Ev təsərrüfatları büdcəsi
Son yenilənmə: 01.09.2016
Ev təsərrüfatlarının gəlirlərinə – əmək gəlirləri, pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial transfertlər, kənd təsərrüfatı məhsullarının satışından əldə olunan gəlirlər, mülkiyyətdən əldə olunan gəlirlər, qiymətli kağızların faizləri, dividendlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin gəlirləri və ailə üzvlərinin digər gəlirləri daxildir. Natura şəklində daxil olmuş ərzaq məhsullarının, yardım və güzəştlərin pulla ifadə olunmuş dəyəri də ev təsərrüfatlarının gəlirlərinə aid edilir.
Ev təsərrüfatlarının istehlak xərcləri – ərzağa qeyri-ərzaq məhsullarına, alkoqollu içkilərin alınmasına, xidmətlərin ödənilməsinə çəkilən xərcləri əhatə edir. Ev təsərrüfatlarının vergi, rüsum, ödəmə, borc, aliment, qohumlara yardım, cərimə, kreditlərin ödənilməsi və s. istehlaka aid olmayan xərclər istehlak xərclərinə aid edilmir.
Əhalinin adambaşına orta pul gəlirlərinin ölçüsünə görə bölgüsü - verilmiş müəyyən intervallar üzrə adambaşına pul gəlirlərinin ölçüsünə görə əhalinin sayını (xüsusi çəkisini) və əhalinin maddi vəziyyətinin ölçüsünə görə təbəqələşməsini səciyyələndirir.
Ev təsərrüfatlarında ərzağın dəyəri – ev təsərrüfatlarında istehlak üçün alınmış ərzaq məhsullarının alınmasına və evdən kənarda qidalanmaya çəkilən pul xərclərindən, eləcə də natura şəklində daxil olmuş ərzaq məhsullarının dəyərindən ibarətdir
Ev təsərrüfatlarının sərəncamda qalan gəlirləri – ev təsərrüfatında xərcləri təmin etmək və əmanətlər yaratmaq üçün pul vəsaitlərinin, eləcə də natura şəklində daxil olmuş ərzaq məhsullarının, yardım və güzəştlərin dəyərinin cəmindən ibarətdir. Ssuda və kreditlərin, əvvəl yığılmış pul kütləsinin və ev təsərrüfatlarının ümumi gəlirinin cəmi kimi hesablanır (tədqiqat müddətində ev təsərrüfatının təmin olunmuş xərcləri ölçüsündə).
Kvintil (20%) qrupları üzrə göstəricilər alınarkən ev təsərrüfatlarının adambaşına sərəncamda qalan gəlirləri artan qaydada düzülərək ev təsərrüfatlarının sayına görə 5 bərabər 20%-lik qrup yaradılır. Bu zaman birinci kvintilə ən az gəlirləri olanlar, beşinci kvintilə isə ən çox gəlirləri olan ev təsərrüfatları düşür. Desil (10%) qrupları eyni qayda ilə məlumatlar düzülərək 10 bərabər hissəyə bölünür. Təhlil və müqayisə üçün eyni göstəricilər istehlak xərclərinə görə də alınır.
Ev təsərrüfatları büdcələrinin seçmə tədqiqatı əhalinin həyat səviyyəsinin dövlət tərəfindən statistik müşahidə metodudur və “Azərbaycanda statistik işlərin reqlamenti”nə uyğun olaraq dövlət statistika orqanları tərəfindən aparılır.
Ev təsərrüfatları büdcələrinin seçmə tədqiqatı əhalinin müxtəlif qrup və təbəqələrinin həyat səviyyəsi haqqında iqtisadi-statistik məlumatlar almaq üçün keçirilir. Onun məlumatlarından İstehlak Qiymətləri İndeksinin hesablanmasında, Milli Hesablar Sisteminin aparılmasında, əhalinin həyat səviyyəsində baş verən dəyişikliklərin təhlil edilməsi və əhalinin sosial müdafiəsi üçün tədbirlər sisteminin hazırlanmasında geniş istifadə olunur.
kişisel blog