AZ    EN
logo

Tikinti haqqında

03.11.2010

Ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı tikinti kompleksi də inkişaf edir. 2010-cu ilin doqquz ayı ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 6,2 milyard manat və ya əvvəlki ildəkindən 15,2 faiz çox vəsait yönəldilmiş və onun 4,1 milyard manatı tikinti-quraşdırma işlərində istifadə edilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 77,3 faizi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 50,4 faizi məhsul istehsalı, 49,6 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Doqquz ayda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bir sıra yeni obyektlər işə salınmış, yeni iş yerləri açılmışdır. Naxçıvan şəhərində Avtomobil zavodu, Lənkəran rayonunda Konserv zavodu, Çay və Dondurma fabrikləri, Zaqatala rayonunda Süd və Tütün emalı zavodları, Abşeron rayonunda Duz zavodu, Cəlilabad rayonunda Göytəpə Su anbarı, Şərab istehsalı sexi, Müalicə-Diaqnostika Mərkəzi və Şahmat Məktəbi, Biləsuvar rayonunda Konserv zavodu və Regional Ana və Uşaq Mərkəzi, Ağstafa rayonunda mineral su istehsalı sexi, Salyan rayonunda Soyuducu Anbar Kompleksi, Qəbələ rayonunda "Gilan" Piano fabriki, meyvə-tərəvəz saxlamaq üçün soyuducu anbarlar, Avtovağzal binası, "Qafqaz Resort" və "Qafqaz Riverside" mehmanxanaları və "Fitnes" Sağlamlıq Mərkəzi, Gəncə şəhərində "Ramada Plaza" mehmanxanası, Bakı şəhərində Qranit-mərmər zavodu, "Dalğa Plaza" İş, "Park Bulvar" Ticarət, İstirahət və Sərgi mərkəzləri, Balakən rayonunda "Qubek" mehmanxanası, Ağdaş, Göyçay və Balakən rayonlarında Olimpiya İdman kompleksləri, ölkənin müxtəlif bölgələrində ümumi sahəsi 1,1 milyon kvadrat metr olan yeni yaşayış evləri, 9590 şagird yerlik ümumtəhsil məktəbi, 155 çarpayılıq xəstəxana, növbədə 140 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 250 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub və digər obyektlər istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 51,8 faizini müəssisə və təşkilatların vəsaitləri, 33,9 faizini büdcə vəsaiti, 3,2 faizini əhalinin xüsusi vəsaiti və 11,8 faizini digər vəsaitlər təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim