlik edən vahid orqan yaradılmasa da, ayrı-ayrı nazirliklərin tərkibində statistika ilə məşğul olan qurumlar yaradılmışdır. Bu qurumlar 15 noyabr 1918-ci il tarixindən Dövlət Əmlakı və Əkinçilik Nazirliyinin tərkibində Statistika şöbəsi və 1919-cu il iyul ayından Əkinçilik Nazirliyinin Torpaq Fondu şöbəsində Statistika bürosu kimi fəaliyyət göstərmişlər. Bu dövrdə Əmək Nazirliyinin tərkibində Bazar və əmək statistikası şöbəsi də fəaliyyət göstərmişdir.
Göründüyü kimi, 1920-ci ilə qədər Azərbaycanın indiki ərazisində statistik məsələlərə rəhbərlik edən vahid orqan olmamışdır. Yalnız 1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra digər dövlət tədbirləri ilə yanaşı, ölkədə rəsmi dövlət statistikasının yaradılması üzrə də təcili tədbirlər həyata keçirilmişdir. Azərbaycan statistikasının rəsmi təşkili üçün 1920-ci il iyul ayının 8-də Nəriman Nərimanovun imzası ilə Azərbaycan İnqilab Komitəsi tərəfindən statistiklərin müvəqqəti kollegiyası haqqında əsasnamə təsdiq edilmiş və kollegiyaya aşağıdakı vəzifələr həvalə edilmişdir:

  1. ayrı-ayrı baş idarələrin statistika təşkilatlarının statistik iş bölgüsünü aparmaq və bu işləri əlaqələndirmək;
  2. bütün növ statistik müşahidə və siyahıyaalmaların plan və proqramını, habelə statistik işlər planını və təlimatları təsdiq etmək;
  3. ayrı-ayrı komissarlıqların statistika bölmələri tərəfindən müvafiq statistik tədqiqatlar keçirilməsi barədə təkliflər vermək;
  4. ayrı-ayrı komissarlıqların statistika bölmələrinin statistik tədqiqatlarının nəticələrinə rəy vermək və s.

1920-ci il avqust ayının 19-da isə Azərbaycan İnqilab Komitəsi tərəfindən dövlət statistikası haqqında yeni əsasnamə təsdiq olunmuşdur. Bu əsasnaməyə görə, ölkədə statistikanın aparılması Mərkəzi Statistika İdarəsinə (MSİ) və onun tərəfindən yaradılan orqanlara; digər orqanların statistika təşkilatlarına, şəhər, rayon, qəza, nahiyə və kənd inzibati və inzibati-təsərrüfat orqanlarına həvalə edilmişdir.
Təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq, Mərkəzi Statistika İdarəsinə digər məsələlərlə yanaşı, demoqrafiya, xalqın sağlamlığı və sanitariya, mənəviyyat, torpaqdan istifadə, istehlak və məhsul mübadiləsi, kənd təsərrüfatı istehsalı, kadastr üzrə iş, sənaye, əmək, hərbi və maarifləndirmə, nəqliyyat statistikasının aparılması, əhali, sənaye, peşə, kənd təsərrüfatı və s. ümumdövlət siyahıyaalmalarının keçirilməsi və yekunlarının işlənməsi, nəşrlərin istehsalı, statistik kitabxananın, muzeyin və arxivin təşkili tapşırılmışdır.
Azərbaycan SSR İnqilab Şurasının 9 avqust 1920-ci il tarixli dekretinə və həmin ilin 17 dekabr tarixli qərarına uyğun olaraq, 1920-ci ilin dekabrında 15 bölmədən ibarət Mərkəzi Statistika İdarəsi yaradılmışdır və onun kollegiyası 12 nəfərdən ibarət təsdiq olunmuşdur. Əsasnaməyə uyğun olaraq, yaradılmış Mərkəzi Statistika İdarəsinin tərkibində 30 dekabr 1920-ci ildə imzalanmış 1 nömrəli əmrlə işlərin idarə edilməsi, maliyyə, mənəviyyat statistikası alt bölməsi olmaqla demoqrafiya statistikası, xalq təhsili statistikası, xalqın sağlamlığı, sosial təminat statistikası alt bölməsi olmaqla əmək statistikası, kənd təsərrüfatı istehsalı və cari kənd təsərrüfatı statistikası, əsas və cari sənaye statistikası, siyahıyaalmalar, istehlak, bölgü, təchizat və kooperasiyalar statistikası, əlaqələr və yerdəyişdirmə statistikası, şəhər statistikası, redaksiya-nəşriyyat, kitabxana və muzey, elm və tədris təşkilatları və təşkilati-təlim şöbələri təşkil edilmişdir. Azərbaycan Mərkəzi Statistika İdarəsinin ilk rəhbəri Vladimir Vasilyeviç Smirnovun Azərbaycan statistikasının yaradılmasında böyük rolu olmuşdur. İlk illərdə statistika sahəsində çalışan milli kadrlardan Ş.Əliyevi (işlər müdiri), Ə.Rəsulovu (kənd təsərrüfatı statistikası şöbəsinin müdiri), Q.Yüzbaşovu (statistik) göstərmək olar.
Qeyd olunanlardan əlavə, Azərbaycanda statistikanın yaradılması və təşkili ilə bağlı Azərbaycan İnqilab Komitəsi tərəfindən 1920-ci ildə aşağıdakı qərarlar qəbul edilmişdir: “Azərbaycan SSR-in ərazisində siyahıyaalmanın keçirilməsi haqqında Dekret” (19 may 1920-ci il), “Azərbaycanda siyahıyaalmaların keçirilməsi haqqında (demoqrafik, peşə və sənaye müəssisələri üzrə) Dekret” (9 avqust 1920-ci il), “Statistik qüvvələrin səfərbər edilməsi haqqında Dekret” (24 avqust 1920-ci il), “Statistiklərin uçotu haqqında Qərar” (24 avqust 1920-ci il), “Azərbaycan MSİ-nin əməkdaşlarına statistika işlərində kömək göstərilməsi haqqında Dekret” (26 sentyabr 1920-ci il). Qeyd edilən sənədlərin Azərbaycan statistikasının gələcək inkişafında xüsusi rolu olmuşdur.
Azərbaycan SSR İnqilab Şurasının 9 avqust 1920-ci il tarixli iclasının protokolunda qeyd olunur ki, 1 nəfər müsəlman statistik axtarılıb tapılsın və Mərkəzi Statistika İdarəsinin kollegiyasının tərkibinə daxil edilsin. Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin 30.12.1920-ci il tarixində imzalanmış 1 nömrəli əmri ilə işə qəbul edilmiş 41 nəfərdən yalnız 5-i türk milliyyətindən olmuşdur ki, onlardan da 3 nəfəri kuryer vəzifəsinə qəbul edilmişdir.
Hökumət ölkədə statistikanın yaradılmasına müntəzəm olaraq kömək göstərirdi. Sovet hakimiyyətinin ilk illərində hökumət tərəfindən qəbul edilmiş bir sıra qərar və sərəncamlar bunu deməyə əsas verir. Bunlardan, 1920-ci il sentyabrın 26-da İnqilab Şurası tərəfindən qəbul edilmiş dekret xüsusi əhəmiyyət kəsb edir. Dekretdə göstərilmişdir ki, “Azərbaycanın kənd təsərrüfatının iqtisadi vəziyyətinə dair dəqiq məlumatlar əldə edilməsi fövqəladə dövlət əhəmiyyətinə malikdir”. Bununla əlaqədar olaraq, bütün qəza və kənd inqilab şuralarına, habelə bütün vəzifə sahiblərinə, vətəndaş və hərbi qulluqçulara və Ərzaq təminatı üzrə Xalq Komissarlığına “MSİ-nə statistika işlərinin yerinə yetirilməsində hərtərəfli kömək göstərmələri” tapşırılmışdır. Kadrlarla təminata da xüsusi diqqət yetirilmiş və 1921-ci ilin fevral ayında Azərbaycan İnqilab Şurasının sədri Nəriman Nərimanovun imzası ilə bütün qəza İnqilab Şuralarına və Kasıblar Komitələrinə aşağıdakı məzmunda teleqram göndərilmişdir: “2-ci sinfi qurtarmış gənclərin yeddi gün müddətinə Bakıya statistika kurslarına göndərilməsini təmin edin və onların 2 sinif bitirmələri tam təhsilli olmaları kimi qəbul edilsin”.
Bu tədbirlərin həyata keçirilməsi məqsədilə 1921-ci ilin mart ayında Azərbaycan İnqilab Şurasının işlər idarəsi tərəfindən bütün xalq komissarlıqları, baş komissarlıq və mərkəzi təşkilatlara belə bir təcili teleqram göndərilir: “Azərbaycan İnqilab Komitəsinin cari ilin 19 mart tarixli, 1132 nömrəli tapşırığına müvafiq olaraq, hər bir təşkilatdan üç nəfəri, yaxşı olardı ki, hamısı və yaxud əksəriyyəti türklərdən ibarət olsun, statistik kurslara göndərmək sizdən xahiş olunur”.
Yerlərdən bu tapşırığa təcili cavablar verilir və milli kadrların kurslara göndərilməsinə başlanır. Məsələn, 28 mart 1921-ci ildə Xalq Təhsil Komissarlığı su nəqliyyatında teleqrafçı vəzifəsində çalışan İbrahim İbrahimov və Bəhmən Həsənovun vəzifələrindən azad edilməsi və statistika kurslarına göndərilməsi barədə İnqilab Komitəsi qarşısında məsələ qaldırıldığını bildirmişdir. Xalq Maliyyə Komissarlığı tərəfindən isə Q.Salmanlı, A.Dadaşov və Q.Fətullayevin kursa göndərilməsi təklif edilmişdir. Neft Kompaniyasından da Qulam Həsənov və Hüseynağa Hüseynov statistika kurslarına göndərilmişlər və s.
Mərkəzdə statistikanın yaradılması və təşkili ilə yanaşı, 1921-ci ildə qəzalarda (uyezdlərdə) da statistika bürolarının yaradılmasına cəhd edilmişdir. Lakin MSİ müvafiq hazırlıqlı kadrların olmaması və onların saxlanması üçün vəsaitin çatışmaması kimi çətinliklərlə qarşılaşdığından, müvəqqəti olaraq qəzalarda statistika bürolarının yaradılmasını dayandırmışdı. 1923-cü ildə onların yaradılmasına ikinci dəfə cəhd göstərilmiş, bununla əlaqədar olaraq, Azərbaycan SSR Xalq Komissarları Şurasının 17.12.1922-ci ildə keçirilmiş iclasında “1923-cü ilə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin statistik iş planı və Azərbaycanda rayon statistika bürolarının təşkili haqqında” Smirnovun məruzəsi dinlənilmiş və qəbul olunmuş qərarın 3-cü bəndində 1923-cü ilin yanvarın 1-i tarixindən Azərbaycan SSR ərazisində 7 rayonda statistika bürosunun yaradılması qərara alınmışdır. Həmin qərarın 5-ci bəndi ilə yerli icraiyyə hakimiyyətlərinə statistika bürolarının yerlə, inventarlarla, istiliklə, işıqla və təmizlik üzrə xidmətlə təmin olunması tapşırılsa da, yenə heç bir nəticə əldə edilməmişdir. Yalnız 1924-cü ildə yerli statistika orqanlarının yaradılmasına başlamaq mümkün olmuş və sonrakı illərdə bütövlükdə yerlərdə statistika orqanlarının yaradılması həyata keçirilmişdir. Azərbaycanda statistikanın təşkili və statistika orqanlarının yaradılması çətin şəraitdə həyata keçirilirdi, vəsait və ixtisaslı milli kadrlar, xüsusən yerli kadrlar çatışmırdı.
Bununla əlaqədar olaraq, Nəriman Nərimanov tərəfindən 23 mart 1923-cü ildə imzalanmış və bütün xalq komissarlıqları, baş komissarlıq və mərkəzi təşkilatlara göndərilmiş teleqramda deyilir: “Azərbaycanın bütün iqtisadi həyatını canlandırmaq üçün onu zəruri sayılan təcrübəli statistik kadrlarla təmin etmək məqsədilə, İnqilab Şurası ən savadlı adamların, yaxşı olardı ki, türk milliyyətindən olsunlar, MSİ-nin nəzdindəki kurslara göndərilməsini təklif edir”.
1922-ci ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının təşkili və Azərbaycan Sovet Sosialist Respublikasının bu quruma daxil olması ilə əlaqədar olaraq, Respublika Mərkəzi Statistika idarəsi Zaqafqaziya Mərkəzi Statistika İdarəsinin tərkibinə daxil olmuşdur.
1928-ci il sentyabrın 28-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Azərbaycan SSR Xalq Komissarları Şurası Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi haqqında yeni əsasnamə təsdiq edir. O vaxtdan Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Xalq Komissarları tərəfindən onlara verilmiş bütün hüquqlara malik olmuşdur. Bu dövrdən bütün işlər Mərkəzi Statistika İdarəsi qəza statistika şöbələri, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi Statistika Bürosu və Dağlıq Qarabağ Muxtar Vilayətinin Vilayət Statistika Bürosu tərəfindən həyata keçirilirdi. Göstərilən əsasnaməyə görə, respublika Mərkəzi Statistika İdarəsinin funksiyaları çox geniş idi.
Dövlət statistika orqanları özünün bütün mövcudluğu dövründə birinci növbədə mövcud dövrün tələblərindən irəli gələn vəzifələri yerinə yetirmiş, dövlət orqanlarını zəruri məlumatlarla təmin etmişdir.
Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi tərəfindən ilk dövrlərdə yerinə yetirilmiş ən böyük işlərdən 1921-ci ildə keçirilmiş ümumazərbaycan kənd təsərrüfatı siyahıyaalınmasını və 1923-cü ildə şəhərlərdə və şəhərtipli yaşayış məntəqələrində keçirilmiş əhalinin siyahıyaalınmasını qeyd etmək olar. Bu siyahıyaalınmaların keçirilməsi və onların işlənməsi üzrə mürəkkəb proqramlar o dövrdə belə işlərin keçirilməsində hələ təcrübənin olmaması və hazırlıqlı statistika kadrlarının çatışmaması şəraitində Mərkəzi Statistika İdarəsinin aparatının işçilərindən böyük təşkilatçılıq bacarığı tələb edirdi. Bu dövrdə yerli əhəmiyyətli digər böyük işlər də həyata keçirilmişdir.
1925-ci ilin əvvəllərində “Zaqpambıqsənaye”nin təşəbbüsü və Zaqafqaziya MSİ-nin qərarı ilə Azərbaycan SSR-in statistika orqanları tərəfindən geniş proqram əsasında Azərbaycanda pambıqçılıq təsərrüfatlarının seçmə müayinəsi keçirilmişdir. Onu qeyd etmək kifayətdir ki, müayinədə istifadə edilən formalar 232 sütundan ibarət olmuşdur. Bu müayinənin keçirilməsi və onun materiallarının işlənməsi Mərkəzi Statistika İdarəsinin aparatı tərəfindən böyük əzmkarlıq tələb edirdi. Lakin bütün çətinliklərə baxmayaraq, qarşıya qoyulmuş vəzifələr vaxtında yerinə yetirilmiş və müayinənin yekunları müəyyənləşdirilmiş vaxtda təqdim edilmişdir. Müayinənin yekunları üzrə 1927-ci ildə “Azərbaycan SSR pambıqçılıq təsərrüfatları, 1925-ci il seçmə müayinələrdə” məcmuəsi nəşr edilmişdir.
Yaradılmasına hələ 1921-ci ildən başlanmış kənd təsərrüfatı statistikası 1926-cı ilədək daha da təkmilləşdirilmişdi. Kənd təsərrüfatı sahəsində cari statistikanın materialları üzrə ilk iş 1925-1926-cı kənd təsərrüfatı ilində icmal materialların hazırlanması olmuşdur. Bu materiallar könüllü sayıcıların tərtib etdikləri anketlər əsasında yerli statistika orqanları tərəfindən regionlar üzrə verilmiş məlumatlar əsasında hazırlanmışdır.
O dövrdə həyata keçirilən statistik işlər arasında əhəmiyyətli yerlərdən birini 17 dekabr 1926-cı il vəziyyətinə əhalinin Ümumittifaq siyahıyaalınmasına hazırlıq və onun həyata keçirilməsi tutur. O vaxt bu tədbirin həyata keçirilməsi üçün çox böyük və mürəkkəb işlər aparılmışdı. Azərbaycan tarixində ilk dəfə ölkə əhalisinin sayı, milli, cins və yaş tərkibi müəyyənləşdirilmişdi. Onun materiallarından inkişaf planlarının hazırlanmasında geniş istifadə edilmişdi.
Həyata keçirilmiş iri statistik işlərdən 1927-ci ildə geniş proqram əsasında aparılmış kəndli ev təsərrüfatlarının müayinəsini, 1929-cu ildə kiçik sənaye müəssisələrinin siyahıyaalınmasını göstərmək olar. Bu dövrdə kənd təsərrüfatı, ticarət və qiymət, əhalinin mədəniyyəti və sağlamlığı statistikası üzrə aparılan işlərin də həcmi çoxalmışdı.
20-ci illərin əvvəllərində respublikanın idarəetmə, elm və digər dövlət orqanları cəmiyyətin gələcək inkişafını müəyyənləşdirmək üçün müntəzəm olaraq statistik materiallara ehtiyac duyurdular və buna görə də yarandığı ilk günlərdən Mərkəzi Statistika İdarəsi keçirilmiş birdəfəlik işlərin yekunlarının, həmçinin respublikanın iqtisadi və mədəni inkişafını və dövlət planlarının yerinə yetirilməsinin gedişini əks etdirən məlumatların nəşrinə başlamışdı. Bu növ nəşrlərdən “1921-ci ildə Ümumazərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının yekunları”, “Azərbaycan əhalisinin savadlılığı”, “Hər bir qəza üzrə Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının yekunları” və s. göstərmək olar. Şəhərlərdə və şəhər tipli qəsəbələrdə siyahıyaalmanın yekunları üzrə “1923-cü il siyahıyaalınmasının ilkin yekunları üzrə şəhər əhalisi”, “Azərbaycanın şəhər və şəhər tipli qəsəbələrinin ticarət müəssisələri” və s. nəşrlər buraxılmışdı.
Digər birdəfəlik uçotaalmaların yekunları üzrə də statistik kitabçalar nəşr edilmişdi: “1922-ci il siyahıyaalınması üzrə Azərbaycan SSR təhsil təşkilatlarının siyahısı”, “1922-1923-cü illərdə xalq təhsili”, “Azərbaycanın kənd əhalisinin qidalanması” (1924-cü il oktyabrın 20-26-da keçirilmiş müayinələrin materialları əsasında), “1924-1925-ci illərdə kəndli təsərrüfatlarının büdcələri”, cari materialların məlumatları üzrə “Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin xəbərləri” və “Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin bülleteni”, 1926-cı ilin yekununa görə “Azərbaycan üzrə statistik sorğu” və digər materiallar nəşr edilmişdi.
Statistika orqanlarının plan orqanları ilə əlaqəsini gücləndirmək məqsədilə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan SSR-nin Xalq Komissarları Şurasının 5 may 1930-cu il tarixli qərarı ilə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin funksiyaları Azərbaycan SSR Dövlət Plan Komissiyasına verilir və onun tərkibində xüsusi iqtisadi statistika bölməsi yaradılır. Həmin bölmənin strukturu sədrdən, sənaye statistikası, kənd təsərrüfatı statistikası, sosial statistika, əmək və məişət statistikası, balans statistikası və əsaslı tikinti statistikası qruplarından ibarət olmuşdur. Bu birləşmənin bir sıra müsbət amilləri ilə yanaşı, mənfi tərəfləri də olmuşdur. Belə ki, birləşmə nəticəsində müayinələrin keçirilməsinə və statistikanın metodoloji məsələlərinə diqqət zəifləmiş, statistika orqanlarının mərkəzləşdirilməsi pozulmuş və statistikanın əsas vəzifəsi yalnız planlaşdırmaya xidmətdən ibarət olmuşdu.
Bu bölmə 1932-ci ildə SSRİ hökumətinin qərarı ilə Azərbaycan Xalq Təsərrüfatı Uçotu İdarəsinə çevrilərək Dövlət Plan Komissiyasının tərkibində qalmaqla, Zaqafqaziya Xalq Təsərrüfatının Uçotu İdarəsinə tabe edilir. Elə həmin ildə xalq təsərrüfatı uçotunun rayon və şəhər müfəttişlikləri şəbəkəsi yaradılır. 1934-cü ilin payızında isə dövlət statistikasının aşağı bölmələrinin işini yaxşılaşdırmaq məqsədilə sahə müfəttişlikləri vəzifəsi (hər rayonda bir neçə nəfərdən ibarət) yaradılmışdır.
Statistik işlərdən ən mürəkkəb və ağırı hesab olunan mövcud əhalinin 1939-cu il 17 yanvar vəziyyətinə siyahıyaalınması keçirilmişdir. Əhali tərəfindən hərtərəfli dəstək və milli kadrların inkişafı bu işin Azərbaycanda müvəffəqiyyətlə keçirilməsində əsas amillərdən biri olmuşdur.
1932-ci ildə ilk dəfə olaraq sənaye müəssisələrinin, sovxozların, MTS-in, 1934-cü ildə isə kolxozlar üzrə illik hesabat məlumatlarının yığılıb işlənməsinə başlanmışdır. 1935-ci ildə “Azərbaycan SSR-də sosialist təsərrüfatı statistik külliyyatı”, 1940-cı ildə isə “Azərbaycan Sovet Sosialist Respublikası 20 ildə” statistik külliyyatı dərc edilmişdir.
1940-cı ildən 1943-cü ilədək Azərbaycan Statistika İdarəsi SSRİ Mərkəzi Statistika İdarəsinə tabe edilir. 1941-ci ildə Azərbaycan Xalq Təsərrüfatı Uçotu İdarəsinin bazasında Azərbaycan Statistika İdarəsi yaradıldı. Böyük Vətən Müharibəsi statistika işləri proqramına, müşahidə metodlarına və statistik materialların işlənməsinə xeyli dəyişikliklər etdi. Bununla yanaşı, işlərin icrasının təcililiyinə tələbat artmışdı. Əsas məhsul növlərinin istehsalı haqqında gündəlik və ongünlük hesabatlara xüsusi diqqət yetirilirdi. Böyük Vətən Müharibəsi dövründə ölkə Statistika İdarəsinin fəaliyyəti hərbi dövr şəraitində təxirəsalınmaz vəzifələrin həlli üçün operativliyin yüksəldilməsinə, statistik məlumatların yığılması və işlənməsi vaxtının ixtisara salınmasına, istehsal avadanlıqlarının və materiallarının qısa proqramlar üzrə təcili siyahıyaalmalarının keçirilməsinə, Azərbaycanda mövcud olan bütün ehtiyatların tapılması və səfərbər olunmasının təmin edilməsinə yönəldilmişdir. Bu dövrdə xammal və material ehtiyatlarının, nəqliyyat parklarının, yüklərin, yanacağın mövcudluğunun təcili siyahıyaalınması, əhalinin sayı və tərkibinin, o cümlədən: köçürülmüş əhali, talon sistemi ilə təchiz edilmə, əhalinin sayı haqqında aylıq hesablamalar, əmək ehtiyatlarının müayinəsi və hesablanması, hərbi-strateji əlaqədə əsas xalq təsərrüfatı müəssisələri və sahələrinin işi haqqında operativ statistikanın təşkili birinci dərəcəli iş olmuşdur. Məhsuldarlığın, heyvandarlığın vəziyyətinin (bu dövrdə mal-qaranın uçota alınması sadələşdirilmiş proqramlarla həyata keçirilirdi), kənd təsərrüfatı məhsullarının tədarükünün, istehsal güclərinin istifadəyə verilməsinin uçotuna yüksək diqqət yetirilirdi. Bir çox Azərbaycan statistikləri sakit əməyi buraxaraq, əldə silah öz vətənlərini qorumağa gedirdilər. Böyük Vətən Müharibəsinin yalnız birinci ilində 20 iyun 1941-ci ildən 13 dekabr 1941-ci ilədək Azərbaycan SSR dövlət statistika orqanlarından 164 nəfər, o cümlədən Statistika İdarəsinin aparatından 19 nəfər cəbhəyə getmişdi. Bundan əlavə, könüllü olaraq 53 nəfər Bakı şəhərinin müdafiəsi üzrə könüllü qoşun sıralarına yazılmışdı ki, bu da statistika orqanlarının daha əzmlə işləməsinə səbəb olmuşdur.
Müharibədən sonrakı ilk illərdə Azərbaycanda statistika müharibə dövrünə xas olan xüsusiyyətlərini saxlamışdı. Müharibə qurtardıqdan sonra 1947-ci ilədək avadanlıq və materialların bir çox təcili siyahıyaalmaları, fəhlə və qulluqçuların cinsi, yaşı, peşəsi, əmək haqqı üzrə bir sıra birdəfəlik uçotaalmalar həyata keçirilmişdir. Mal-qaranın illik siyahıyaalmaları bərpa edilmiş, çoxillik əkinlərin siyahıyaalmaları keçirilmişdir.
1943-cü ilin dekabrından 1948-ci ilin avqustuna qədər statistika idarəsi Xalq Komissarları Şurası yanında SSRİ Dövlət Plan Komissiyasının, sonra isə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Plan Komissiyasının tabeliyində olmuşdur.
1948-ci ilin avqustunda respublika Mərkəzi Statistika İdarəsi Dövlət Plan Komissiyasından ayrılaraq, SSRİ Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinə tabe olur. Bu, statistika orqanlarının işinin yaxşılaşdırılması üçün böyük əhəmiyyət kəsb edirdi. Belə ki, bu dövrə qədər mövcud olan əsasnamə xalq təsərrüfatında dövlət idarəçiliyinin və planlı rəhbərliyin tələblərinə cavab vermirdi.
1930-cu ildən 1948-ci ilədək yerinə yetirilmiş bir sıra iri statistik işlər - əhalinin ümumittifaq siyahıyaalınmasını, sənayedə avadanlıqların siyahıyaalınmasını, mal-qaranın və ümumticarət siyahıyaalmaları - hökumət tərəfindən yüksək qiymət almışdır.
1950-ci illərin əvvəllərində xalq təsərrüfatının bərpası və inkişafı illəri olmuş və statistikanın rolu daha da artmışdı. Rayon və şəhərlərin dinamika sıralarının və iqtisadi göstəricilər pasportlarının aparılmasına başlanmışdı. Bu dövrdə statistika işlərinin yeni növləri: əmək ehtiyatları balansı, əhalinin gəlirləri və xərcləri balansı, kənd təsərrüfatı məhsullarının hesablanması və s. meydana gəlmişdir.
50-ci ilin ortalarında statistikanın təkmilləşdirilməsi sahəsində əsaslı məsələlər həll edilir. Sov.İKP MK-nın 1953-cü il sentyabr plenumunun qərarına uyğun olaraq, statistika orqanları öhdəlik götürürlər ki, 1955-ci ildən başlayaraq çox böyük əhəmiyyət kəsb edən - kənd təsərrüfatı məhsullarının yığılmasının uçotunu, həmçinin əkin sahələrinin və əkin növlərinin uçotunu müntəzəm həyata keçirsinlər. Əvvəllər SSRİ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məhsuldarlığın müəyyənləşdirilməsi üzrə həyata keçirilən işin əvəzinə statistika orqanlarında yuxarıda qeyd olunan işin təşkili ölkədə məhsul yığımı haqqında daha düzgün məlumatların əldə edilməsinə imkan yaratdı.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1959-cu il 24 mart tarixli qərarı ilə statistika idarəsi Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinə çevrilir. Azərbaycan SSR Nazirlər Sovetinin 24 mart 1960-cı il tarixli qərarı ilə isə "Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsi haqqında və Azərbaycan SSR Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, DQMV, şəhər və rayon dövlət statistika orqanları haqqında əsasnamə” təsdiq edilir. Əsasnamədə göstərilmişdi ki, Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi İttifaq - respublika tabeli orqan hesab edilir, respublika ərazisində uçot və statistika işlərinə rəhbərliyi həyata keçirir və ikili tabeçiliyə: həm Azərbaycan SSR Nazirlər Sovetinə, həm də SSRİ Mərkəzi Statistika İdarəsinə tabe olur. Bu əsasnamə 1973-cü ilə qədər qüvvədə olmuşdur.
Ölkənin statistika orqanlarının həyatında sonrakı əsas hadisələrdən biri Nazirlər Soveti yanında MSİ-nin Azərbaycan SSR MSİ-nə çevrilərək respublika nazirliklərinin və dövlət komitələrinin sırasına daxil edilməsi və MSİ-nin rəisinin respublika hökumətinin tərkibinə daxil edilməsi olmuşdur. 1973-cü ilin noyabrında Mərkəzi Statistika İdarəsi haqqında və Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, DQMV şəhər və rayon statistika orqanları haqqında əsasnamə yenidən təsdiq edilmişdir.
Azərbaycan SSR MSİ haqqında yeni əsasnamə, habelə respublika hökumətinin sonrakı qərarları dövlət statistika orqanları qarşısında xalq təsərrüfatının bütün sahələrində uçot və hesabatın təşkili, hesabat məlumatlarının düzgünlüyünün təmin edilməsi, hesabatların daha geniş mexanikləşdirilməsi və mərkəzləşdirilməsi əsasında onun təqdim olunma vaxtının ixtisara salınması üzrə daha ciddi vəzifələr qoymuşdu. Bununla yanaşı, hesabat məlumatlarının iqtisadi təhlilinin daha da gücləndirilməsinə, respublika və xalq təsərrüfatı sahələri üzrə dövlət planlarının yerinə yetirilməsi haqqında geniş məruzələrin respublika rəhbəredici orqanlarına təqdim edilməsinə tələbat yüksəlmişdi. Bu, MSİ aparatının köklü surətdə yenidən qurulmasına, yeni sərbəst şöbələrin yaradılmasına imkan vermişdir.
Bu illərdə MSİ-nin və onun yerli statistika orqanlarının işinin səviyyəsi ölçülməz dərəcədə yüksəlmişdi. Statistika orqanları tərəfindən hazırlanan materiallar: statistik məlumatlar, cədvəllər və bülletenlər, külliyyatlar, təhlili yazılar və məruzələr mütəmadi olaraq rəhbəredici orqanlar tərəfindən istifadə olunurdu. Hesabat intizamının möhkəmləndirilməsi, ilkin uçotun qaydaya salınması və keyfiyyətinin yüksəldilməsi üzrə böyük işlər həyata keçirilir, hesabat məlumatlarının artıq yazılması və digər təhrifetmələrə qarşı mübarizə aparılırdı. MSİ-nin və onun yerli statistika orqanlarının nüfuzu yüksəlir və artırdı.
Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin bütün dövrlərdəki işi statistika orqanları qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdir. Bu, hər şeydən əvvəl, dövlət planlarının yerinə yetirilməsindən, respublikada xalq təsərrüfatının və mədəniyyətin inkişafına dair elmi cəhətdən əsaslandırılmış statistik məlumatların vaxtında yığılması, işlənməsi və vaxtında ölkənin rəhbər orqanlarına və SSRİ MSİ-nə təqdim edilməsindən ibarət olmuşdur. Respublika Mərkəzi Statistika İdarəsi nazirlik və baş idarələrdə və onların yerli orqanlarında uçotun qurulmasının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirir, daxili hesabatları yoxlayır, hesabatların vaxtında təqdim edilməsi və düzgünlüyünün təmin edilməsi üzrə işini gücləndirirdi ki, bu da son nəticədə hesabat intizamının möhkəmləndirilməsinə müsbət təsir göstərirdi.
XX əsrin 50-ci illərindən xalq təsərrüfatının inkişafı ilə əlaqədar olaraq respublikanın statistika orqanları daha irimiqyaslı və mürəkkəb statistik işlərin yerinə yetirilməsini həyata keçirməyə başladılar. Belə işlərə 1959 və 1970-ci illərdə əhalinin Ümumittifaq siyahıyaalınmalarını, 1960-cı il yanvarın 1-i vəziyyətinə əsas fondların siyahıyaalınmasını və yenidən qiymətləndirilməsini göstərmək olar. 1972-ci il yanvarın 1-i vəziyyətinə təsərrüfat hesablı müəssisə və təşkilatlarda, 1973-cü il yanvarın 1-i vəziyyətinə isə ölkənin tarixində ilk dəfə olaraq büdcə təşkilatlarında xalq təsərrüfatı əhəmiyyətinə malik olan əsas fondların siyahıya alınması və yenidən qiymətləndirilməsi kimi böyük işlər həyata keçirilmişdir.
Respublikada sahələrarası balans ilk dəfə 1966-cı ildə, sonra isə 1972 və 1977-ci illərdə tərtib edilmişdir.
Dövlət statistika orqanlarının əsas diqqəti sosialist geniş təkrar istehsal prosesinin öyrənilməsinə yönəldilmiş və bu zaman balans işlərinə daha çox yer verilmişdir. 1955-1956-cı illərdə respublikada ictimai məhsulun, milli gəlirin, əhalinin pul gəlirlərinin və xərclərinin, 1965-ci ildən isə işçilərin, qulluqçuların və kolxozçuların sosial qrupları üzrə əhalinin real gəlirlərinin hesablanması üzrə işlərin yerinə yetirilməsinə başlanmışdır.
Sonrakı dövrlərdə respublika Mərkəzi Statistika İdarəsi hesabat məlumatlarının sistemləşdirilməsinə və onların nəşr edilməsinə xüsusi diqqət yetirmişdir. Çox böyük fasilədən sonra 1957-ci ildə “Azərbaycan SSR Xalq Təsərrüfatı statistik külliyyatı”, Sovet Azərbaycanının 40 illiyi ilə əlaqədar 1960-cı ildə “Sovet Azərbaycanının 40 ildə nailiyyətləri” adlı külliyyat və 1961-ci ildə “Azərbaycan SSR Xalq Təsərrüfatının inkişafı və xalqın maddi və mənəvi həyat səviyyəsinin artımı” külliyyatları nəşr edilmişdir. 1962-ci ildən başlayaraq 1991-ci ilə qədər müntəzəm olaraq illik “Azərbaycan SSR Xalq Təsərrüfatı” və “Azərbaycan rəqəmlərdə” adlı statistik külliyyatları nəşr edilmişdir. Nəşr edilən statistik külliyyatların məlumatları respublikanın iqtisadi və mədəni nailiyyətlərini və inkişafını əks etdirir, planlaşdırma və təsərrüfat orqanlarının, elm idarələrinin, təşviqatçıların böyük marağına səbəb olur və onlar tərəfindən geniş istifadə edilirdi.
Statistikanın bütün sahələri üzrə vaxtaşırı olaraq sahə külliyyatları və xalq təsərrüfatı sahələrinin inkişafını tam əks etdirmək üçün keçirilmiş birdəfəlik uçotaalmaların və müayinələrin nəticələri üzrə materiallar buraxılırdı. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 50 illiyi ilə əlaqədar olaraq “Azərbaycanın sənayesi 50 ildə”, “Azərbaycanda əmək”, 1970-ci ildə “Azərbaycanda kənd təsərrüfatı”, “Azərbaycanda mənzil-kommunal təsərrüfatı” və s. külliyyatlar nəşr edilmişdir.
1960-cı ildən 1980-ci ilədək Mərkəzi Statistika İdarəsi tərəfindən 17 dəfə “Azərbaycanın xalq təsərrüfatı” illik statistik külliyyatı, 15 dəfə “Azərbaycan rəqəmlərdə” qısa külliyyatı və sahələr üzrə 77 külliyyat nəşr edilmişdir.
Ölkənin 60 illik yubileyi ilə əlaqədar olaraq “Azərbaycan SSR Xalq Təsərrüfatı Böyük Oktyabrın 60 illiyində” adlı statistik yubiley külliyyatı buraxılmışdır. 60-cı illərdən sonra statistika orqanları tərəfindən ölkənin əsas iqtisadi inkişaf xəttinin həyata keçirilməsi ilə əlaqədar ictimai istehsalın hərtərəfli intensivləşdirilməsinin və onun səmərəliliyinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmiş material, maliyyə və əmək ehtiyatlarının öyrənilməsi istiqamətində böyük işlər aparılmışdır.
Mərkəzi Statistika İdarəsi tərəfindən bütün dövrlərdə statistik məlumatların iqtisadi təhlilinin təkmilləşdirilməsi və dərinləşdirilməsi üzrə məqsədyönlü işlər aparılmışdır. Əsas fondlardan istifadənin səmərəliliyi, layihə güclərinin mənimsənilməsi və istifadə edilməsi, texniki tərəqqi, heyvandarlıqda işlərin mexanikləşdirilməsi, sənaye məhsullarının yeniləşdirilməsi, iş vaxtından istifadə edilməsi və s. məsələlər üzrə maraqlı materiallar hazırlanmışdır.
Dövlət planları və tapşırıqlarının yerinə yetirilməsi üçün respublikanın xalq təsərrüfatında mövcud olan ehtiyatların aşkara çıxarılmasına böyük diqqət yetirilmişdir.
Bütün dövrlərdə Mərkəzi Statistika İdarəsinin iqtisadi işi respublikanın rəhbər orqanları tərəfindən müsbət qiymətləndirilmişdir. Mərkəzi Statistika İdarəsinin bir çox materialları Nazirlər Sovetinin Rəyasət Heyətində müzakirə edilmiş, əlaqədar nazirliklərə və baş idarələrə xüsusi göstərişlər verilmişdir.
Statistik hesabatların işlənmə vaxtının ixtisara salınması, hesabat intizamının möhkəmləndirilməsi və hesabat məlumatlarının düzgünlüyünün təmin edilməsi üzrə müntəzəm olaraq məqsədyönlü işlər aparılmışdır. Belə tədbirlərin həyata keçirilməsi yekun statistik məlumatların keyfiyyətinin yüksəldilməsinə, onların məlumat istehlakçılarına çatdırılması vaxtının ixtisara salınmasına imkan yaradırdı.
Mərkəzi Statistika İdarəsi tərəfindən hər ay 60 adda bülleten və 50 min nüsxədən yuxarı yekun materiallar buraxılırdı.
1970-80-ci illərdə SSRİ-nin digər respublikalarında olduğu kimi, Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin mütəxəssisləri də SSRİ MSİ tərəfindən xarici ölkələrdə statistikanın yaradılması və təşkilinə cəlb olunmuşlar. Bu dövrdə Azərbaycan SSR Statistika İdarəsinin mütəxəssisləri S.Hacıyev və F.Abidov xarici ölkələrdən Mali, Konqo və Kubada statistikanın yaradılmasında fəal iştirak etmişlər.
60-90-cı illərdə dövlət statistikasının təkmilləşdirilməsi müasir hesablama texnikasının bazasında uçot-statistika məlumatlarının toplanması və işlənməsinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasının daha da inkişafı şəraitində baş vermişdir. 1957-ci ildə Azərbaycan SSR MSİ-nin Maşın Hesablama Stansiyası yaradılmış və o sonradan müasir hesablama texnikası ilə təmin edilərək tərkibində 26 şöbə (büro) fəaliyyət göstərən Respublika Baş Hesablama Mərkəzinə çevrilmişdir. 1956-1958-ci illərdə respublika statistika orqanları xalq təsərrüfatında, ilk növbədə isə kənd təsərrüfatında uçotun mexanikləşdirilməsi ilə ciddi məşğul olmuşdur.
Bu zaman statistika orqanları üçün əsas hadisə hesabatların statistika orqanlarında mərkəzləşdirilməsi olmuşdur. 1956-cı ildə kənd təsərrüfatı məhsullarının tədarükü üzrə hesabatlar bütün səviyyələrdə statistika orqanlarında mərkəzləşdirilmişdir. Bir qədər sonra, 1957-ci ildə respublika Xalq Təsərrüfatı Şurasına tabe olan sənaye və tikinti müəssisələrinin, 1958-ci ildə isə kənd təsərrüfatı müəssisələrinin bütün hesabatları statistika orqanlarında mərkəzləşdirilmişdir.
Statistik hesabatların mərkəzləşdirilməsi sonrakı illərdə də davam etdirilmişdir. Xalq Təsərrüfatı Şurası ləğv edildikdən sonra maddi-texniki təchizat, ticarət, əmək, əmək haqqı və başqa istiqamətlər üzrə hesabatlar da statistika orqanlarında mərkəzləşdirilmişdir. Mərkəzləşdirmə ilə əlaqədar olaraq bu illərdə maşın hesablama stansiyasında ildən-ilə statistik məlumatların hazırlanması və buraxılması şöbələrinin sayı artmışdır.
Maşın hesablama stansiyası əvvəllər Xalq Təsərrüfatı Şurasının tabeçiliyində olmaqla, hər bir sənaye müəssisəsindən və tikinti təşkilatlarından hesabatları yığır, yekunlaşdırır və müvafiq ünvanlara göndərirdi. Bundan əlavə, respublika statistika idarəsi statistika orqanlarında mərkəzləşdirilməmiş hesabatları nazirlik və baş idarələrdən toplayaraq ölkə üzrə bu sahələrə dair yekun göstəriciləri hazırlayıb respublika rəhbər orqanlarına və SSRİ MSİ-nə təqdim edirdi. Hesabatların mexaniki üsulla işlənməsi şöbəsində Statistika İdarəsinin şöbələrinin sifarişi əsasında həm mərkəzləşdirilmiş hesabatlar, həm də digər statistik hesabatlar işlənirdi.
Qeyd etmək lazımdır ki, ölkədə statistika orqanlarının strukturu həmişə inzibati-ərazi bölgüsünə uyğun qurulurdu. Respublika statistika idarəsi və onun yerli statistika orqanları tərəfindən həmişə dinamika sıralarının aparılmasına, statistik göstəricilərin yenidən hesablanmasına, bu və ya digər dövrdə mövcud ərazi bölgüsünə uyğun olaraq statistik göstəricilərin alınmasının təmin edilməsinə böyük diqqət yetirilirdi.
Sənaye, kənd təsərrüfatı, əsaslı tikinti, nəqliyyat, maddi-texniki təchizat və digər statistika sahələri üzrə mərkəzləşdirilmiş statistika hesabatları olduğundan Respublika Hesablama Mərkəzi statistik məlumatların mərkəzləşdirilmiş qaydada yığılması və işlənməsi funksiyasını həyata keçirirdi və hal-hazırda da həyata keçirir. Hazırda fərq ondan ibarətdir ki, BHM bütün sahələr üzrə rəsmi statistika hesabatlarını ayrı-ayrı müəssisə, idarə və təşkilatlardan deyil, yalnız yerli statistika orqanlarından alır.
Respublika Baş Hesablama Mərkəzi statistik məlumatların fərdi kompüterlərdə işlənməsinə keçid sahəsində də böyük işlər həyata keçirmişdir. 2010-cu il yanvarın 1-i vəziyyətinə işlənməsi statistika orqanlarında mərkəzləşdirilmiş 200 rəsmi statistika hesabatının hamısı kompüterlərdə işlənir.
Mexanikləşdirmə ilə əlaqədar olaraq 1958-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, DQMV və Bakı şəhəri statistika idarələrində, 1963-cü ildən isə respublika tabeli rayonlarda (şəhərlərdə) maşın-hesablama stansiyalarının (R(Ş) MHS) yaradılmasına başlanılmışdır. Maşın hesablama stansiyalarının yaradılması prosesi 1970-ci ildə başa çatdırılmışdır. Yaradılmış R(Ş)MHS təsərrüfathesabı və müqavilələr əsasında işləyir, kolxozların, sovxozların, “Kəndtexnika” bölmələrinin, istehlak kooperativi təşkilatlarının, avtonəqliyyat müəssisələrinin, sənaye müəssisələrinin, tikinti təşkilatlarının və digərlərinin uçot-hesabat sənədlərinin mexaniki üsulla işlənməsini həyata keçirirdilər.
Müntəzəm olaraq yerlərdə də hesablama şəbəkəsi inkişaf etdirilirdi. Rayon və şəhərlərdə vahid statistika orqanının - məlumat-hesablama mərkəzlərinin (stansiyalarının) yaradılması aşağı statistika orqanlarının işinin təkmilləşdirilməsində böyük əhəmiyyət kəsb etmişdir. 1971-ci ildən etibarən rayon (şəhər) statistika müfəttişliklərinin maşın hesablama stansiyaları ilə birləşdirilməsinə, vahid dövlət statistika orqanının - rayon (şəhər) məlumat hesablama stansiyalarının (mərkəzlərinin) yaradılmasına başlanmış və bu iş 1975-ci ilin sonlarında tam başa çatdırılmışdır. Aşağı statistika orqanlarında bu tədbirin həyata keçirilməsi onların işinin səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmiş, onların təsərrüfat hesabını möhkəmləndirmiş, kadrların əməyinin stimullaşdırılmasına şərait yaratmışdır. Əmək haqqının mükafatlandırılma sistemi statistik materialların hazırlanması və buraxılması ilə məşğul olan işçilərin də əmək haqqının yüksəldilməsinə imkan vermişdir.
Bu dövrlərdə respublikada uçot və hesabatın mexanikləşdirilməsi işinin təşkili ilə 1960-cı ildə fəaliyyətə başlamış Baş hesablama işləri idarəsi məşğul olurdu. Maşın Hesablama Stansiyasının bazasında hesablama mərkəzinin yaradılması əsas statistik işlərin Elektron Hesablama Maşınlarında (EHM) işlənməsinin təşkilinə imkan yaratmışdır. Dövlət statistika sistemində avtomatlaşdırmanın növbəti mərhələsinin layihələşdirilməsinə və yaradılmasına başlanmışdır. Müntəzəm olaraq hesablama texnikası yeniləşdirilirdi. Qeyd etmək kifayətdir ki, 1980-ci ildə MSİ-nin hesablama sistemi öz tərkibində 74 hesablama təşkilatını, o cümlədən bir respublika hesablama mərkəzini, 9 rayon və şəhər məlumat-hesablama mərkəzini və 64 məlumat-hesablama stansiyasını birləşdirirdi. Onların maşın parkında 3,5 min vahiddən çox texnika mövcud idi ki, bunların arasında EHM-ES 1022, «Minsk» seriyalı üç maşın, perforasiya-hesablama kompleksi M-5000, 5010, elektron hesablama avtomatları “Sellatron”-S-8205, 8205 M, hesablama-perforasiya maşınları, “Askota” mühasibat maşınları, EFA və FME faktura maşınları və başqaları olmuşdur.
Respublika MSİ-nin hesablama sistemi statistik işlərin mexaniki işlənməsindən əlavə, xalq təsərrüfatında mexanikləşdirilmiş uçotun tətbiqi üzrə də böyük işlər görmüşdür. Respublika səviyyəsində statistik hesabatların sistemli işlənməsinə xüsusi diqqət yetirilmişdir.
Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən maddi-texniki təchizat statistikası sahəsində tərtib olunmuş proqram vasitələri Sovet İttifaqının bütün ərazisində tətbiq olunmuşdur.
Əldə edilən nailiyyətlərə görə Baş Hesablama Mərkəzi müttəfiq respublikaların BHM-ləri arasında 8 dəfə, həmçinin respublika daxilində müxtəlif nazirlik və komitələrin BHM-ləri arasında 9 dəfə “Keçici Qırmızı Bayraq”la təltif edilmişdir.
Müstəqillik əldə etdiyimiz 1991-ci ildən başlayaraq, Dövlət Statistika Komitəsində struktur dəyişiklikləri həyata keçirilmiş, rayon (şəhər) məlumat hesablama mərkəzləri ləğv edilmiş, bu mərkəzlərin bazasında rayon (şəhər) statistika idarələri (şöbələri) yaradılmışdır. Məlumatların işlənməsinin və texniki avadanlığın istismarının təşkili ilə məşğul olan mütəxəssislər digər sahələrə keçmişlər. Məlumatların işlənməsi texnologiyasında və kompüter texnikasının inkişafında inqilabi dəyişikliklər baş vermişdir. Artıq EHM-lər öz əhəmiyyətlərini itirməyə başlamış və onların yerini daha çox iş görmək imkanı ilə yanaşı, çox az yer tutan stolüstü kompüterlər əvəz etməyə başlamışdı. Bu prosesi sürətlə başa çatdırmaq, yeni proqramlaşdırma dillərini öyrənmək və yeni sistemlərin tətbiqinin vacibliyini nəzərə alaraq, ilk dəfə 1991-ci ildə Dövlət Statistika Komitəsinin mərkəzi Aparatında 36 işçi stansiyanı özündə birləşdirən məlumat şəbəkəsi yaradıldı. Yeni texniki vasitələrin və texnologiyanın tətbiqi ilə yanaşı, statistik hesabatların fərdi kompüterlərdə işlənməsinin təmin edilməsi məqsədi ilə, yeni proqramlaşdırma dillərinin (FoxPro, Paskal, Delfi, PHP, Java), sistemlərinin (Windos, Novell, Linux və c) və məlumat bazalarının aparılması (Domino, Oracle və s) işlərinin proqramçılar tərəfindən mənimsənilməsinə nail olundu. Beləliklə, mərhələlərlə bütün statistik hesabatların işlənməsinin yenidən proqramlaşdırılmasına nail olundu. Bütün bu işlər 2000-ci ilə qədər artıq başa çatdırılmışdı. 2000-ci ildən başlayaraq, Dövlət Statistika Komitəsinin inzibati binasında yeni lokal məlumat şəbəkəsinin qurulmasına başlanmış və bu iş müvəffəqiyyətlə həyata keçirilmişdir. Hazırda məlumat şəbəkəsi bütün iş yerlərini əhatə edir. İstifadəçilərin hamısı üçün intranet-internet xidmətləri yaradılmışdır və tam həcmdə həyata keçirilir. Dövlət Statistika Komitəsinin serverlər mərkəzi yaradılmış və korporativ məlumat şəbəkəsi qurulmuşdur. Bütün struktur vahidləri ilə məlumat mübadiləsinə imkan verən internet əlaqələri yaradılmışdır. İnternet əlaqələrindən istifadə nəticəsində dövlət idarəetmə orqanları ilə və nazirliklərlə (Vergilər, Səhiyyə, Ədliyyə və digər) çevik məlumat mübadiləsinin təşkil edilməsinə nail olunmuşdur. “Vahid pəncərə” qaydası əsasında sahibkarlıq subyektlərinin qeydiyyatını həyata keçirən Vergilər Nazirliyi ilə daimi qarşılıqlı məlumat mübadiləsi aparılır.
1998-ci ildən “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sistemində məlumat texnologiyalarının inkişafı konsepsiyası” hazırlanmışdır (2005-ci ildə yenidən işlənmişdir). Bu konsepsiyanın həyata keçirilməsi nəticəsində Dövlət Statistika Komitəsinin korporativ (paylanmış) şəbəkə sisteminin qurulması artıq başa çatdırılmaq üzrədir. Belə ki, 80% iş yerlərinin kompüterlərlə təmin edilməsinə nail olunmuşdur.
Statistik hesabatların işlənməsi üçün müasir texnoloji və texniki tələblərə cavab verən proqram təminatları hazırlanmış və mütəxəssislərin istifadəsinə verilmişdir. İlkin məlumatların rayon (şəhər) statistika idarələrinin mütəxəssisləri tərəfindən işlənilə bilməsinə nail olmaq üçün regionlarda ardıcıl olaraq tədris kursları təşkil edilmiş və beləliklə, qarşıya qoyulmuş məqsədə nail olunmuşdur. Artıq hesabatların müəssisələr tərəfindən elektron formada təqdim edilməsinə imkan verən texnologiyanın tətbiqinə başlanmışdır.
Şəbəkədə məlumatların işlənməsi üçün istifadəçi-server imkanları yaradan proqram vasitələrinin istismarına başlanmış və məlumat bazasının aparılması üçün müvafiq proqram vasitələri hazırlanaraq istifadəyə verilmişdir. Əhalinin siyahıyaalma məlumatlarının işlənməsi Baş Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmış və yeni texnoloji imkanların tətbiqini nəzərdə tutan proqram vasitələri ilə həyata keçirilir.
Yeni məlumat bazaları texnologiyalarının tətbiqi üsullarından istifadə etməklə, statistikanın bütün sahələrini əhatə edən makro göstəricilər bazası yaradılmış və interaktiv rejimdə informasiyanın daxil edilməsi, təqdim olunması həyata keçirilmişdir. Beləliklə, dövriliyi təmin olunmaqla, 2 milyona yaxın göstəricinin interaktiv rejimdə işlənməsi təmin olunmuşdur.
Dövlət Statistika Komitəsinin müasir tələblərə cavab verən və məlumat tutumu yüksək olan Veb səhifəsi yaradılmışdır. Bu səhifənin hazırlanmasında yeni texnoloji imkanlardan istifadə edilmiş, məlumat bazasına giriş, axtarış sisteminin tətbiqi, kitabxanadan istifadə üçün geniş imkanlar yaradılmışdır. Statistikanın bütün sahələrini əhatə edən hesabat formalarının hesabat blankları, hesabatların tərtib olunmasına dair təlimatlar və hesabatların elektron formada təqdim edilə bilməsi üçün proqram vasitələri səhifədə yerləşdirilərək istifadəçilərin ixtiyarına verilmişdir. Gündəlik istifadəçilərin sayı səhifəyə müraciətin intensivliyindən asılı olaraq, 250-360 girişə bərabərdir.
Vaxtaşırı olaraq statistikanın bütün sahələrini əhatə edən illik, rüblük və digər məcmuələrin yeni məlumatlarının səhifədə yerləşdirilməsi həyata keçirilir. Səhifənin strukturunda daimi dəyişikliklər edilərək, məlumatların əldə edilməsinin asanlaşdırılması istiqamətində proqramlaşdırma və səhifənin idarə olunması işləri həyata keçirilir.
Səhifə vasitəsi ilə məlumat bazasından sorğu olunan məlumatların axtarış sistemi təşkil edilmişdir. Sorğu sisteminə daxil edilmiş məlumatların genişləndirilməsi üzrə işlər davam etdirilir.
Böyük həcmli məlumat mübadiləsinin yüksək sürətlə ötürülməsi təmin edilməklə, onun çevikliyi və etibarlılığı son dərəcə yüksəldilmiş, məlumat şəbəkəsinə icazəsiz girişlərin mümkünsüzlüyü və ötürülən məlumatların məxfiliyi təmin edilmişdir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sistemində statistik məlumatların yığılması, işlənməsi və təqdimatı prosesində standart paket olan SPSS proqram paketinin tətbiq edilməsi üçün işlər davam etdirilir.
Hazırda Baş Hesablama Mərkəzi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 23.12.2005-ci il tarixli, 199/t saylı əmri ilə təsdiq edilmiş “Dövlət Statistika Komitəsi Baş Hesablama Mərkəzinin Nizamnaməsi” əsasında fəaliyyət göstərir. Baş Hesablama Mərkəzinin əsas vəzifələri müasir texnologiyadan geniş istifadə olunmasına əsaslanan rəsmi statistika hesabatlarının toplanması, işlənməsi, ötürülməsi və saxlanılmasından, sahə, funksional və regional avtomatlaşdırılmış idarəetmə sistemi ilə dövlət statistik məlumatlar sisteminin qarşılıqlı fəaliyyətini təmin etməkdən, statistik məlumatların ümumdövlət, sahə və regional səviyyədə təqdim edilməsindən, statistik məlumatların işlənməsi üçün alqoritm və proqram fondunu aparmaqdan, statistika orqanlarının tipik proqram fonduna olan tələbatını təmin etməkdən, avtomatlaşdırılmış proqram və layihə vasitələrini yaratmaq və tətbiq etməkdən və s. ibarətdir.
Azərbaycanın statistika orqanlarına Azərbaycan hökuməti tərəfindən mütəmadi olaraq kömək göstərilmiş, əmək şəraiti nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılmış, iş yerləri genişləndirilmiş və yeni avadanlıqlarla təchiz edilmişdir. 1972-ci ildə MSİ üçün yeni bina istifadəyə verilmiş, 40-dan çox rayon və şəhərdə yerli statistika orqanları üçün binalar tikilmişdir.
Bu iş hazırda da davam etdirilir. Belə ki, ölkə Prezidentinin 26.12.2007-ci il tarixli, 2583 saylı Sərəncamı ilə təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq, 2008-2012-ci illərdə yerli statistika orqanlarının iş şəraitinin yaxşılaşdırılması məqsədilə 25 rayon (şəhər) statistika idarəsi üçün yeni inzibati binaların tikilməsi nəzərdə tutulmuşdur. Bunlarla yanaşı, Dövlət büdcəsində statistika üçün ayrılan vəsaitin həcmi ildən-ilə artır. Qeyd etmək kifayətdir ki, 2010-cu ildə ayrılmış vəsaitin həcmi 2000-ci ildə ayrılmış vəsaitin həcmindən 6,4 dəfə, 2005-ci ildəkindən isə 2,5 dəfə çox olmuşdur.
Ölkə statistikasının həyatında Ümumittifaq Dövlət Layihə-Texnoloji İnstitutunun Azərbaycan filialının da öz yeri olmuşdur. Bu bölmə 80-ci illərdə Mərkəzi Layihə-Texnoloji Bürosunun az saylı filialından 150-dən çox işçisi olan instituta çevrilmişdir. İnstitut ölkədə mühasibat uçotunun mexanikləşdirilməsinin layihələşdirilməsi sahəsində aparıcı təşkilat kimi müəyyənləşdirilmişdi. İnstitut SSRİ MSİ baş institutunun filialı olsa da, respublikada öz fəaliyyətini Azərbaycan SSR MSİ rəhbərliyi altında həyata keçirirdi. Hazırda filialın əvəzinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sistemində və tabeliyində hüquqi statusa malik olan Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzi fəaliyyət göstərir. Onun funksiyalarının əsas istiqamətləri mikro, mezo və makro iqtisadiyyatın inkişafında istifadə olunan göstəricilər sisteminin proqnozlaşdırılması, sahələrarası, ərzaq, yanacaq-enerji balanslarının tərtibi metodologiyasının, siyahıyaalma və seçmə müşahidələrin aparılması üçün metodoloji materialların, uçot və statistik informasiyanın işlənməsində yeni metodların hazırlanması və bir sıra digər işlərdən ibarətdir.
Son illərdə ETLTM müəssisə və təşkilatlarda elektrik enerjisi ilə təchizatın vəziyyətinə dair seçmə müayinənin aparılması, əhalinin tibbi xidmətlərə çəkdiyi xərclərin öyrənilməsi, kənd və şəhər yerlərində əhalinin iqtisadi fəallığının öyrənilməsi üçün ev təsərrüfatlarının, cins və yaş tərkibi üzrə dinamikanın yaradılması, iqtisadiyyatın qeyri-formal bölməsində çalışanların sayı və gəlirləri haqqında birdəfəlik müayinənin keçirilməsi üçün ev təsərrüfatlarının, natamam məşğulluğun tədqiqi üçün ev təsərrüfatlarının, təkrar xammalın (tullantıların) yaranması və istifadəsinə dair; kənd təsərrüfatı istehsalçılarının bazar münasibətlərinin öyrənilməsinə dair, ərzaq və qeyri-ərzaq məhsullarının istehsalına dair statistik müşahidənin və əhalinin iqtisadi fəallığına dair müayinələrin keçirilməsi üçün ev təsərrüfatlarının, uşaqların sağlamlığı haqqında statistik müşahidə, ev təsərrüfatlarında sənaye fəaliyyətinin öyrənilməsi, əsas növ kənd təsərrüfatı məhsullarının balanslarının tərtibi üçün müşahidə obyektlərinin seçmə şəbəkələrini yaratmış və ya bu işlərin həyata keçirilməsində iştirak etmişdir.
Texnikanın statistika sahəsində tətbiqi ilk gündən bu sahədə xidmət və təmirin təşkilinə ehtiyac yaratmışdır. Belə bir status 60-cı illərdə hesablama texnikasına xidmət və təmir üzrə Moskva zavodunun filialında olmuşdur. Öz fəaliyyətini klaviş və yazı maşınlarının təmirindən başlayan kiçik bir sex sonralar hesablama texnikasının bütün növləri üzrə xidmət və təmiri həyata keçirən böyük işlək müəssisəyə çevrilmişdir. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra filial öz mövcudluğunu dayandırmış, onun hesablama texnikasına xidmət və təmiri üzrə funksiyalar Baş Hesablama Mərkəzinə keçmişdir.
Ölkə statistika orqanları sisteminin tərkibində fəaliyyət göstərən daha bir təşkilat Azərbaycan MSİ-nin Tədris Kombinatı (hazırda Tədris Mərkəzi) olmuşdur. Tədris Kombinatı metodoloji və təsərrüfat maliyyə məsələləri üzrə SSRİ MSİ Kadrların hazırlanması idarəsinə tabe olmuşdur. Uzun illər ərzində fəaliyyət göstərən Tədris Kombinatı öz fəaliyyəti dövründə böyük sayda geniş profilli mühasiblər, əməliyyatçılar, mexaniklər, proqramçılar hazırlamış, statistika orqanlarının işçilərinin və müəssisə, təşkilat, nazirlik və idarələrin baş (böyük) mühasiblərinin yenidən hazırlanması üzrə tədbirlər həyata keçirmişdir. Tədris Mərkəzi 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Təhsil Nazirliyinin tabeçiliyinə verilmiş olsa da, Tədris Mərkəzi və onun nəzdində olan Gəncə, Mingəçevir və Yevlax mühasiblər məktəbi, Ağdaş və Goranboy tədris məntəqələri özünümaliyyələşdirmə sistemi ilə “mühasib” və “kompüter istifadəçisi” ixtisasları ilə mütəxəssislərin hazırlanması üzrə fəaliyyət göstərir.
1987-ci ildə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Dövlət Statistika Komitəsinə çevrilir və Azərbaycan SSR Nazirlər Kabinetinin 30 mart 1988-ci il tarixli qərarı ilə Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında əsasnamə təsdiq edilir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra öz dövlət idarəetmə orqanlarını yaratmağa başladı və bunların arasında Dövlət Statistika Komitəsi də var idi. Bu zaman bütün inzibati ərazi bölmələrində statistika orqanları saxlanıldı, keçmiş Ümumittifaq Elmi-Tədqiqat və Layihə İnstitutunun filialı və Tədris Kombinatı Dövlət Statistika Komitəsi sistemində respublika tabeli hüquqi şəxs statusuna malik təşkilata çevrildi.
Statistika orqanlarının statusunun dəyişməsi uçot və statistikanın səviyyəsinin, bazar iqtisadiyyatına keçidin mürəkkəb şəraitində müstəqil sosial-iqtisadi siyasət həyata keçirən respublika rəhbərliyinin məlumatlarla təmin edilməsinin əsas şərti olmuşdur. Belə ki, Azərbaycanın ictimai-siyasi quruluşunun dəyişməsi, iqtisadiyyatın bazar münasibətlərinə istiqamət götürməsi rəsmi statistikada islahatların keçirilməsinə zərurət yaratdı. Keçid dövründə Azərbaycanın siyasi və iqtisadi həyatındakı əhəmiyyətli dəyişikliklər rəsmi statistikada da müvafiq ciddi dəyişiklikləri, ümumdünya statistika praktikası, beynəlxalq standartlar, göstəricilər və iş metodları ilə yaxınlaşmaları tələb etdi. Bu məqsədlə, ölkə prezidenti tərəfindən 1992-ci ildə “Uçot və statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması barədə” xüsusi fərman imzalandı. Göstərilən işlərin həyata keçirilməsində Azərbaycan Respublikası hökumətinin 8 dekabr 1992-ci il tarixli 653 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında beynəlxalq praktikada qəbul edilmiş uçot və statistika sisteminə keçilməsinin Dövlət Proqramı”nın böyük əhəmiyyəti olmuşdur. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əsas hissəsinin yerinə yetirilməsi ölkə Dövlət Statistika Komitəsinə tapşırılmışdır.
1994-cü il Azərbaycan statistikasının tarixində xüsusi il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 18 fevral 1994-cü ildə “Statistika haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmış və bu tarixdən qanunun qüvvəyə minməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı imzalanmışdır. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş “Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri”nin bütün tələbləri nəzərə alınmışdır.
Qanunun qəbul edilməsi statistik fəaliyyətin qanuniləşdirilməsinin təmin olunmasında mühüm rol oynadı və Azərbaycan tarixində ilk dəfə olaraq qanunvericiliklə statistika sahəsində əsas anlayışları, onun subyektlərinin hüquq və vəzifələrini, fəaliyyətinin əsas parametrlərini müəyyənləşdirdi.
Azərbaycan Respublikasında təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olan subyektlərin Dövlət registrinin və beynəlxalq təsnifatlarla uzlaşdırılmış milli təsnifatların yaradılması, ölkə ərazisində dövlət statistika müşahidələrinin keçirilməsi, statistik sirr, dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi və s. xüsusi maddələr qanunda öz əksini tapmışdır.
Qanun dövlət statistika orqanlarının nüfuzunun artması, hesabat intizamının yüksəlməsi və dövlət məlumatlandırma sisteminin əsas tərkib hissəsi sayılan dövlət statistika sisteminin təkmilləşdirilməsində əsas rol oynayır.
Qanunda müntəzəm olaraq ölkədə həyata keçirilən islahatlar və statistikaya dair beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qərarlara əsasən müvafiq dəyişikliklər aparılır. Ən böyük dəyişikliklər 2005-ci il dekabrın 23-də imzalanmış sənədlə baş vermiş və əsas məqsəd rəsmi statistika materiallarının istehsalı üçün mövcud hüquqi əsasların daha da genişləndirilməsindən, qanunu Avropa İttifaqı ölkələrinin statistika orqanlarının qanunlarına və Avropa Statistika Bürosunun tövsiyələrinə uyğunlaşdırmaqdan ibarət olmuşdur. Qanunda dəyişikliklərin aparılması Azərbaycanda statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması və məlumatların beynəlxalq müqayisəliliyinin təmin olunması sahəsində görülən işləri daha da sürətləndirmişdir. Qanun “Rəsmi statistika haqqında” qanun adlandırılmaqla yanaşı, ona “Statistika Şurası”, “Rəsmi statistikanın prinsipləri və müstəqilliyi”, “İnzibati statistik məlumatlara giriş”, “Rəsmi statistikanın inzibati statistika əlaqələri”, “Məxfi statistik məlumatlardan istifadə edilməsi”, “Elmi tədqiqatlar”, “Məxfi statistik məlumatların əldə edilməsi”, “Məlumatların qorunması üzrə tədbirlər”, “Məxfi statistik məlumatların yayılması” maddələri artırılmış, “Statistik sirr” maddəsi “Statistik sirr və hamı üçün açıq olan məlumatlar” adlandırılmışdır. Bu dəyişikliklərlə əlaqədar olaraq, dövlət statistika orqanlarının vəzifələri, hüquqları və səlahiyyətlərinə dair və digər maddələrdə bir sıra müvafiq dəyişikliklər aparılmışdır. Bu dəyişikliklər və əlavələrin edilməsi Azərbaycan statistikasının mövcud hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə və onun beynəlxalq tələblərə uyğunlaşdırılmasına imkan vermişdir.
Qanuna uyğun olaraq, Nazirlər Kabinetinin 4.04.2006-cu il tarixli, 95 nömrəli qərarı ilə Dövlət Statistika Komitəsi yanında Statistika Şurası yaradılmış, onun tərkibinə statistika, maliyyə, iqtisadiyyat, vergi və gömrük orqanlarının, bankların, həmkarlar ittifaqları birliklərinin, sahibkarların ictimai birliklərinin, təhsil və elmi-tədqiqat idarələrinin və statistik məlumatların istifadəçilərinin nümayəndələri daxil edilmiş, şuranın ilk iclasında Əsasnaməsi təsdiq edilmişdir.
Şura statistika sahəsində proqramların hazırlanması və həyata keçirilməsi, statistikanın təşkili, inkişafı və fəaliyyət göstərməsi üzrə məsləhətlərin verilməsi məqsədi ilə yaradılmışdır və ictimai əsaslarla fəaliyyət göstərir. Şuranın üzvləri Nazirlər Kabinetinin qərarı ilə 5 il müddətinə təsdiq edilmişdir.
Qanunun tələblərinə uyğun olaraq, 1994-cü ildə və sonrakı illərdə dövlət statistika sisteminin strukturunda, fəaliyyətində və statusunda yeni dəyişikliklər baş vermişdir. Bununla əlaqədar Nazirlər Kabinetinin 6.11.1995-ci il tarixli, 238 saylı qərarı ilə “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi haqqında” yeni əsasnamə təsdiq edilmişdir (Əsasnaməyə uyğun olaraq, yerli statistika orqanları haqqında da əsasnamə təsdiq edilmiş və bu əsasnaməyə əsasən, statistika orqanlarının hüquq və vəzifələri genişləndirilmişdir). Əsasnamədə deyilirdi: “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi (Azərbaycan Respublikası Dövlətstatkomu) respublikanın iqtisadi və sosial sahələrində vahid metodologiya əsasında statistik məlumatlar sisteminin fəaliyyətini təmin edir. Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları sistemində fəaliyyət göstərən, statistika və uçot işinə rəhbərlik edən müstəqil mərkəzi iqtisadi dövlət idarəetmə orqanıdır”. “Statistika haqqında” Qanundakı dəyişikliklər nəzərə alınmaqla və Azərbaycan Respublikası Prezidentinin 10.08.2004-cü il tarixli, 347 nömrəli Sərəncamının 4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə, “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi haqqında” Əsasnamə yenidən işlənmiş və Azərbaycan Respublikası Prezidentinin 24.11. 2005-ci il tarixli, 323 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Bundan əlavə, ölkədə həyata keçirilən davamlı islahatlar, habelə “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13.02.2006-cı il tarixli, 363 nömrəli Fərmanının icrasını təmin etmək və əsasnaməni Nümunəvi Əsasnaməyə uyğunlaşdırmaq məqsədi ilə yenidən işlənərək Azərbaycan Respublikası Prezidentinin 24.06. 2009-cu il tarixli, 115 saylı Fərmanı ilə təsdiq edilmişdir. Yenidən təsdiq olunmuş əsasnamə ölkədə statistika orqanları sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsinə geniş imkanlar yaratmışdır.
Dövlət Statistika Komitəsi haqqında Əsasnaməyə uyğun olaraq, Aparatın şöbələrinin, sektorlarının, rayon və şəhər statistika idarələrinin (şöbələrinin), Komitəyə tabe olan qurumların – Baş Hesablama Mərkəzinin, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə Texnoloji Mərkəzinin, Tədris Mərkəzinin əsasnamələri, habelə Aparatın şöbələrinin işçilərinin nümunəvi vəzifə təlimatı və vəzifə bölgüsü işlənib hazırlanmışdır.
Statistika sahəsində digər normativ hüquqi aktlar daima təkmilləşdirilmiş, “Azərbaycan Respublikasında statistik məlumatların təqdim edilməsi qaydaları”, “Azərbaycan Respublikası statistika sistemin gücləndirilməsi”, “Azərbaycan Respublikasında müəssisələr statistikası”, “Dövlət Statistika Komitəsinin kadr siyasətinə dair”, “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sistemində məlumatlar texnologiyalarının inkişafı perspektivi” və “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin informasiya texnologiyalarının təhlükəsizliyi” konsepsiyaları hazırlanmışdır.
Keçən əsrin 90-cı illərində ölkədə aparılmış yeni inzibati ərazi bölgüsünə uyğun olaraq, statistika sisteminin strukturunda da bir sıra dəyişikliklər edildi və Ağstafa, Qobustan, Hacıqabul, Siyəzən, Xızı, Xocalı və Xocavənd rayonlarında, Naxçıvan Muxtar Respublikasında 1990-cı ildə Sədərək və 2004-cü ildə Kəngərli, 2009-cu ildə Naftalan Şəhər Statistika İdarəsi yaradıldı.
Beləliklə, hazırda Dövlət Statistika Komitəsi sistemində 87 təşkilat mövcuddur: mərkəzi Aparat, Naxçıvan MR Dövlət Statistika Komitəsi, Bakı şəhər statistika idarəsi, 82 rayon (şəhər) statistika idarəsi (şöbəsi), Baş Hesablama Mərkəzi, Statistik məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzi.
Bu dövrdə bazar iqtisadiyyatının tələblərinə cavab verən yeni struktur bölmələri: qiymət statistikası, milli hesablar və makroiqtisadi göstəricilər, regionların sosial-iqtisadi inkişafı, ərzaq təhlükəsizliyi üzrə informasiya təminatı şöbələri və onun ayrı-ayrı şöbələrinin tərkibində Dövlət reyestrinin təşkili və təsnifatlar, xarici ticarət, gizli iqtisadiyyat, maliyyə və bank, turizm sektorları yaradılmışdır.
Azərbaycan Respublikasında Dövlət Statistika Komitəsinin ümumi strukturunda ciddi dəyişiklik mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək məqsədilə baş vermişdir. Yəni Azərbaycan Respublikası Prezidentinin “Mərkəzi icra hakimiyyəti orqanlarının nümunəvi strukturu”nun təsdiq edilməsi və “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nə dəyişiklik və əlavələr edilməsi haqqında fərmanlarına uyğun olaraq, 2009-cu ilin əvvəllərindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin mərkəzi Aparatı və regional statistika orqanları (rayon (şəhər) statistika idarələri (şöbələri)) onun strukturuna, Baş Hesablama Mərkəzi, Statistik məlumatların Elmi-Texnoloji Mərkəzi və Tədris Mərkəzi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin tabeliyində olan və onun strukturuna daxil olmayan qurumlara (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.05.2010-cu il tarixli, 91 nömrəli qərarı), Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi və onun rayon statistika idarələri isə Azərbaycan Respublikasının rəsmi statistika sisteminə daxil olan qurumlara aid edilmişdir.
Hazırkı mərhələdə rəsmi statistika Azərbaycanda əhəmiyyətli sosial-iqtisadi inkişaf dəyişiklikləri, inzibati islahatlar, büdcə proseslərinin islahatları, maliyyə hesabatlarının beynəlxalq standartlara keçidi şəraitində inkişaf edir ki, bu da rəsmi statistika fəaliyyətində cəmiyyətin həyatındakı dəyişikliklərə tez (sürətlə) cavab verən, çevik statistik məlumatlarla təminat sisteminin formalaşmasına prinsipcə yeni yanaşmaların axtarılması və həyata keçirilməsi vəzifələrini müəyyənləşdirir.
1992-ci ildən başlayaraq, dövlət statistika orqanlarının fəaliyyəti keyfiyyətcə yeni inkişaf və istiqamət mərhələsinə qədəm qoymuşdur. Dövlət Statistika Komitəsi tərəfindən statistika praktikasında istifadə olunan qayda və standartlar tədricən beynəlxalq və bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılır və bu zaman ölkədə aparılan islahatlara xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi “mərkəz” (yəni SSRİ Dövlət Statistika Komitəsi - red.) tərəfindən hazırlanan metodologiya və təlimatların istifadəçisindən beynəlxalq standartlara uyğun metodologiya və təlimatların hazırlanması mərkəzinə çevrilmişdir. 1992-2003-cü illər ərzində istər dövlət statistika hesabatları, istərsə də onların tərtib edilməsinə dair təlimatlar beynəlxalq standartlara uyğun və ölkənin dövlət dilində hazırlanmışdır. Bu dövrdə “Əsas iqtisadi-statistik göstəricilərə dair metodoloji izahat”, 3 cilddən ibarət olan “Statistika üzrə əsas metodoloji göstərişlər” kitabları hazırlanaraq nəşr edilmişdir. Ölkənin iqtisadi və sosial fəaliyyətini daha tam və dəqiq əks etdirən milli hesablar sistemi tətbiq edilmiş və BMT metodologiyası əsasında “Təmiz məhsul”, “Ümumi əlavə dəyər göstəricilərinin hesablanması”, “İstehsal və gəlirlərin yaranması hesablarının iqtisadi fəaliyyət növləri üzrə tərtib edilməsi”, “Xərclər və buraxılış cədvəllərinin tərtib edilməsinə dair”, “Enerji balansı təsnifatı və strukturunun tərtib edilməsi”, “İş növləri üzrə tikinti məhsullarının fiziki həcm indekslərinin hesablanması”, “Qeyri-maliyyə aktivlərinə qoyulmuş sərmayələrin qiymətləndirilməsi”, “Milli hesablar sisteminin konsepsiyası əsasında əhalinin gəlir və xərclərinin hesablanması”, “Əmlak və avadanlığın maliyyə lizinqi üzərində statistik müşahidənin təşkili”, “Natamam məşğulluğun müəyyənləşdirilməsi”, “Registrdə “yalançı” müşahidə vahidlərinin müəyyənləşdirilməsi”, “Yerli vahidlərin uçotunun təşkili”, “Statistika orqanlarında dövriyyədə olan informasiyanın həcminin müəyyənləşdirilməsi”, “Statistikada registrlərin qarşılıqlı əlaqəsinin təmin edilməsi qaydaları”, “Fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınmasının keçirilməsi”, “İqtisadi vəziyyətin proqnozlaşdırması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi”, “Sosial sferanın inkişafı məsələləri üzrə ev təsərrüfatlarının seçmə sosial müayinəsinin keçirilməsi”, “Statistikanın müxtəlif sahələrində müayinələrin keçirilməsinin bütün mərhələlərində keyfiyyətə nəzarət sistemi”, “İqtisadi fəaliyyət sahələri üzrə iqtisadi səmərəliliyin müəyyənləşdirilməsi”, “Maliyyə-sənaye qrupları və digər müəssisə birliklərinin statistik uçotunun təşkili”, “Başdan-başa və seçmə statistik müayinə məlumatlarının uyğunlaşdırılması”, “İqtisadiyyat, iqtisadi fəaliyyət növləri və müəssisələr üzrə əmək məhsuldarlığı göstəricilərinin hesablanması”, “Kənd təsərrüfatı statistikası da daxil olmaqla, müəssisələr statistikası üzrə seçmə statistik müşahidələrin aparılmasının yeni qaydaları”, “Qeyri-maliyyə aktivlərinə qoyulan investisiyaların uçotu”, “Qeyri-maliyyə aktivlərinə qoyulmuş sərmayələrin fiziki həcm indeksinin hesablanması”, “MHS-in hesablarının institusional sektorlar üzrə qurulması və onların göstəricilərinin müəyyən edilməsi”, “Müəssisələrin illik struktur müayinəsinin məlumatları əsasında istehsal hesabı göstəricilərinin iqtisadi fəaliyyətinin ayrı-ayrı sahələri üzrə hesablanması”, “Əhalinin pul gəlirləri və xərclərinin hesablanması”, “Regional ümumi daxili məhsulun hesablanması”, “Əhalinin gəlirlərinin səviyyəsi üzrə sosial-iqtisadi diferensiasiya göstəriciləri və gəlirlərin bölüşdürülməsi”, “Azərbaycanın milli iqtisadiyyatına maliyyə yardımı göstərilməsi və onun istehlak üçün səmərəliliyinin müəyyən edilməsi qaydaları”, “Əmək bazarının müayinəsi metodundan istifadə etməklə, sahibkarlıq subyektlərinin və ev təsərrüfatlarının qeyri-formal fəaliyyətinin statistik tədqiqi”, “İşçi qüvvəsi və gəlir statistikasının qarşılıqlı təsirinin ölçülməsinin təkmilləşdirilməsi”, “Küçə uşaqları”, “Əhalinin fasiləsiz təhsildə iştirakı”, “15-29 yaşlı gənclərin məktəbdən işə keçməsi”, “Peşə xəstəlikləri, istehsalla əlaqədar zədələnmələr və əməyin mühafizəsi”, “Tibbi tullantıların əmələ gəlməsi və hərəkəti”, “Gizli və qeyri-formal fəaliyyət uçota alınmaqla əmtəə dövriyyəsinin həcminin hesablanması”, “Əyləncə və mədəniyyət təşkilatlarının turizm fəaliyyəti”, "Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin ticarət fəaliyyətinin uçota almasının təkmilləşdirilməsi”, “Xarici ticarət əməliyyatları üzrə statistik müşahidə və orta qiymət indekslərinin hesablanması”, “Ticarət təşkilatlarının seçmə məcmusunun formalaşdırılması”, “Əhaliyə göstərilən pullu xidmətlərin həcminin hesablanması”, “Gizli və qeyri-formal fəaliyyət uçota alınmaqla əmtəə dövriyyəsinin həcminin hesablanması”, “Topdansatış ticarət statistikası məlumatlarının işlənməsi”, “Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması”, “Aqroservis xidməti”, “Yabanı bitkilərin tədarükü”, “Toxum məhsullarının istehsalı və hərəkəti”, “Kənd təsərrüfatı istehsalçılarının bazar münasibətlərinin öyrənilməsi”, “Mal-qara və quşlara yemlərin məsrəfinin öyrənilməsi”, “Kənd təsərrüfatı müəssisələrinə göstərilən xidmətlər və əldə edilən istehsal-texniki təyinatlı məhsulların qiymət indekslərinin hesablanması”, “Ailə kəndli və ev təsərrüfatlarının iqtisadi fəaliyyəti”, “Arıçılıq məhsullarının istehsalı”, “Əhali və kəndli (fermer) təsərrüfatlarında işçi qüvvəsinin və istehsal fondlarının dəyəri”, “Kənd təsərrüfatında işçi qüvvəsi və əsas vəsaitlərin dəyərinin öyrənilməsi”, “İşçilərin əmək haqqı və işlədikləri vaxta dair”, “İqtisadiyyatda məşğul olanların sayı və tərkibi”, “Statistik müşahidələrlə əhatə olunmayan işçilərin əmək haqqının hesablanması”, “İqtisadiyyat, iqtisadi fəaliyyət növləri və müəssisələr üzrə əmək məhsuldarlığı göstəricilərinin hesablanması”, “İstifadəyə verilmiş yaşayış binalarının keyfiyyəti və texniki xarakteristikasının öyrənilməsi”, “Tikinti üzrə rəsmi statistik hesabat formalarının tərtib edilməsi”, “Tikintisi başa çatdırılmış yaşayış binaları və onların tikintisinə çəkilən xərclər”, “Sərnişin hava nəqliyyatından istifadə edən turistlərin fəaliyyətinin öyrənilməsi”, “Su elektrik stansiyalarının işi”, “Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibi”, “Əsas kapitala yönəldilmiş investisiyaların qiymət indekslərinin hesablanması”, “Mənzil bazarında qiymətlərin müşahidəsi və qiymət indekslərinin hesablanması”, “Kənd təsərrüfatına göstərilən xidmətlər və əldə edilən istehsal-texniki təyinatlı məhsulların qiymət indekslərinin hesablanması”, “İstehlak qiymətlərinin bazis indeksinin (baza inflyasiyasının) hesablanması”, “Ev təsərrüfatlarında ərzaq və qeyri-ərzaq məhsulları istehsalı”, “Ərzaq balanslarının tərtib edilməsi” kimi 500-dən çoxu metodoloji xarakterli material işlənib hazırlanmış və praktikada tətbiq edilmişdir.
Azərbaycan iqtisadiyyatının təsərrüfatçılığın bazar modelinə keçidi hələ 1991-ci ilin aprel ayında qiymətlərin liberallaşdırılması ilə başlanmışdır. Dövlət Statistika Komitəsi bu sahədə baş verən prosesləri operativ işləmək üçün seçmə qaydada sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və ticarət müəssisələrində qiymət üzərində müşahidəni təşkil etmişdir.
Dünyanın inkişaf etmiş ölkələrində istifadə olunan metodlara uyğun olaraq, istehlak qiymətləri indeksinin hesablanması üzrə metodologiya hazırlanmış və təkmilləşdirilmişdir. Hazırda iqtisadi proseslərdə inflyasiyanın müəyyənləşdirilməsində bundan geniş istifadə olunur. İstehsalçıların qiymət indeksinin təşkili və təkmilləşdirilməsi üzrə də mütəmadi işlər həyata keçirilmiş, sənaye və kənd təsərrüfatı məhsulu istehsalçılarının, tikinti işlərinin, xarici ticarətdə idxal və ixrac olunan malların, investisiya mallarının qiymət indeksləri, habelə nəqliyyat sektorunda yükdaşıma tarifləri və rabitə tarifləri indekslərinin hesablanması praktikada tətbiq edilmişdir.
İqtisadi fəal əhalini, faktiki və gizli işsizliyi, müxtəlif əhali kateqoriyalarının həyat səviyyəsini əks etdirən göstəricilər sistemi təcrübədə tətbiq edilmiş, əhalinin faktiki alıcılıq qabiliyyətini izləməyə imkan verən “əhalinin sərəncamında qalan real gəlirləri” göstəricisindən istifadəyə başlanmışdır. Ev təsərrüfatı statistikası yenidən təşkil edilmişdir. Daha təmsilli göstəricilərin əldə edilməsi üçün Azərbaycanda mövcud olan bütün ev təsərrüfatlarının fərdi kompüterlərdə bazası yaradılaraq yeni reprezentativ seçmə şəbəkəsi yaradılmışdır. Yaradılmış şəbəkənin əsasında alınmış göstəricilər işdə mövcud olan əksər problemləri faktiki olaraq aradan qaldırmışdır. Eyni zamanda, mövsümiliyin yaratdığı çətinliklər tam nəzərə alınmış, kənd təsərrüfatı üzrə göstəricilərin daha dolğun şəkildə əldə olunması təmin olunmuş, coğrafi zonalar üzrə məlumatların alınması və təhlil olunması üçün geniş şərait yaranmışdır. Bu işlər həyata keçirilərkən beynəlxalq standart və tələblər bütövlükdə diqqət mərkəzində olmuşdur.
Ev təsərrüfatlarının büdcəsini əks etdirən göstəricilər sistemində nəzərəçarpacaq dəyişikliklər aparılmış, istehlak büdcəsinin hesablanması metodikası, natura şəklində gəlirlərin qiymətləndirilməsi və valyuta daxil olmalarının uçotu, şəxsi istehlakın miqdarının müəyyənləşdirilməsi metodları hazırlanaraq təcrübədə tətbiq edilmişdir.
Azərbaycanın dövlət müstəqilliyi qazanması əvvəllər respublika üçün əhəmiyyətsiz sayılan, hazırda isə ölkəmiz üçün çox böyük əhəmiyyətə malik olan xarici ticarət statistikasının yaradılması valyuta vəsaitlərinin hərəkəti, ixrac və idxal məhsullarının fiziki həcmi, ixrac və idxal məhsulları üzrə xarici və daxili qiymətlərin nisbətləri haqqında məlumatlar əldə etməyə imkan vermişdir. Azərbaycanda xarici ticarət statistikası dünyada qəbul olunmuş qaydada - gömrük bəyannaməsi əsasında qurulmuşdur. İdxal-ixrac əməliyyatlarında fərqləri aradan qaldırmaq məqsədilə “güzgü statistikası”ndan istifadə edilməyə başlanmışdır.
Əvvəllər tətbiq edilən sahələr statistikasından mövcud müəssisələr statistikasına keçidlə əlaqədar olaraq, son illər ölkə iqtisadiyyatında baş verən sosial-iqtisadi proseslərin müxtəlif aspektlərini daha düzgün əks etdirən statistik hesabatların və göstəricilərin tərkibi müəyyənləşdirilmiş və təkmilləşdirilmişdir. Hesabat formalarının inteqrasiyası həyata keçirilmiş, hesabatlarda əsas fəaliyyətlə yanaşı digər fəaliyyət növləri haqqında göstəricilərə də yer ayrılmış, ölkədə bütün fəaliyyət növləri üzrə vahid statistika formalarının tətbiqinə başlanmışdır.
İqtisadi göstəricilərə əlavələrin hesablanması metodikasının təkmilləşdirilməsi, statistik müayinələrin seçmə formada aparılmasına keçidin metodoloji təminatı üzrə işlər görülmüşdür. Beynəlxalq təşkilatların və bir sıra Avropa ölkələrinin statistika xidmətləri ilə birlikdə milli hesablar, sənaye, nəqliyyat, tikinti, əmək, kənd təsərrüfatı, ticarət, xarici ticarət, turizm, əhali miqrasiyası, qiymət, demoqrafiya və sosial statistika üzrə seçmə müayinələr keçirilmişdir. Əvvəllər təsadüfdən-təsadüfə təşkil edilən seçmə statistik müşahidələr artıq statistik fəaliyyətin əsas növlərindən birinə çevrilmişdir. Son illərdə “Ətraf mühitin əhalinin sağlamlığına təsiri”, “Ailədə təhsilə və tibbi xidmətlərə çəkilən xərclər”, “Uşaqların sağlamlığı”, “Küçə uşaqları”, “Gündüz ümumtəhsil məktəblərində, orta ixtisas təhsili müəssisələrində və ali məktəblərdə informasiya və kommunikasiya texnologiyalarından istifadə”, “Tibb müəssisələrində göstərilən xidmətlərin keyfiyyəti, onların dərman və avadanlıqlarla təminatı”, “Şəxs əleyhinə zorakılıq”, “Kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi”, “İaşə və məişət xidməti ilə məşğul olan fiziki şəxslər”, “Xidmət göstərən müəssisə və idarələrdə pərakəndə satış qiymətlərinə təsir edən amillərin müəyyən edilməsi”, “Kənd təsərrüfatı istehsalçılarının üzvi və mineral gübrələrdən, ziyanvericilərə qarşı mübarizə tədbirlərindən istifadə”, “Pambığın və taxılın gözlənilən məhsulunun müəyyən edilməsi”, “Suvarılan torpaqlardan istifadənin vəziyyəti, cins əkinlər”, “İqtisadiyyatın qeyri-formal bölməsində çalışanların sayı və gəlirləri”, “Uşaq əməyindən istifadənin öyrənilməsi”, “Əhalinin iqtisadi fəallığı”, “Ayrı-ayrı peşə və vəzifələr üzrə işçilərin əmək haqqı və işlədikləri vaxt”, “Əhalinin natamam məşğulluğu”, “Ev təsərrüfatlarında yanacaq və enerji istehlakı”, “Müəssisə və təşkilatların elektrik enerjisi ilə təchiz olunmasının vəziyyəti”, “İstifadəyə verilmiş yaşayış binalarının texniki xarakteristikası”, “Ev təsərrüfatlarında informasiya və kommunikasiya texnologiyalarından istifadə”, “Ev təsərrüfatlarının sənaye fəaliyyətinin öyrənilməsi”, “Sahibkarlara düşən informasiya yükünün müəyyənləşdirilməsi”, “Yük avtomobillərinin həftəlik statistika müayinəsi”, “Fərdi sahibkarların xərclərinin strukturu”, “Əhalinin vaxt büdcəsindən istifadəsi”, “Məhsul və xidmətlərin istehsalı üçün istifadə edilən mal və xidmətlər”, “Ev təsərrüfatlarında ərzaq və qeyri-ərzaq məhsulları istehsalı” kimi 100-dən çox seçmə müayinələr keçirilmişdir.
Ölkənin statistika təcrübəsində öz miqyasına görə mürəkkəb və xüsusilə irihəcmli iş sayılan siyahıyaalmalardan da geniş istifadə edilmişdir. 1990-cı ildən keçən dövr ərzində 1999-cu və 2009-cu illərdə əhalinin, 2004-cü ildə başa çatdırılmamış istehsal və qeyri-istehsal təyinatlı tikililərin və turizm obyektlərinin, 2005-ci ildə kənd təsərrüfatının, 2006-cı ildə elmi təşkilatların və 2007-ci ildə fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınmaları keçirilmiş və əldə olunmuş məlumatlardan ölkənin sosial-iqtisadi inkişafının, demoqrafik proseslərin proqnozlaşdırılmasında geniş istifadə edilmişdir.
Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilən və statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması problemlərinin həllində böyük əhəmiyyət kəsb edən irihəcmli işlərdən biri də Statistik vahidlərin Dövlət registrinin yaradılmasıdır. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununa və hökumətin “Azərbaycan Respublikasının uçot vahidlərinin Dövlət reyestrinin yaradılması haqqında” (sonradan “Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registri haqqında” Əsasnamə) 9 sentyabr 1992-ci il tarixli, 496 saylı qərarına uyğun olaraq registrin yaradılmasına başlanmış və 2010-cu il iyulun 1-i vəziyyətinə 92 minə yaxın hüquqi şəxs, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 291 mindən çox fiziki şəxs və 850 mindən çox ailə kəndli təsərrüfatı haqqında məlumatlar registrə daxil edilmişdir. 1997-ci ildən başlayaraq, registr əsasında sənaye, kənd təsərrüfatı, ticarət, tikinti və nəqliyyat üzrə ilk seçmə müayinələr keçirilmiş və sonradan belə müayinələr bütün sahələrdə tətbiq edilmişdir. Bu işlərin elmi əsaslarla və beynəlxalq standartlara uyğun olaraq həyata keçirilməsi məqsədilə 2000-2001-ci illərdə “Seçmə müayinələrin aparılmasına dair” və “İqtisadiyyatın ayrı-ayrı bölmələrində seçmə müayinələrin aparılması və subreyestrlərin yaradılmasına dair” metodiki tövsiyələr hazırlanaraq nəşr edilmiş və praktikada tətbiq olunmuşdur. Hüquqi, fiziki şəxslər və ailə təsərrüfatları haqqında məlumatların qəbulu və registrə daxil edilməsi, müəssisələrin demoqrafiyasını əks etdirən məlumatların beynəlxalq standartlar səviyyəsində təşkili, “vahid” və “istehsal vahidi” ilə əlaqədar metodoloji problemlərin həll edilməsi və praktiki işdə tətbiqi həyata keçirilmişdir.
“Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.10.2007-ci il tarixli, 2458 nömrəli Sərəncamına müvafiq olaraq, 2008-ci il yanvar ayının 1-dən etibarən hüquqi və fiziki şəxslərin statistik vahidlərin Dövlət registrinin aparılması qeyd olunan sərəncamın tələblərinə uyğun həyata keçirilir.
Statistikada islahatların sistemli qaydada həyata keçirilməsində əsas yerlərdən birini statistik müşahidələrin bütün mərhələlərində iştirak edən və onları vahid kompleksdə birləşdirən təsnifatlar tutur. Keyfiyyətli seçmə müşahidənin aparılması yüksək səviyyəli beynəlxalq təsnifatlarla uzlaşdırılmış milli təsnifatlar sistemi yaratmadan mümkün deyildir. Bu istiqamətdə ölkə müstəqillik əldə etdikdən sonra Dövlət Statistika Komitəsində xeyli işlər görülmüş, beynəlxalq standartlara cavab verən “İqtisadi fəaliyyət növləri”, “Məhsul növləri”, “Sənaye məhsulları” (bu təsnifat MDB ölkələri daxilində ilk dəfə Azərbaycanda tətbiq edilmişdir), “Nəqliyyat statistikası üçün yük”, “Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı məhsulları”, “Bina və qurğuların funksional təyinatı”, “Faydalı qazıntılar və yeraltı sular”, “Tullantılar”, “Təhlükəli və tibbi tullantılar”, “İqtisadiyyatın sektorları”, “Sənaye məhsullarının son təyinatına görə bölüşdürülməsi, “Xarici iqtisadi fəaliyyətdə xidmətlər”, “Ölçü vahidləri”, “Valyutalar”, “Məşğulluq”, “Təhsil”, “Dünya ölkələri”, “Dövlət idarəetmə orqanlarının funksiyaları”, “Ev təsərrüfatlarında şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlər”, “Ev təsərrüfatlarına xidmət göstərən qeyri-kommersiya təşkilatlarının məqsədləri”, “Məqsədlər üzrə istehsalçıların xərcləri”, “MHS-93-ün əsasında istehsal olunmayan aktivlər”, “Əsas fondlar”, “Dövlət hakimiyyəti orqanlarının və idarəetmə hüquqlu təşkilatlar”, “İnzibati-ərazi bölgüsü”, “Mülkiyyət növləri”, “Hüquqi vahidlərin təşkilati-hüquqi formaları”, “Bələdiyyələrin statistik ərazisi” statistik təsnifatları, habelə “Fəaliyyət, əlillik və sağlamlıq üzrə beynəlxalq təsnifat”ın Azərbaycan versiyası işlənib hazırlanmış və işdə tətbiq olunmuşdur. Göstərilənlərdən əlavə, statistika təcrübəsində istifadə etmək üçün “Avrostatın statistikaya tələbləri”nin və “Minilliyin bəyannaməsində əks olunmuş inkişaf (tərəqqi) məsələlərinə nail olunmanın monitorinqi üçün göstəricilər”in Azərbaycan versiyaları hazırlanmışdır.
Təsnifatların düzgün tətbiq olunmasını təmin etmək məqsədilə Norbert Raynerin “Beynəlxalq təsnifatlar sistemi” kitabı azərbaycan dilinə tərcümə edilmiş, “Beynəlxalq təsnifatlar və onların Azərbaycanda tətbiqi” kitabı hazırlanmışdır. Bunlardan əlavə, müntəzəm olaraq baza təsnifatlarına beynəlxalq səviyyədə yenidən baxılması ilə əlaqədar olaraq, onların milli analoqlarına yenidən baxılaraq təkmilləşdirilmişdir. Məhsul növləri təsnifatının praktikada düzgün tətbiq edilməsini təmin etmək məqsədi ilə “Məhsulun (mal və xidmətlərin) statistik təsnifatına izahlar” (4 cilddə) hazırlanmış və təcrübədə tətbiq olunmuşdur.
Ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası, onun beynəlxalq təşkilatlarda üzvlüyü statistik məlumatların bütün dünyada asan qəbul edilə bilən və ümumi qəbul edilmiş metodologiyaya uyğunlaşdırılmasında ölkə Prezidenti tərəfindən 11 avqust 1992-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında beynəlxalq praktikada qəbul edilmiş uçot və statistika sisteminə keçilməsi haqqında” Fərmanının xüsusi rolu olmuşdur. Həmin Fərmanla 1993-cü ilin yanvarın 1-dən etibarın respublikanın müəssisə və təşkilatlarında statistika və mühasibat uçotunun beynəlxalq standartlara uyğun aparılmasına başlanması tapşırılmış, bu işin yerinə yetirilməsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Maliyyə Nazirliyi aparıcı dövlət orqanlar kimi müəyyənləşdirilmiş və onlara tapşırılmışdır ki, ölkənin digər nazirlik, idarə və müəssisələri ilə birlikdə beynəlxalq uçot və statistika sisteminə keçmək barədə dövlət proqramı hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təqdim etsinlər. Bu Fərmanın icrası ilə bağlı hazırlıqlar respublika hökumətinin 8.12.1992-ci il tarixli, 653 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında beynəlxalq praktikada qəbul edilmiş uçot və statistika sisteminə keçilməsi” və Azərbaycan Respublikası Prezidentinin 20.08.1998-ci il tarixli “1998-2002-ci illərdə Azərbaycan Respublikasının dövlət statistika sistemində islahatların aparılmasına dair”, 20.02.2003-cü il tarixli fərmanları ilə təsdiq edilmiş “2003-2007-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair”, 26.12.2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair” Dövlət Proqramlarının yerinə yetirilməsi Dövlət Statistika Komitəsi üçün son 17 il ərzində əsas vəzifə olmuşdur. Bu proqramların yerinə yetirilməsi Dövlət Statistika Komitəsinin beynəlxalq əlaqələrinin və əməkdaşlığının genişlənməsi şəraitində həyata keçirilmişdir.
Ölkədə milli hesablar sisteminin işlənməsi üçün əsasən Avropa İttifaqında istifadə olunan və “Birləşmiş iqtisadi hesabların Avropa sistemi” kimi məşhur olan BMT MHS variantından istifadə edilir. Bu variantdan istifadə etməklə, 1990-1998-ci illər üçün respublika səviyyəsində milli hesablar yaradılmışdır. Ümumi daxili məhsul (ÜDM) göstəricisinin milli hesablar sistemində əsas makroiqtisadi göstərici hesab edildiyini nəzərə alaraq, BMT-nin mövcud metodologiyasına uyğun olaraq Dövlət Statistika Komitəsi cari və müqayisəli qiymətlərlə sahə və bölmələr üzrə ÜDM-in illik, rüblük və aylıq hesablamalarını həyata keçirir. 1993-cü ildən başlayaraq, müqayisəli qiymətlərlə ÜDM-in aylıq qiymətləndirilməsi Dövlət Statistika Komitəsi tərəfindən təhlil edilir və müxtəlif nəşrlərdə dərc etdirilir. Bu işlər Beynəlxalq Valyuta Fondunun (BVF), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) və Dünya Bankının metodoloji köməyi və məsləhətləri ilə həyata keçirilmişdir.
1999-cu ildən MHS konsepsiyası əsasında sahələrarası balansın hazırlanması və tərtib edilməsinə başlanmışdır.
Proqramlarda nəzərdə tutulmuş tədbirlər sisteminin əsas elementlərindən biri də mövcud beynəlxalq standartlara uyğun olaraq qiymət statistikasının təkmilləşdirilməsidir. Hazırda respublikanın istehlak bölməsində inflyasiyanın səviyyəsi BVF ilə razılaşdırılmış proqram üzrə istehlak qiymətləri indeksi əsasında müəyyənləşdirilir və keçirilən monitorinqlə 112 ərzaq, 264 qeyri-ərzaq və xidmət növü əhatə olunmuşdur. Orta qiymət haqqında məlumatlarla yanaşı, hər ay istehlak bazarında əmtəə və xidmətlərin indeksi hesablanır. Oxşar iş sənaye, kənd təsərrüfatı və tikinti məhsulları istehsalçılarının, nəqliyyat, poçt və telekommunikasiya sahəsində xidmət tariflərinin, idxal və ixrac olunan mallar üzrə qiymət indeksinin hesablanmasında da yerinə yetirilir.
Dövlət Statistika Komitəsinin yaxından iştirakı ilə BVF ilə razılaşdırılmış metodologiya əsasında respublika Milli Bankı tərəfindən respublikanın xarici iqtisadi əlaqələrinin bütün tərəflərini əks etdirən tədiyyə balansı tərtib edilir.
1990-cı ildən sonra statistik məlumatların müqayisəliliyini təmin etmək üçün Avropa Müqayisələr Proqramı üzrə də müəyyən işlər görülmüşdür. Bu iş əsasən üç istiqamətdə: əmtəə və xidmətlərin, investisiya mallarının və tikinti obyektlərinin orta qiymətlərinin öyrənilməsi istiqamətində aparılmışdır. Ölkənin ümumi iqtisadi inkişaf səviyyəsini müqayisə etmək, milli valyutanın real alıcılıq qabiliyyətinin paritetlərini müəyyənləşdirmək məqsədilə İƏİT ekspertlərinin iştirakı ilə və MDB Dövlətlərarası Statistika Komitəsi ilə qarşılıqlı əlaqədə beynəlxalq iqtisadi müqayisələr həyata keçirilmişdir. Bu işi daha yaxşı təşkil etmək və təkmilləşdirmək məqsədi ilə, 2003-cü ildə “2003-2006-cı illərdə MDB regionunda beynəlxalq müqayisələr proqramının həyata keçirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, MDB Dövlətlərarası Statistika Komitəsi və Rusiya Federasiyası Dövlət Statistika Komitəsi arasında qarşılıqlı anlaşma memorandumu” imzalanmışdır.
Statistikada həyata keçirilən yeniliklər son nəticədə öz əksini statistika orqanlarının son məhsulu olan statistik nəşrlərdə tapmışdır. Son illər bu sahədə bir sıra nailiyyətlər əldə edilmiş, nəşrlərin keyfiyyəti yaxşılaşdırılmış, mövzular genişləndirilmiş, yayılma dairəsi genişləndirilərək ingilis dilində nəşrlərə başlanmışdır. 1999-cu ildən etibarən, illik məlumatların SIDROM-la yayılması, 2002-ci ilin yekunundan isə məlumatların dövlət idarəetmə orqanlarına və kütləvi informasiya vasitələrinə eyni vaxtda çatdırılması təşkil edilmişdir. 2002-ci ildə ilk dəfə “Statistik nəşrlərin kataloqu”nun azərbaycan və ingilis dillərində dərc edilməsinə və istehlakçılar arasında yayılmasına başlanmışdır. Son illərdə geniş əhali təbəqəsinin, sahibkar, maliyyə və bank strukturlarının marağına uyğun olaraq, məlumatların sərbəst alınması hüquqlarının təmin edilməsi üçün statistik məlumatların yayılması metodlarının və qaydalarının təkmilləşdirilməsi həyata keçirilmişdir. Məlumatların istifadəçilərə elektron rabitə vasitələri, xüsusən də internetlə çatdırılması, beynəlxalq təşkilatlarla və başqa ölkələrin statistika orqanları ilə informasiya mübadiləsi təmin edilmişdir. Statistik məlumatlar mütəmadi olaraq ölkənin kütləvi informasiya vasitələrində, radio və televiziya kanallarında işıqlandırılmışdır. Rüblərin yekunları üzrə ölkənin rəsmi iqtisadi-statistik göstəricilərinə dair kütləvi informasiya vasitələrinin nümayəndələri ilə mətbuat konfranslarının keçirilməsi daimi xarakter almışdır.
“Azərbaycanın statistik göstəriciləri”, “Azərbaycan rəqəmlərdə” (qısa), “Azərbaycanın regionları”, “Demoqrafik göstəricilər”, “Ailələr”, “Qadınlar və kişilər”, “Azərbaycan gəncləri”, “Uşaqlar”, “Cinayətkarlıq və hüquqpozmalar”, “Ətraf mühit və səhiyyə”, “Təhsil, elm və mədəniyyət”, “Əmək bazarı”, “Səhiyyə və sosial təminat”, “Dövlət qulluqçuları”, “Yanacaq-enerji və material ehtiyatları balansı”, “Ticarət və xidmət”, “Xarici ticarət”, “GUAM ölkələri”, “Turizm”, “Mehmanxanaların fəaliyyəti”, “Şadlıq saraylarının fəaliyyəti”, “Sənaye”, “Nəqliyyat”, “Rabitə”, “İnformasiya cəmiyyəti”, “Kiçik sahibkarlıq”, “Tikinti”, “Ərzaq təhlükəsizliyi”, “Ev təsərrüfatlarında ərzaq əldə etmək imkanları”, “Ərzaq məhsullarının qiymətlərinin öyrənilməsi”, “Azərbaycanda informasiya cəmiyyəti”, “Mal-qara və quşların sayı”, “Kənd təsərrüfatı siyahıyaalınmasının yekunları”, “Aqrar bölmədə fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri və fərdi sahibkarların əsas iqtisadi göstəriciləri”, “Kənd təsərrüfatı”, “Meyvə və tərəvəz”, “Heyvandarlıq məhsullarının istehsalı”, “Heyvandarlığın inkişafının əsas məsələləri”, “Dənli və dənli paxlalı bitkilər”, “Kənd təsərrüfatı müəssisələri və fərdi sahibkarların əsas iqtisadi göstəriciləri”, “Suvarılan torpaqlardan istifadənin vəziyyəti”, “Cins əkinlərin vəziyyəti”, “Aqrar islahat və kəndin sosial-iqtisadi inkişafının bəzi statistik göstəriciləri”, “Maliyyə”, “Milli hesabları”, “Sənaye”, “Kiçik sahibkarlıq”, “Telekommunikasiya və poçt”, “Meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatları”, “Ərzaq balansları”, “Kənd təsərrüfatı istehsalçılarının bazar münasibətləri”, “Kənd təsərrüfatı istehsalçılarına xidmətlər göstərilməsinin vəziyyəti”, “Azərbaycanda qiymətlər”, “Təkrar xammal, tullantılar və onların istifadəsi”, “Fiziki şəxslərin xarici ticarət əlaqələri”, “Seçkidən seçkiyə” (qısa), “Regionların sosial-iqtisadi inkişafı”, “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı”, “Yeni iş yerləri”, “Azərbaycan və Rusiya 2006” və digər nəşrlər kimi illik məcmuələrin sayı 30-a çatmış, bütün nəşrlər, habelə ayrı-ayrı məruzələr və təhlili materiallar Komitənin internet saytında yerləşdirilərək, istifadəçilərə pulsuz istifadə imkanları yaradılmışdır. Müsbət hal ondan ibarətdir ki, 2005-ci ildən başlayaraq bütün yerli statistika orqanları tərəfindən rayonun (şəhərin) statistik göstəricilərinə dair məcmuələrin hazırlanması və nəşrinə başlanmışdır.
2002-ci ildən istifadəçilərin istifadəsinə verilmiş beynəlxalq standartlara cavab verən kitabxananın (elektron versiyası ilə birlikdə) yaradılması statistik materialların (statistika metodologiyasının, standartlarının, məlumatlarının və s.) yayılmasına daha geniş imkanlar açmışdır. Ümumilikdə, son illərdə kitabxananın xidmətindən ildə 3 min nəfərdən çox, internet saytından isə 100 mindən çox adam istifadə edir.
Statistikanın bütün sahələri üzrə məlumat bazaları yaradılmış, statistik məlumatların işlənməsində coğrafi informasiya sistemlərindən istifadə olunması istiqamətləri müəyyənləşdirilmiş və tətbiq olunmuşdur. Komitənin VEB səhifəsində bütün sahələr üzrə məlumatlar yerləşdirilmiş və bu məlumatların daxil edilməsi və yeniləşdirilməsinin çevikliyi təmin edilmişdir. VEB səhifədə “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunu, Dövlət Statistika Komitəsi haqqında Əsasnamə, Komitənin strukturu, kitabxanası, kadr siyasəti, statistik işlər proqramı, statistikanın tarixi, statistik nəşrlərin kataloqu, Azərbaycanın makroiqtisadi göstəriciləri, yeni iş yerləri, ərzaq təhlükəsizliyi üzrə informasiya sistemi, Məlumatların yayılmasının xüsusi standartı (MYXS), statistik informasiyaların məlumat bazası, metodologiyalar, statistik hesabatların formaları, xəbərlər və mətbu məlumat bölmələri yaradılmışdır. Komitənin VEB səhifəsi məlumat tutumu baxımından böyük səhifələrdən biri olmaqla ölkənin dövlət orqanlarının saytları arasında ən çox müraciət olunan saytlardan biridir. Hər gün VEB səhifəyə orta hesabla 300-350 “qonaq” (istifadəçi) daxil olur.
2003-2007-ci illərdə ölkədə statistikanın inkişafı “2003-2007-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı” əsasında həyata keçirilmişdir. Dövlət Proqramında nəzərdə tutulmuş 149 tədbir üzrə (o cümlədən 75 iş kənar təşkilatlarla birlikdə) Dövlət Statistika Komitəsi tərəfindən beş il ərzində 284 iş həyata keçirilmişdir. 2003-2007-ci illərdə Proqram əsasında milli hesablar və iqtisadi balanslar sisteminin, sahələr üzrə makroiqtisadi göstəricilərin hesablanması metodologiyasının, sosial və demoqrafiya statistikasının, statistik məlumatların nəşri və yayılması üzrə işlərin təkmilləşdirilməsi və fərdi məlumatların qorunmasının təmin edilməsi, müəssisələr statistikasına keçidin sürətləndirilməsi, beynəlxalq standart təsnifatlar əsasında milli iqtisadi-statistik təsnifatlar sisteminin inkişaf etdirilməsi, rəsmi statistika sistemində informasiya texnologiyalarının və statistik fəaliyyətin qanunvericilik aktlarının inkişaf etdirilməsi, statistika sisteminin kadr potensialının möhkəmləndirilməsi və statistika sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi işləri həyata keçirilmişdir. Bu işlərin yerinə yetirilməsi ölkədə aparılan islahatların, sosial-iqtisadi inkişaf proqramlarının, sosial-iqtisadi və demoqrafiya siyasəti məsələləri üzrə normativ-hüquqi aktların yerinə yetirilməsinin gedişinə, həmçinin ölkə iqtisadiyyatının dünya birliyinə inteqrasiyası üzərində statistik müşahidənin təşkilinə, Azərbaycanda sosial, iqtisadi, demoqrafik, ekoloji vəziyyət haqqında tam, düzgün, elmi əsaslandırılmış rəsmi statistik məlumatların əldə olunmasına və onların beynəlxalq müqayisəliliyinin təmin olunmasına şərait yaratmışdır.
Ölkədə statistikanın yenidən qurulmasında müntəzəm olaraq beynəlxalq təşkilatların və xarici dövlətlərin milli statistika orqanlarının mümkün əməkdaşlığından geniş istifadə edilir. Avropa Statistika Bürosu ilə birlikdə Dövlət registrinin, müəssisələr statistikasının (sənaye, kənd təsərrüfatı, əsaslı tikinti və ticarət statistikası üzrə), demoqrafiya, əmək, gizli iqtisadiyyat və xarici ticarət statistikasının və statistik materialların beynəlxalq tələblərə uyğun nəşrləri, beynəlxalq standartlara uyğun təsnifatların yaradılması və təkmilləşdirilməsi, həmçinin ölkə statistika sisteminin kompüterlərlə təmin edilməsi sahəsində layihələr həyata keçirilmişdir. Bu layihələrin həyata keçirilməsi Almaniya, Hollandiya, İsveç, Finlandiya və Polşanın statistika orqanlarının ekspertlərinin yaxından köməyi ilə həyata keçirilmiş və statistikanın müxtəlif istiqamətlərində Türkiyə Cümhuriyyəti Dövlət Statistika İnstitutu ilə sıx əməkdaşlıq yaradılmışdır.
Statistikanın inkişafında ikitərəfli əməkdaşlıqdan da geniş istifadə edilmişdir. Belə əməkdaşlıq GTZ proqramı çərçivəsində Almaniya Federal Statistika İdarəsi ilə, TİKA proqramı çərçivəsində Türkiyə Cümhuriyyəti Dövlət Statistika İnstitutu və SİDA proqramı çərçivəsində İsveç Mərkəzi Statistika Bürosu ilə olmuşdur.
Azərbaycanın dünya iqtisadi sisteminə və dünya birliyinə fəal inteqrasiyası ölkəmizdə beynəlxalq standartlara cavab verən rəsmi statistikanın formalaşdırılması sahəsində əlavə tələblər irəli sürür. Bu tədbirlər aidiyyəti istifadəçilərin düzgün və müfəssəl məlumatlara olan tələbatlarını ödəməli, statistik müşahidələrin aparılmasında yalnız yerli təcrübədə qəbul edilmiş prinsiplərdən deyil, həmçinin beynəlxalq standartlardan istifadə edilməsini və məlumatların beynəlxalq müqayisəliliyinin təmin olunmasını tələb edir. Bunları nəzərə alaraq, ölkədə rəsmi statistikasını daha da təkmilləşdirmək məqsədilə statistika sahəsində müasir metodologiyanın və beynəlxalq standartların mənimsənilməsinə yönəldilmiş beynəlxalq statistika təşkilatları və digər ölkələrin milli statistika idarələri ilə əməkdaşlıq davam etdirilmiş, 1992-2010-cu illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Türkiyə, Almaniya, Bolqarıstan, Belarus, Özbəkistan, Qazaxıstan, Tacikistan, Rusiya, Macarıstan, Moldova, İordaniya Haşimilər Krallığının və İran İslam Respublikasının statistika orqanları ilə statistika sahəsində əməkdaşlığa dair sazişlər imzalanmışdır.
Ümumiyyətlə, Azərbaycan müstəqillik əldə etdikdən sonra Dövlət Statistika Komitəsi BMT və onun regional iqtisadi komissiyaları, Avropa Birliyi, BVF, BƏT, Dünya Bankı, Asiya İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, UNESKO, UNİSEF, İƏİT, İƏT, Beynəlxalq Nəqliyyat Forumu, Beynəlxalq Miqrasiya Təşkilatı, “21-ci yüzillikdə inkişaf üçün statistika sahəsində əməkdaşlıq” konsorsiumu, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Yol Federasiyası, TRASECA, UNİDO, Beynəlxalq Energetika Agentliyi, Avropa İqtisadi Komissiyası, Avropa Statistika Bürosu, MDB Dövlətlərarası Statistika Komitəsi, Qara dəniz ölkələrinin Əməkdaşlıq Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya və Sakit Okean Hövzəsi ölkələrinin İqtisadi-sosial Komissiyası, Avropa Sosial Xartiyası kimi beynəlxalq təşkilatlarla və dünyanın 40-dan çox ölkəsinin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır.
Bu istiqamətdə Dövlət Statistika Komitəsinin 33 ölkənin statistika orqanından və beynəlxalq təşkilatlardan 67 nümayəndənin iştirakı ilə 2002-ci ilin may ayının 13-17-də Bakıda keçirilmiş “Avropa Birliyi ilə MDB və Monqolustan arasında statistika sahəsində əməkdaşlıq üzrə əlaqələndirmə qrupunun səkkizinci iclası”nın və “MDB və Monqolustanın statistika orqanlarının rəhbərləri üçün TACIS proqramı çərçivəsində yeddinci seminar”ının təşkilatçısı olmasını Azərbaycanda rəsmi statistikanın mövcudluğu tarixində əlamətdar bir hadisə kimi qiymətləndirmək olar və bu, Avropa Birliyi Statistika Bürosu tərəfindən Azərbaycan statistikasına göstərilən etimaddır. Bu iclas və seminarın əlamətdarlığı bir də ondan ibarət olmuşdur ki, MDB məkanında Rusiya Federasiyası, Qazaxıstan və Ukraynada təşkil olunmuş belə tədbirlər sırasında birinci dəfə Azərbaycanın statistika sisteminin işinin təqdimatı həyata keçirilmişdir. İclas və seminarın yekunu üzrə Avropa Statistika Bürosunun mütəxəssislərinin qurumun rəhbərliyinə yazdıqları məruzədə göstərilmişdir ki, “bu tədbirlər Dövlət Statistika Komitəsi tərəfindən çox yaxşı təşkil olunmuş, uğurla və müvəffəqiyyətlə həyata keçirilmişdir. Dövlət Statistika Komitəsi seminarın uğurlu alınması üçün xeyli əmək sərf etmişdir. İclas Aİ nümayəndələri ilə birlikdə çox yaxşı düşünülmüş və təşkil edilmişdir. Bu tədbir ölkədə statistik məlumatların əhəmiyyətinin daha geniş yayılmasına kömək etmişdir…”. 2003-cü ildə “Azərbaycan və Orta Asiya Türk Cümhuriyyətlərində statistika fəaliyyətlərinin gücləndirilməsi layihəsi” çərçivəsində “Üçtərəfli qiymətləndirmə iclası”nın Bakıda təşkil edilməsi də Azərbaycan statistikası üçün böyük əhəmiyyət kəsb edir.
Beynəlxalq əlaqələrin genişlənməsi və Azərbaycanda statistikanın inkişafında 1999-cu il iyul ayının 1-dən rəsmi qüvvəyə minmiş Avropa İttifaqı və onun üzvü olan dövlətlərlə Azərbaycan Respublikası arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında Sazişin böyük rolu olmuşdur. Belə ki, Sazişin 68-ci maddəsi statistika sahəsində əməkdaşlığa həsr olunmuşdur. Həmin maddədə deyilir:
“Bu sahədə əməkdaşlıq iqtisadi islahatlar prosesinə kömək və nəzarət üçün zəruri olan düzgün statistik məlumatlarla təminatın, həmçinin Azərbaycan Respublikasında xüsusi sahibkarlığın inkişafına kömək göstərilməsi üçün səmərəli statistika sisteminin inkişafına yönəldilmişdir. O, həmçinin məxfi məlumatların qorunmasını nəzərdə tutur. Tərəflər aşağıdakı istiqamətlər üzrə qismən əməkdaşlıq edirlər: Azərbaycanın statistika sisteminin beynəlxalq metodlara, standartlara və təsnifatlara uyğunlaşdırılması; statistik məlumatların mübadiləsi; iqtisadi islahatların idarə edilməsi və həyata keçirilməsinin zəruri makro və mikro iqtisadi statistik məlumatlarla təmin edilməsi. Birlik Azərbaycan Respublikasına bu məqsədə nail olunması üçün texniki yardım göstərilməsi yolu ilə kömək edir”.
Göründüyü kimi, Saziş ölkədə milli statistika sistemində təxirəsalınmaz və zəruri dəyişikliklərin aparılması istiqamətlərini və sistemini müəyyənləşdirmişdir.
Tərəfdaşlıq və əməkdaşlıq haqqında Sazişdə nəzərdə tutulmuş göstərilən vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək məqsədi ilə, 22 noyabr 1999-cu ildə “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Avropa Birliyi Statistika Bürosu arasında xarici ticarət üzrə statistika məlumatlarının mübadiləsinə dair Saziş” imzalanmışdır.
Artıq beynəlxalq təşkilatlarda statistika sahəsində həyata keçirilən əməkdaşlıq öz nəticələrini verməyə başlamışdır. Belə ki, 2006-cı ildə qəbul olunmuş Avropa İttifaqı (Aİ) - Azərbaycan Qonşuluq Siyasəti Fəaliyyət Planının 2007-ci ildə icrası ilə bağlı Avropa Komissiyası tərəfindən hazırlanmış “Komissiya heyətinin iş sənədi: Azərbaycan üzrə tərəqqi haqqında Hesabat”ın 4-cü “Ticarətlə əlaqəli məsələlər, bazar və tənzimləyici islahat” bölməsində qeyd edilmişdir ki, “Dövlət Statistika Komitəsi yaxşı fəaliyyət göstərir, onun büdcəsi illik əsasda müntəzəm olaraq artırılır, ... əməkdaşların çatmaması artıq problem deyildir”. İKT üzrə statistik məlumatların toplanması ilə məşğul olan beynəlxalq təşkilatların birgə əməkdaşlığı sayəsində hazırlanmış və “İnkişaf naminə İKT-nin ölçülməsi üzrə partnyorluq” çərçivəsində İKT statistikası məlumatlarının statistikada mövcudluq səviyyəsi xarakterizə olunan, BMT tərəfindən nəşr olunmuş “Qlobal İnformasiya Cəmiyyəti: Statistik Baxış” sənədinə əsasən, Azərbaycan Respublikası İKT statistikası ilə bağlı göstəricilərin mövcudluğu səviyyəsinə görə 238 ölkə arasında 84.1 faizlə (mövcud olan göstəricilərin ümumi göstəricilərin sayına nisbətinə görə) 30-cu, əsas göstəricilərin mövcudluq səviyyəsinə görə 36-cı (84.4 faiz) sıradadır. Dünya üzrə orta göstərici 43.5 faizdir və Azərbaycan 17 keçid ölkəsi, o cümlədən MDB ölkələri arasında 1-ci yerdə olmuşdur.
BVF-nin Statistika Departamentinin məlumat yayım standartları şöbəsinin rəhbəri Kimberli D.Zieşanq qiymət statistikası sahəsində işləri qiymətləndirmək məqsədilə Komitədə olmuş, istehlak qiymətləri indeksinin hesablanmasını yüksək qiymətləndirmiş, görülən işlərin beynəlxalq qaydalara uyğun səviyyədə təşkil olunduğu qənaətinə gələrək, indeksin əhatə dairəsi, məlumat mənbəyi, mövcud konsepsiyalara uyğunluq, şəffaflıq, tətbiq olunan statistik üsullar, son məlumatın etibarlılığı və s. kimi 22 maddə üzrə qiymətləndirmə aparmış və İQİ-nin 19 maddəsi üzrə işləri ən yüksək qiymətə layiq görmüş, 3 maddə üzrə isə ondan bir pillə aşağı qiymətləndirildiyini qeyd etmişdir.
Əldə olunmuş nailiyyətləri daha da inkişaf etdirmək üçün Azərbaycan hökuməti tərəfindən 2006-cı il noyabrın 14-də qəbul olunmuş Avropaya İnteqrasiya üzrə Avropa Qonşuluq siyasəti çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında Fəaliyyət Planında da Azərbaycanda statistikanın inkişafına xüsusi diqqət ayrılmışdır. Fəaliyyət Planında 2011-ci ilədək dövr ərzində Avropa İttifaqı Statistika Bürosunun tövsiyələrinə uyğun olaraq, qanunvericiliyin təkmilləşdirilməsi, statistikanın müvafiq sahələrinin Avropa standartlarına uyğunlaşdırılması məqsədi ilə qısa və orta müddətli inkişaf strategiyasının işlənməsi, mövcud resurslar və məlumatların keyfiyyətinə olan ehtiyaclar arasında optimal balansın təmin edilməsi məqsədi ilə statistik xidmətlərin yenidən strukturlaşdırılması üçün addımların atılması, Avropa standartlarına uyğunlaşdırmaqla milli təsnifatlar sisteminin və statistik metodologiyanın təkmilləşdirilməsi, ASA-95 (Avropa Hesablar Sistemi) standartlarının tətbiqinin tam başa çatdırılması, milli statistika sistemində informasiya və kommunikasiya texnologiyalarının modernləşdirilməsi və biznes registrin keyfiyyətinin və əhatəliliyinin yaxşılaşdırılması kimi məsələlər nəzərdə tutulmuşdur. Bu məsələlərin yerinə yetirilməsi Azərbaycan statistikasının Avropa statistikasına inteqrasiyasına və ona uyğunlaşdırılmasına kömək göstərəcəkdir.
Göstərilən Proqramın daha yüksək səviyyədə yerinə yetirilməsi üçün Tvinninq proqramı üzrə işlər həyata keçirilmiş, “Milli hesablar, müşahidə olunmayan iqtisadiyyat, biznes statistikası və istehsalçı qiymətləri indeksi sahələrinin Avropa standartlarına çatdırılması sahəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək göstərilməsi”nə dair Avropa İttifaqı ilə 2 illik proqram layihəsi imzalanmış və rəsmi olaraq 2009-cu ilin noyabr ayının 13-dən onun yerinə yetirilməsinə başlanmışdır.
Bu gün heç vaxt olmadığı kimi, statistik məlumatların keyfiyyəti statistiklərin peşəkarlığından, onların statistik müşahidələri bacarıqla təşkil etməsindən və aparılmasından, respondentlərdən alınmış məlumatların təhlilindən, onların səhvlərini aşkara çıxarmaqdan, rəsmi statistika metodologiyaları əsasında göstəricilərin hesablanmasını həyata keçirməkdən ibarətdir. Təcrübə göstərir ki, statistik məlumatların toplanması yalnız çox böyük əmək və vəsait tələb etmir, həmçinin müxtəlif bilikləri, müasir iqtisadiyyat və sosial həyatı başa düşməyi tələb edir. Əgər bunlar olmasa, sosial-iqtisadi hadisələr başa düşülmürsə, onda göstəricilərin hesablanması çətinləşir, keyfiyyət aşağı düşür. Bunları, habelə ölkədəki maliyyə vəziyyətini başa düşərək, Dövlət Statistika Komitəsi 1992-ci ildən başlayaraq bu problemi TACİS proqramı çərçivəsində həll etməyə çalışmışdır. Seminar və kurslar beynəlxalq təşkilatların və xarici ölkələrin maliyyə yardımı və mütəxəssislərinin köməyi ilə həm Azərbaycanda, həm də xarici dövlətlərdə təşkil edilmişdir. Belə seminar və kurslar arasında BVF və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən uyğun olaraq “MHS” və “Rəsmi statistikanın əsasları” mövzularında keçirilmiş kursları xüsusi qeyd etmək olar. Bunlardan əlavə, xarici ölkələrin bir çox ekspertləri statistikanın müxtəlif sahələri üzrə kömək göstərmək məqsədilə Bakıya gəlmiş və 1993-2010-cu illərdə Dövlət Statistika Komitəsinin 850-dən çox mütəxəssisi xarici ölkələrdə təşkil edilmiş seminar və kurslarda, beynəlxalq konfranslarda iştirak etmişdir. Mütəxəssislərin beynəlxalq statistika sahəsində bilgilərini artırmaq məqsədi ilə “Rəsmi statistikanın əsas prinsipləri”, “Beynəlxalq statistika fəaliyyətinin əsas prinsipləri” və “Avropa İttifaqına üzv ölkələrin və İttifaqın statistika orqanları üçün Avropa statistikasının Normalar Məcəlləsi”ni əhatə edən “Statistikaya dair beynəlxalq normativ hüquqi aktlardan nümunələr” kitabçası azərbaycan dilində nəşr edilmişdir.
2000-2010-cu illərdə Dövlət Statistika Komitəsi sistemində işləyən ali təhsilli qeyri-profil ixtisasa malik 130-dan çox mütəxəssis ixtisaslarını dəyişmək üçün Azərbaycan Dövlət İqtisad Universitetinə göndərilmiş və onlar iqtisadçı diplomu almışlar.
Statistika sahəsində qarşılıqlı və səmərəli əlaqələr yaratmaq, qarşıda duran vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək məqsədilə son illərdə “Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə (31.05.2007-ci il), “Azərbaycan Respublikasının Hesablama Palatası ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi arasında qarşılıqlı əməkdaşlıq qaydaları barədə razılaşma” (27.08.2007-ci il), “Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi arasında sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət və vergi qeydiyyatı məlumatlarının mübadiləsi haqqında razılaşma” (31.12.2007-ci il), “Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi arasında iqtisadi-texniki məlumatların mübadiləsi haqqında razılaşma” (18.04.2008-ci il) və “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Türkiyə İş Adamları Birliyi arasında Partnyorluq Sazişi” imzalanmışdır.
Statistikanın inkişafının bütün tarixi ərzində və Azərbaycanda statistika orqanlarının fəaliyyətində, onun bu və ya digər mərhələlərində qarşıda duran vəzifələrin yerinə yetirilməsinin təmin edilməsində mühüm rol statistik kadrlara məxsus olmuşdur. Bir qayda olaraq, statistika orqanlarında öz bilik və təcrübələrini gənc mütəxəssislər nəslinə öyrədən, statistika orqanları qarşısında duran vəzifələri yaxşı başa düşən, böyük iş təcrübəsinə malik, ixtisaslı, vicdanlı və cavabdeh kadrlar çalışmışlar. Statistika orqanlarının əməkdaşlarının iş ənənələri və vərdişləri illərlə formalaşmışdır. Nəyin bahasına olmasından asılı olmayaraq, statistik müşahidələrlə statistik vahidlərin tam əhatə olunması, statistik materialların vaxtında yığılması, işlənməsi, yayılması və hazırlanan yekun hesabatların keyfiyyətliliyinin təmin edilməsi onlar üçün xarakterik olmuşdur. Onlardan bir çoxu statistika sahəsində on illərlə işləyərək ölkənin inkişafının müxtəlif dövrlərində statistika orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində, iqtisadi təhlillərin təkmilləşdirilməsində, statistik uçotun yaxşılaşdırılmasında yüksək əmək sərf etmişlər və onların bu əməyini qiymətləndirmək çətindir.
Bu xüsusiyyətlər illərlə formalaşmış, yaradılmış və nəsildən-nəslə ötürülmüşdür. Məhz buna görə də, statistika orqanlarının əksər işçiləri bir qayda olaraq uzun illər öz iş yerlərində çalışmışlar və yalnız ahıl yaşlarında işdən çıxmışlar. Onlar təqaüdə çıxdıqdan sonra belə, statistika ilə uzun müddət əlaqə saxlayır, müxtəlif tədbirlərdə iştirak edirlər.
Öz həyatlarının böyük bir hissəsini statistikaya həsr etmiş insanların soyadlarını sadalamaqla qurtarmaq olmaz. Bu gün həmin veteranları müasir gənclər əvəzləyirlər ki, onlar da statistiklərin mürəkkəb, ancaq maraqlı peşələrini mənimsəyirlər.
Azərbaycanda statistikanın yaradılması və inkişafı tarixində müxtəlif vaxtlarda dövlət statistikasının yaradılmasının əsasını qoymuş və uzun illər ərzində onun təkmilləşdirilməsində yaxından iştirak etmiş və müxtəlif dövrlərdə ona rəhbərlik etmiş Vladimir Smirnov (09.08.1920 - 26.02.1927), Həmid Sultanov (26.02.1927 - 27.10.1928), Böyükağa Talıblı (27.10.1928 - 23.10.1929), İ.Əliyev (23.10.1929 - 04.09.1932), Aleksandr Qindin (04.09.1932 - 03.03.1934), Nağı Bağırov (03.03.1934 - 28.09.1936), İlya Peçerskiy (28.08.1936 - 26.09.1937), Əli Abdulov (26.09.1937 - 21.06.1942), Səməd Süleymanov (21.06.1942 - 01.04.1963), Hüseyn Zeynalov (01.04.1963 - 27.09.1974), Sabit Abbasəliyev (01.10.1974 - 14.12.1979), Xəlil Məmmədov (25.05.1983 - 26.01.1989), Əjdər Əliyev (26.01.1989 - 09.05.1993) və Arif Vəliyevi (14.12.1979 - 25.05.1983 və 09.05.1993-cü ildən hazırkı dövrədək), bundan əlavə, ölkədə statistikanın yaradılmasında, inkişafında, təkmilləşdirilməsində və beynəlxalq standartlara uyğunlaşdırılmasında N.Tağızadə, S.Rudşteyn, İ.Reznikov, İ.Gülməmmədov, Y.Gəncinski, B.Mixels, Ş.Əfəndiyev, F.Abidov, Ş.Məmmədov və A.Mansurovun əməyini xüsusi qeyd etmək lazımdır.
Statistikanın bir çox əməkdaşları statistika orqanlarında müvəffəqiyyətli işlərinə görə orden və medallarla, fəxri fərmanlarla mükafatlandırılmış, respublikanın “Əməkdar iqtisadçı”sı adına layiq görülmüşdür. Əldə olunan məlumatlara görə, 20-ci əsrin 50-ci illərindən sonra 50 nəfər ordenlə (o cümlədən 1 nəfər “Lenin” ordeni, 10 nəfər “Qırmızı Əmək Bayrağı” ordeni, 4 nəfər “Xalqlar Dostluğu” ordeni, 1 nəfər “Oktyabr İnqilabı” ordeni, 4 nəfər “Şərəf” ordeni, 30 nəfər “Şərəf Nişanı” ordeni ilə), 67 nəfər medallarla (o cümlədən 2 nəfər “Əmək rəşadəti”, 28 nəfər “Əməkdə fərqlənməyə görə”, 12 nəfər “Fədakar əməyə görə”, 25 nəfər “Əməkdə fədakarlığa görə”), 87 nəfər Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır. Bundan əlavə, 21 nəfərin adı SSRİ Mərkəzi Statistika İdarəsinin “Fəxri Kitabı”na, 85 nəfərin adı isə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin “Fəxri Kitabı”na yazılmışdır, 230 nəfər SSRİ Mərkəzi Statistika İdarəsinin və 74 nəfər Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Əmək fəaliyyətlərinə görə 18 nəfər, o cümlədən Abidov F.C., Bəndəliyev Z.A., Zeynalov H.Y., İsmayılzadə Y.B., Əfəndiyev Ş.M., Məmmədov Ş.A., Rzayeva H.B., Hacıyev S.C., Kotelevskaya Q.S., Sadikova S.Ə., Fərziyev H.A., Vəliyev S.C. və digərləri Azərbaycanın SSR-nin “Əməkdar iqtisadçı”sı adına, 65 nəfər isə “Əmək veteranı” adına layiq görülmüşlər.
Bu ənənələr Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra da davam etdirilir. Son illərdə öz fəaliyyətində fərqləndiklərinə görə 1 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2 nəfər “Tərəqqi” medalı, 1 nəfər isə “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Bunlardan əlavə, statistik kadrların yüksək vəzifələrə irəli çəkilməsinə də xüsusi diqqət yetirilmişdir. 1970-1980-ci illərdə S.Abbasəliyev Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri vəzifəsinə təyin olunmuş, E.Qəhrəmanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə işə qəbul edilmişdir. Bu ənənə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra da davam etdirilmişdir. Müstəqillik dövründə E.Qəhrəmanov Milli Məclisin deputatı seçilmiş, N.Babayev və M.Yusibov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbələrinə işə qəbul edilmiş, yerli statistika orqanlarında uzun illər işləmiş və təcrübə toplamış kadrlardan Saatlı Rayon Statistika İdarəsinin rəisi R.Salahov, Sabirabad Rayon Statistika İdarəsinin rəisi V.Həsənov, İsmayıllı Rayon Statistika İdarəsinin rəisi P.Ağayev, Qobustan Rayon Statistika İdarəsinin rəisi S.Cəfərli və Qusar Rayon Statistika İdarəsinin rəisi Ş.Paşayev müvafiq rayonlarda icra hakimiyyəti başçılarının müavini vəzifələrinə təyin olunmuşlar. Statistikanın bütün tarixində gənc kadrların statistika sistemində yüksək vəzifələrə irəli çəkilməsi də bir ənənə halını almışdır.
Bütün yuxarıda qeyd olunanlar, yəni statistika sahəsində əldə olunan nailiyyətlər dövlətin və hökumətin yüksək qayğısı sahəsində mümkün olmuşdur. Ulu öndər H.Əliyev öz çıxışlarında statistikaya yüksək qiymət verərək aşağıdakıları qeyd etmişdir: “Statistika Komitəsi əsas dövlət orqanlarından biridir” və “Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır”.
Bu il Azərbaycanın hazırkı ərazisində statistikanın bu və ya başqa formada təşkilindən 164 il keçir, rəsmi statistikanın isə 90 yaşı tamam olur. Bu gün ölkə statistika sistemi yüksək ixtisaslı həmfikirlərin yaradıcı kollektividir. Öz fəaliyyətlərinin bir çox istiqamətləri üzrə MDB ölkələri arasında öncül yerlərdən birini tutur. Hazırda Azərbaycanın statistika sistemində 1490 nəfər işləyir və onlardan da 174-ü Dövlət Statistika Komitəsinin mərkəzi Aparatında, 1040 nəfəri isə rayon (şəhər) bölmələrində çalışırlar. Halbuki Azərbaycan SSR Xalq Komissarları Şurasının 17 dekabr 1922-ci il tarixli iclasının 41 saylı protokolu ilə 1923-cü il üçün Mərkəzi Statistika İdarəsinin ştatı 52 nəfər təsdiq edilməsini, göstərilən qərarda rayon statistika büroları üçün ştatların 3 nəfər müəyyənləşdirildiyini və 1920-ci illərin sonuna təqribən 60 rayon bölümünün mövcud olduğunu nəzərə alsaq, bizim hesablamalarımıza görə, yerli statistika orqanlarında təqribən 200 nəfər, ümumilikdə statistikada təqribən 250 nəfər çalışmışdır.
1993-2010-cu illərdə statistika sahəsində islahatların əsas istiqamətləri ölkəmizdə həyata keçirilən islahatlar və onların inkişafının baza şəraiti ilə sıx əlaqədə hazırlanmışdır. Bunlardan ən əsasları ölkədə statistikanın təşkilinin milli sisteminin yaradılması və inkişaf etdirilməsi, beynəlxalq və dünya standartları nəzərə alınmaqla, statistikada ölkənin öz modelinin yaradılması, baş verən ictimai-iqtisadi hadisələrin məlumatlarla əks etdirilməsinin ümumi prosesində Dövlət Statistika Komitəsinin inteqrasiya funksiyasının gücləndirilməsi, statistik məlumatların obyektivliyinin təmin edilməsi və s. ibarətdir. Bu prinsiplər əsasında bazar münasibətləri və ona keçid dövründə iqtisadiyyatı kompleks xarakterizə edən statistik göstəricilər sistemi işlənib hazırlanacaqdır.
Statistiklər öz ad-sanlarının statistikanın yenidən qurulmasının müvəffəqiyyətindən, peşəkarlığın artırılmasından, mütəxəssislərin fəallığından asılı olduğunu və hələ çox işlər görülməsinin vacibliyini başa düşərək, yüksək nüfuz iddiasında deyillər. Hər şeydən əvvəl isə, ictimaiyyətin statistikaya inam və etimadını qazanmağı, statistikanın təkmilləşdirilməsi prosesinin gərəkliliyini qəbul edərək, bu istiqamətdə müəyyən addımlar atırlar.
Statistikanın hüquqi cəhətdən müdafiə olunmasının gücləndirilməsi, dövlət statistika orqanlarının qanunvericilik statusunun daha da dəqiqləşdirilməsi yeni şəraitdə prinsipial əhəmiyyət kəsb edir. Burada, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, uçot və hesabat sahəsində bütün müəssisə və təşkilatların öz vəzifələrini düzgün başa düşmələri də böyük əhəmiyyət kəsb edir. Statistikaya qarşı mədəni münasibət hər hansı bir qanunun qəbul edilməsi ilə deyil, cəmiyyət üzvlərinin özlərinin onu dərindən dərk etməsi ilə yarana bilər. Statistika fəaliyyətinin beynəlxalq səviyyəyə tam çatdırılması və bu əsasda ölkədə statistika xidmətinin nüfuzunun qaldırılması üçün məqsədyönlü və gərgin iş aparmaq lazımdır.
Azərbaycanın statistikləri qarşıda duran vəzifələri dərk edərək inanırlar ki, yaxın gələcəkdə dünya standartlarına uyğunlaşdırılmış, bütün ölkə əhalisi tərəfindən dəstəklənən keyfiyyətli və obyektiv statistikanın yaradılması işi başa çatdırılacaqdır. Statistikanın dünya statistikasına inteqrasiyası tam həyata keçiriləcək və bu işdə istiqamətverici sənəd 1999-cu ilin iyul ayının 1-dən qüvvəyə minmiş “Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında Razılıq”ın 68-ci “Statistika sahəsində əməkdaşlıq” maddəsi, Azərbaycan Hökuməti tərəfindən 2006-cı il noyabrın 14-də qəbul olunmuş Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında Fəaliyyət Planının statistikaya həsr olunmuş bölməsi, statistikanın inkişafına dair hər 5 ildən bir qəbul edilən Dövlət proqramları, 2000-2001-ci illərdə hazırlanmış “Azərbaycan Respublikası statistika sisteminin gücləndirilməsi”, “Dövlət Statistika Komitəsinin kadr siyasətinə dair”, “Azərbaycan Respublikasında müəssisələr statistikası”, “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi məlumat texnologiyalarının inkişafı” və “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlar texnologiyasının inkişafı üzrə texniki və texnoloji siyasəti” konsepsiyaları olacaqdır. Beynəlxalq əməkdaşlıq qismən Azərbaycan statistika sisteminin beynəlxalq metodlara, standartlara və təsnifatlara uyğunlaşdırılması, statistik məlumatların mübadiləsi, iqtisadi islahatların idarə edilməsi və həyata keçirilməsi üçün zəruri makro və mikro iqtisadi statistik məlumatlarla təminatı istiqamətlərində həyata keçiriləcəkdir.
Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar olaraq, statistikanın qarşısında kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur və bu tədbirlər “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair” Dövlət Proqramı ilə müəyyənləşdirilmişdir. Dövlət Proqramına uyğun olaraq, 2012-ci ilədək iqtisadi sahələr üzrə makroiqtisadi göstəricilərin və onların hesablanması metodologiyasının, beynəlxalq statistika standartlarının tələblərinə əsasən statistik müşahidələrin və göstəricilərin metodologiya və proqramlarının təkmilləşdirilməsinə, iqtisadi-statistik standart təsnifatlar sisteminin inkişaf etdirilməsi və beynəlxalq səviyyədə qəbul edilmiş təsnifatlara uyğun milli statistika təsnifatlarının hazırlanması və ölkə praktikasında tətbiqinə, statistik müşahidələrin müasir metodlarının tətbiqi əsasında respondentlərə düşən məlumat yükünün minimuma endirilməsinə, dövlət hakimiyyəti orqanlarının hazırladığı statistik informasiya resurslarının inteqrasiya və uyğunlaşdırılmasına, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əsasında rəsmi statistika orqanlarında statistik informasiyaların toplanması, işlənməsi, saxlanması və yayılması sisteminin yeniləşdirilməsinə, statistik informasiyanın istifadəçiləri ilə qarşılıqlı əlaqə sisteminin inkişafına, beynəlxalq əməkdaşlığın təşkili və genişləndirilməsinə və yerli statistika orqanlarının iş şəraitlərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetiriləcəkdir. Bu işlər yerinə yetirilərkən ölkədə aparılan iqtisadi islahatlar haqqında beynəlxalq standartlara cavab verən statistik məlumatların keyfiyyətinin daha da yaxşılaşdırılmasına xüsusi fikir veriləcəkdir.

İstifadə edilmiş ədəbiyyatlar


1. Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 61, iş 1, 203, 422
2. Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 77, iş 289
3. Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 271, iş 38
4. Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 410, iş 8, 9, 11, 80, 171, 179, 189, 329
5. Azərbaycan Respublikasının Dövlət Arxivi – fond 379, siyahı 1, iş 385, 1580, 1856, 2298, 2389, 2835, 2946, 4700, 5347, 6475, 6891, 7034, 7152
6. Azərbaycan Respublikasının Dövlət Arxivi - fond 2941, siyahı 7, iş 1028, 1101, 1210, 1872, 2342
7. Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 410a, iş 166
8. Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 411, iş 56
9. Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 412, iş 81
10. Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 2511, iş 100, 101, 175, 416, 423, 425, 530, 535
11. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivi – fond 1, siyahı 42, iş 1373; fond 1, siyahı 7,
iş 2699; fond 1, siyahı 8, iş 5249; fond 1, siyahı 42, iş 1373
12. “Dekret Azerbaydjana - 1920” kitabı, Bakı
13. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin arxivi - fond 2511, siyahı 16 - iş 3, 4, 68; siyahı 16-l - iş 1, 13, 43, 45, 49; siyahı 16-l/1 - iş 180
14. Azərbaycan Sovet Ensiklopediyası, 1-ci cild, Bakı, 1976
15. “Azərbaycan tarixi”, 2-ci cild, Bakı - 1964
16. Rusiya Dövlət Statistikası - 1802-1996, Moskva, 1996
17. Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Arxiv İdarəsi, Azərbaycan SSR Oktyabr İnqilabı və Sosialist Quruculuğu Mərkəzi Dövlət Arxivi – bələdçi (soraq kitabçası),
M.İ.Naydelinin redaktəsi altında. Birləşmiş Nəşriyyat. Bakı, 1959.

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim