Əhali
Son yenilənmə: 28.09.2016
Bölmələrdə demoqrafik prosesləri xarakterizə edən və inzibati ərazi bölgüsü, əhalinin sayı və tərkibi, əhalinin təkrar istehsalının ümumi göstəriciləri, doğum, ölüm, səbəblər üzrə ölüm, nikah və boşanmalar, miqrasiya və beynəlxalq müqayisələr ilə bağlı məlumatlar öz əksini tapmışdır.
"İnzibati ərazi bölgüsü, əhalinin sayı və tərkibi" bölməsində Azərbaycanın inzibati ərazi bölgüsü, əhalinin sayına görə rayon və şəhər yerlərinin qruplaşması, əhalinin sayı, cins və yaş qrupları üzrə bölgüsü, milli tərkibi, ana dili və danışdığı digər dillər, əhalinin savadlılıq səviyyəsi haqqında məlumatları əks etdirilir.
"Əhalinin təkrar istehsalının ümumi göstəriciləri" bölməsində doğulanlar, ölənlər və əhalinin təbii artımı, şəhər və kənd yerləri üzrə ümumi nəsilvermə əmsalı, doğulanda gözlənilən ömür uzunluğu, əhalinin təkrar istehsalının əmsalları haqqında məlumatlar cəmlənir.
"Doğum" bölməsi ananın yaşına görə diri doğulanlar, doğumun yaş əmsalları, doğum ardıcıllığı üzrə diri doğulanların sayı, ananın yaşı və doğum ardıcıllığına görə diri doğulan uşaqların sayı, rəsmi qeydə alınmış və alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı, doğum zamanı ananın orta yaşı, ananın nikah vəziyyətinə görə diri doğulanlar haqqında məlumatları əhatə edir.
"Ölüm" bölməsində cins və yaş qrupları, eləcə də şəhər və kənd əhalisi üzrə ölənlərin sayı, ölümün əmsalları, əmək qabiliyyətli yaşda ölənlərin sayı, ana ölümü, 5 yaşadək uşaq ölümü və körpə ölümü haqqında məlumat verilir.
"Səbəblər üzrə ölüm" bölməsində bütün əhali və 1 yaşa qədər uşaqlar arasında ölümün əsas səbəbləri, ölümün əsas səbəbləri üzrə əmək qabiliyyətli yaşda olan əhali arasında ölənlərin sayı, ölümün əmsalları haqqında informasiya şəhər və kənd yerləri üzrə verilir.
"Nikah və boşanmalar" bölməsində rəsmi qeydə alınmış nikah və boşanmaların sayı, ümumi əmsalları, nikaha daxil olanların orta yaşı, nikahın davametmə müddətinə və boşananların yaşına görə boşanmalar, uşaqlı ailələrdə boşanmaların sayı, bəy və gəlinin yaşına görə nikahlar, ailələrin ailə üzvlərinin sayına və uşaqların sayına görə bölgüsü haqqında məlumatlar verilir.
"Miqrasiya" bölməsində Azərbaycana daimi yaşamaq üçün xarici ölkələrdən gələn və Azərbaycandan daimi yaşamaq üçün gedənlərin ölkələr üzrə və miqrantların cins və yaş qrupları üzrə bölgüsü verilir.
"Dünya ölkələri üzrə bəzi demoqrafik göstəricilər" bölməsi ayrı-ayrı dünya ölkələri üzrə bəzi demoqrafik göstəriciləri əhatə edir.

Şərti işarələr:
« - » məlumat yoxdur.
« ... » məlumat işlənməmişdir.
« 0.0 » məlumat istifadə olunan uyğun ölçü vahiddən olduqca kiçikdir.
kişisel blog