AZ    EN
logo

Azərbaycanda idman

05.07.2011


Ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sosial sferada, o cümlədən idman və bədən tərbiyəsində də sürətli inkişaf prosesi müşahidə olunur və bu sahədə qazanılan nailiyyətlər ildən-ilə artır. Son beş ildə idmançılarımız tərəfindən müxtəlif beynəlxalq yarışlarda ümumilikdə 2583, o cümlədən 927 qızıl, 709 gümüş və 947 bürünc medal qazanılmışdır. 2010-cu ildə beynəlxalq turnirlərdə 206-sı Olimpiya idman növləri üzrə olmaqla 675 medal əldə edilmiş və onların 85-i qadınlara məxsusdur. Medalların 182-si Dünya çempionatlarında, 97-si Avropa çempionatlarında, 83-ü Dünya kuboku yarışlarında qazanılmışdır. Gənc idmançılarımız Yeniyetmələrin Birinci Yay Olimpiya Oyunlarında böyük uğurla çıxış etmiş və 204 ölkə arasında 11-ci yeri tutmuşdurlar.
2011-ci ilin birinci yarısında idmançılarımız mühüm nailiyyətlər əldə etmiş və beynəlxalq yarışlarda 68-i Olimpiya idman növləri üzrə olmaqla 103 medal qazanmış, onların 24-ü qızıl, 30-u gümüş, 49-u bürüncdür.
İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2010-cu ildə ölkədə dörd Olimpiya İdman Kompleksi, Horadiz şəhərində müasir İdman Mərkəzi istifadəyə verilmiş, Mingəçevirdə Beynəlxalq Avarçəkmə Mərkəzi yenidən bərpa edilmişdir. Cari ilin iyun ayında tikintisinə ötən il start verilən və 5500 kvadratmetr ərazini əhatə edən Bakı Tennis Akademiyasının Mərkəzi Kortu istifadəyə verilmişdir. Bundan əlavə, mövcud idman qurğuları, stadionlar və digər idman meydançaları təmir edilmiş və günün tələblərinə uyğun olaraq yenidən qurulmuşdur. 2011-ci ilin əvvəlinə ölkədə idman qurğularının sayı 9,5 minə çatmış, bədən tərbiyəsi və idmanla məşğul olanların sayı 1649,8 min nəfər təşkil etmişdir. Əhali arasında futbol, voleybol, şahmat, yüngül atletika, basketbol, dama, tennis, boks və sərbəst güləş kimi idman növlərinə daha çox maraq göstərilir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim