AZ    EN
logo

Statistik məlumatların istifadəçilərinin rəyinin öyrənilməsinə dair keçirilmiş statistik müayinənin nəticələri

12.05.2011


Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən 2010-cu ildə statistik məlumatların istifadəçilərinin rəyinin öyrənilməsi üzrə müayinə keçirilmişdir. Müayinənin keçirilməsində məqsəd statistik məlumatların istifadəçiləri ilə əks əlaqə yaratmaqla onların statistik məlumatlara inam səviyyəsini, onların tərəfindən statistik məlumatların keyfiyyətinin qiymətləndirilməsini müəyyən etmək, statistika orqanının və onun əməkdaşlarının fəaliyyətini qiymətləndirməkdir.
Müayinə bütün ölkə ərazisində keçirilmiş və müxtəlif fəaliyyət sahələrini- dövlət idarəetmə orqanları, elmi-tədqiqat təşkilatları, radio və teleşirkətlər, informasiya agentlikləri, sənaye müəssisələrini və s. təmsil edən 2093 təşkilat sorğuda iştirak etmişdir. Respondentlər statistik məlumatların keyfiyyəti, statistika orqanının və onun əməkdaşlarının fəaliyyəti ilə bağlı verilən suallara öz münasibətlərini bildirmişlər. Alınan cavablar əsasında statistik məlumatların istifadəçilərinin məmnunluq və inam indeksləri hesablanmışdır. Məmnunluq indeksi 8.4-ə, inam indeksi isə 8.2-ə bərabər olmuşdur. Müvafiq indekslər 1-dən 10-a qədər qiymət ala bildiyindən alınan nəticələr statistik orqanın fəaliyyətinə inamın nisbətən yüksək olmasından xəbər verir. Qeyd etmək lazımdır ki, 2009-cu ildə keçirilmiş müayinə zamanı müvafiq indekslər 8.3 və 7.0-ə bərabər olmuşdur ki, bu da nəticələrin ötən ilə nisbətən yüksəldiyini göstərir.
Bununla yanaşı, sorğu zamanı statistik məlumatların istifadəçilərinin Dövlət Statistika Komitəsi tərəfindən verilən mühüm göstəricilərə münasibəti öyrənilmişdir. Respondentlər bu göstəricilər üzrə məlumatların real vəziyyəti nə dərəcədə əks etdirdiyini qiymətləndirmişlər. Respondentlərin 78.7 faizi əhalinin sayı, 70.5 faizi ümumi daxili məhsulun artım sürəti, 70.2 faizi əhalinin gəlirləri, 66.7 faizi işsizliyin səviyyəsi və 66.5 faizi isə inflyasiyanın səviyyəsi ilə bağlı məlumatlara inandığını bildirmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim