AZ    EN
logo

Dövlət Statistika Komitəsi nümayəndələrinin Çexiyanın Statistika İdarəsinə təlim səfəri haqqında

18.11.2013

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri Nuru Süleymanov və şöbənin baş məsləhətçisi Sevinc Hüseynova cari il oktyabrın 29-dan noyabrın 1-dək Çexiyanın Statistika İdarəsində təlim səfərində olmuşlar.
Təlim səfərinin əsas məqsədi Çexiya Statistika İdarəsində sığorta xidmətləri buraxılışının hesablanması və maliyyə sektoru hesablarının qurulması sahəsində təcrübəsinin öyrənilməsi, həmçinin idarədə MHS-2008-in analoqu olan 2010-cu ilin Avropa Hesablar Sisteminin (AHS-2010) tətbiqi üzrə aparılan işlərlə tanışlıqdan ibarət olmuşdur. Tədbirdə Maliyyə korporasiyalarının alt-sektorları və onların AHS-2010-a uyğun müəyyən edilməsi; Sığorta təşkilatları və xüsusi pensiya fondları üzrə AHS-2010-un tövsiyələrinə uyğun milli hesablar statistikası göstəricilərinin hesablanması; Maliyyə korporasiyaları sektorunun digər vahidləri üzrə milli hesablar statistikası göstəricilərinin hesablanması və hesablarda əks etdirilməsi; Mərkəzi Bankın bazar və qeyri-bazar buraxılışı; Fasiləsiz inventarlaşdırma (PIM) metodu ilə əsas kapitalın istehlakı göstəricisinin hesablanması və digər müxtəlif məsələlər müzakirə olunmuşdur.
Tədbirdə AHS-2010-da maliyyə korporasiyalarının alt-sektorları, onların tərkibi və müəssisə və təşkilatların həmin alt-sektorlara aid edilməsi meyarları haqqında məlumat verilmiş, Azərbaycanda fəaliyyət göstərən bir sıra dövlət və maliyyə təşkilatlarının sektoral mənsubiyyətinin müəyyən edilməsi ətrafında müzakirələr aparılmış və bir sıra təşkilatlar üzrə ümumi razılıq əldə edilmişdir.
Bununla yanaşı Dövlət Statistika Komitəsində MHS-2008-in tövsiyələrinə uyğun maliyyə vasitəçilərinin şərti hesablanmış xidmət haqları (FISIM) üzrə yeniləşdirilmiş hesablamalar xarici mütəxəssislərə təqdim edilərək müzakirə olunmuş və müsbət qiymətləndirilmişdir.
Çexiya Statistika İdarəsinin Milli hesablar şöbəsinin müdiri və mütəxəssisləri PIM metodunun tətbiqi və digər maraqlı məsələlər üzrə Dövlət Statistika Komitəsinin mütəxəssisləri ilə əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bildirmiş və 2014-cü ilin aprel-sentyabr aylarında əsas kapitalın istehlakının hesablanmasına dair praktiki seminarların təşkil olunmasını təklif etmişlər.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim