Dövlət Statistika Komitəsində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş mərasim keçirilmişdir
2014-cü il 17 yanvar tarixində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində 20 yanvar hadisələrinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Tədbir 20 yanvar faciəsi şəhidlərinin əziz xatirəsinin 1dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Mərasimi giriş sözü ilə açan Dövlətstatkomun Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Elbrus Quliyev bildirmişdir ki, 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu qətliam insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Sovet ordusu əsgərlərinin Bakıda törətdiyi bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş cinayət olduğunu, doğma Azərbaycanımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacığı bildirilmişdir.
Anım mərasimində 20 Yanvar faciəsindən bəhs edən “Şəhidlər ölməz” sənədli filmi nümayiş etdirilmişdir.