Gürcüstanın Tbilisi şəhərində “Körpə və 5 yaşadək uşaq ölümü” mövzusunda Seminar keçirilmişdir
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Əhali və gender statistikası şöbəsinin aparıcı məsləhətçisi Vüqar Şahbazov cari il oktyabr ayının 16-18-də BMT-nin Uşaq Fondunun (UNİCEF) dəstəyi ilə Gürcüstanın Tbilisi şəhərində Qafqaz və Mərkəzi Asiya ölkələri üçün təşkil edilmiş “Körpə və 5 yaşadək uşaq ölümü” mövzusunda seminarda iştirak etmişdir. Seminarda Qafqaz (Azərbaycan, Gürcüstan və Ermənistan) və Mərkəzi Asiya (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) ölkələrinin statistika xidmətlərinin, səhiyyə orqanlarının və ölkələr üzrə BMT-nin Uşaq Fondunun nümayəndələri də iştirak etmişlər.
Seminarın əsas məqsədi neonatal və perinatal ölümlərin qarşısının alınması məqsədilə “Çox Göstəricili Klaster Sorğusunun” (ÇGKS) və yaxud “Demoqrafiya və Sağlamlıq Sorğusunun” (DSS) ölkələrdə şəffaf, obyektiv, keyfiyyətli keçirilməsinə dair tədbirlərin görülməsi, sorğu əsasında əldə edilmiş məlumatların dolğun təhlil olunması, ölüm səbəblərinin düzgün kodlaşdırılması olmuşdur.
Seminarın gündəliyinə Uşaq ölümü sahəsində məlumatlar və tendensiyalar; Uşaq ölümü ilə bağlı göstəricilərin ölçülməsi üçün məlumat mənbələri; Əhali və demoqrafiya statistikasının uçotu (sistem, standart və qiymətləndirmə); “Ev təsərrüfatlarında Çoxgöstəricili Klaster Sorğusu” (ÇGKS) və “Demoqrafiya və Sağlamlıq Sorğusu” (DSS); Məlumatların yaş və cins üzrə bölgüsünün qiymətləndirilməsi; Uşaq ölümü haqqında məlumatların keyfiyyətinin qiymətləndirilməsi; Ev təsərrüfatlarının məlumatlarına və əhalinin təbii hərəkətinin qeydiyyatına görə uşaq ölümünün qiymətləndirilməsi; Ölümün birbaşa və dolayı yolla qiymətləndirilməsi və s. məsələlər üzrə təqdimatlar daxil edilmişdir.