AZ    EN
logo

2010-cu ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

18.11.2010

Ümumi Daxili Məhsul. Yanvar-oktyabr ayları ərzində ölkədə 32,5 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz, yaxud müqayisəli qiymətlərlə 1,1 milyard manat artmışdır. ÜDM-in 21,4 milyard manatı və ya 66,0 faizi məhsul istehsalı sahələrində, 8,8 milyard manatı, yaxud 26,9 faizi xidmət sahələrində yaradılmış, 2,3 milyard manatı (7,1 faizi) isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM istehsalı məhsul istehsalı sahələrində 3,5 faiz, xidmət sahələrində isə 6,0 faiz artmışdır.
Adambaşına 3642,1 manatlıq (4534,0 ABŞ dolları), yaxud 2009-cu ilin müvafiq dövrünə nisbətən 2,9 faiz çox belə məhsul istehsal olunmuşdur.
Qeyri neft sektorunda əlavə dəyər istehsalı 5,4 faiz, neft sektorunda isə 2,4 faiz artmışdır.
Sənaye. Əlavə dəyərin 53,9 faizi yaradılmış sənaye sahəsində ev təsərrüfatlarının və sənaye sahəsində fəaliyyət göstərən fiziki şəxslərin istehsal etdikləri məhsul da nəzərə alınmaqla 22,5 milyard manatlıq məhsul istehsal olunmuş və 2009-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,0 faiz artmışdır.
Sənaye məhsulunun 75,8 faizi mədənçıxarma bölməsində, 19,0 faizi emal bölməsində, 4,6 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində və 0,6 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur.
Mədənçıxarma bölməsində ötən ildəkindən 1,6 faiz çox və ya 42,9 milyon ton neft, 4,2 faiz çox, yaxud 14,0 milyard kub metr əmtəəlik qaz hasil edilmişdir.
Emal bölməsində qida məhsulları istehsalı 2,2 faiz, içki istehsalı 13,3 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatlar istehsalı 26,6 faiz, kağız və karton istehsalı 16,6 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması 15,8 faiz, neft məhsulları istehsalı 8,6 faiz, kimya sənayesi məhsulları istehsalı 7,7 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 26,9 faiz, elektrik avadanlıqları istehsalı 82,0 faiz, maşın və avadanlıqlar istehsalı 2,4 dəfə, avtomobil, qoşqu və yarımqoşqular istehsalı 66,3 dəfə artmışdır.
Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində 14,4 milyard kVt.saat elektrik enerjisi istehsal edilmişdir.
Sənaye müəssisələrinin anbarlarında 212,2 milyon manatlıq hazır məhsul olmuş və ötən ayla müqayisədə 9,9 milyon manat azalmışdır.
Sənaye məhsulu istehsalı qeyri neft sektorunda 6,1 faiz, neft sektorunda isə 2,3 faiz artmışdır.

Kənd təsərrüfatı. Aqrar bölmədə məhsul yığımı başa çatmaq üzrədir. Noyabrın 1-nə kimi tarlalardan qarğıdalı ilə birlikdə 1999,0 min ton taxıl, 953,5 min ton kartof, 1157,4 min ton tərəvəz, 560,2 min ton meyvə və giləmeyvə, 433,0 min ton bostan məhsulları, 108,3 min ton üzüm, 3,1 min ton tütün, 179,0 min ton şəkər çuğunduru, 530,5 ton yaşıl çay yarpağı toplanmışdır. Operativ məlumatlara əsasən noyabrın 1-nə kimi 28,1 min ton pambıq toplanıb emal müəssisələrinə təhvil verilmişdir.

Bitkiçilik məhsulları ilə yanaşı heyvandarlıq məhsulları istehsalı da dinamik olaraq artır. İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə 271,7 min ton ət, 1281,1 min ton süd, 992,9 milyon ədəd yumurta və 15,3 min ton yun istehsal olunmuşdur. 2009-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 6,9 faiz, süd istehsalı 7,6 faiz, yumurta istehsalı 0,1 faiz, yun istehsalı 3,1 faiz artmışdır.
Beləliklə bitkiçilik sahəsində məhsul istehsalı 10,1 faiz azalmış, heyvandarlıq sahəsində 6,4 faiz artmış, kənd təsərrüfatının ümumi məhsulu isə ötən ilki səviyyədən 3,8 faiz aşağı olmuşdur.
Kənd əməkçiləri gələn ilin məhsulu üçün 714,1 min hektar sahədə şum qaldırmış, 332,8 min hektar sahədə dən üçün taxıl, o cümlədən 204,2 min hektar sahədə buğda, 128,6 min hektar sahədə arpa səpmişlər.

Əsaslı tikinti. İnşaat kompleksində bütün maliyyə mənbələrindən iqtisadi və sosial sahələrin inkişafına 7,1 milyard manat həcmində, yaxud 14,8 faiz çox vəsait əsas kapitala yönəldilmişdir. Vəsaitin 3,1 milyard manatı (43,2 faizi) qeyri-dövlət bölməsinə məxsus təşkilatlar və fiziki şəxslər, 4,0 milyard manatı isə dövlət bölməsinə məxsus idarə və təşkilatlar tərəfindən qoyulmuşdur. Bilavasitə tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsait 4,6 milyard manat olmuş və ümumi investisiyanın 65,1 faizini təşkil etmişdir. İstifadə edilmiş investisiyanın 50,9 faizi və ya 3,6 milyard manatı məhsul istehsalı obyektlərin inşasına sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş investisiyanın 5,4 milyard manatını və ya 75,9 faizini daxili investisiya, 1,7 milyard manatını xarici investisiya təşkil etmişdir.
2010-ci ildə inşası davam etdiriləcək və yeni tikiləcək obyektlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 2093,5 milyon manatından istifadə olunmuş və ilin əvvəlindən ötən vaxt ərzində ümumi sahəsi 1371,6 min kv.metr yaşayış evləri, 12602 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 530 nəfərin qəbulu üçün nəzərdə tutulmuş ambulator-poliklinika müəssisəsi, 581 çarpayılıq xəstəxana, 540 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində "Dalğa Plaza" İş, "Park Bulvar" Ticarət, İstirahət və Sərgi mərkəzləri, Qranit-mərmər zavodu, Naxçıvan MR-da Avtomobil zavodu, Ordubad Su Elektrik stansiyası, "Gəmiqaya" Daş Məhsulları Sənaye kompleksi, Məhdud imkanlılar üçün Reqional İnformasiya mərkəzi, Naxçıvan-Sədərək Avtomobil yolu, Gəncə şəhərində "Ramada Plaza" və Bəlakən rayonunda "Qubek" mehmanxanaları, Qəbələdə "Fitnes" Sağlamlıq mərkəzi, "Gilan" Piano fabriki, "Qafqaz Resort" və "Qafqaz Riverside" mehmanxanaları, Avtovağzal binası, Meyvə-tərəvəz soyuducu anbarı, Abşeron rayonunda Duz zavodu, Biləsuvarda Konserv zavodu, Reqional Ana və Uşaq Mərkəzi, Cəlilabad rayonunda Müalicə-diaqnostika mərkəzi, Şahmat məktəbi, Göytəpə Su anbarı, Şərab emalı sexi, Salyanda Soyuducu anbar kompleksi, Lənkəranda Konserv zavodu, Çay fabriki, Reqional Boks mərkəzi, Dondurma fabriki, Zaqatala rayonunda Süd və Tütün emalı zavodları, Ağstafa rayonunda Mineral su istehsalı sexi, Göyçay, Balakən və Ağdaşda Olimpiya İdman kompleksləri, Mingəçevirdə "Kür" Olimpiya Tədris-idman mərkəzi, Şahmat məktəbi, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilmişdir.

Nəqliyyat. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən on ay ərzində 162,1 milyon ton və ya 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çox yük daşınmışdır. Sərnişin daşınması 4,0 faiz artaraq 1,1 milyard nəfər təşkil etmişdır.

Beynəlxalq Avrasiya nəqliyyat dəhlizi ilə yanvar-sentyabr aylarında 38,1 milyon ton və ya bütün yüklərin 26,1 faizi qədər yük daşınmışdır. Dəhlizlə yük və sərnişin daşınmasından 234,7 milyon manat gəlir əldə edilmişdir.

Rabitə. Rabitə müəssisələri tərəfindən ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 933,0 milyon manatlıq, yaxud keçən ilin müvafiq dövründəkindən 32,1 faiz çox rabitə xidməti göstərilmişdir. Mobil telefon rabitəsinin xidmət növündən əldə olunmuş gəlirlərin həcmi 33,2 faiz artaraq 630,6 milyon manata çatmış və ümumi gəlirlərin 67,6 faizini təşkil etmişdir.

Əmtəə dövriyyəsi və pullu xidmət. Yanvar-oktyabr ayları ərzində əhaliyə 14,6 milyard manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 8,6 faiz artaraq 10,9 milyard manata, pullu xidmətlərin həcmi isə 10,6 faiz artaraq 3,7 milyard manata çatmışdır. Əhalinin istehlak bazarından aldığı malların 7,0 milyard manatını və ya 64,7 faizini ərzaq məhsulları, 3,9 milyard manatını qeyri-ərzaq malları təşkil etmiş və müvafiq olaraq 7,4 və 12,5 faiz artmışdır.

Xarici ticarət. Doqquz ay ərzində xarici ölkələrlə 20,2 milyard dollar məbləğində ticarət əməliyyatları aparılmışdır. Əmtəə dövriyyəsinin 77,5 faizini və ya 15,7 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 22,5 faizini (4,5 milyard dollarını) isə idxal məhsulları təşkil etmiş, əmtəə mübadiləsinin 85,9 faizi uzaq xarici ölkələrlə, 14,1 faizi MDB üzvü dövlətləri ilə aparılmışdır. İlin əvvəlindən ötən vaxt ərzində ölkəmizə idxal olunmuş əmtəənin 68,7 faizi, yaxud 3,1 milyard dolları uzaq xarici dövlətlərdən, 31,3 faizi (1,4 milyard dolları) MDB üzvü ölkələrindən daxil olmuşdur. Ölkədən ixrac olunmuş malların 91,0 faizi, yaxud 14,3 milyard dolları uzaq xarici dövlətlərə, 9,0 faizi (1,4 milyard dolları) isə MDB üzvü ölkələrinə göndərilmişdir. Ticarət əməliyyatları nəticəsində 11,1 milyard dollar məbləğində müsbət ticarət saldosu yaranmışdır. Doqquz ay ərzində ölkəmizə 22,6 milyon ABŞ dolları məbləğində humanitar və texniki yardım daxil olmuşdur.

İstehlak qiymətləri və xidmət tarifləri. İstehlak mallarının qiymətləri və xidmət tarifləri oktyabr ayında əvvəlki ayla müqayisədə 0,9 faiz, on ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən 5,3 faiz bahalaşmışdır. Ərzaq məhsullarının qiymətləri göstərilən dövrlərdə müvafiq olaraq 1,4 faiz və 6,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,9 faiz və 2,1 faiz bahalaşmış, xidmət tarifləri 0,2 faiz ucuzlaşmış və 5,2 faiz bahalaşmışdır.

Əhalinin gəlirləri. 2010-cu ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin gəlirləri 11,7 faiz artaraq 20,3 milyard manat təşkil etmişdir. Bu vaxt ərzində adambaşına düşən gəlirlər 10,4 faiz yüksələrək 2273,9 manata və ya orta hesabla ayda 227,4 manata çatmışdır.

Əmək haqqı. Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-oktyabr aylarında 2009-cu ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 320,0 manat olmuşdur.

Dövlət büdcəsi. Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-sentyabr aylarında dövlət büdcəsinə 7,5 milyard manat məbləğində vəsait daxil olmuş, büdcədən 6,8 milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin 38,5 faizi və ya 2,6 milyard manatı iqtisadiyyatın inkişafına, 11,3 faizi, yaxud 772,8 milyon manatı təhsilə, 13,3 faizi və ya 912,2 milyon manatı sosial müdafiə və sosial təminata yönəldilmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 667,9 milyon manatlıq profisit ÜDM-də 2,3 faiz təşkil etmişdir.

Kredit qoyuluşu. 2010-cu il oktyabr ayının 1-nə kimi ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş 8,9 milyard manat kreditin məbləği 14,9 faiz artmış, onun 72,2 faizi uzunmüddətli olmuş, 5,0 faizinin ödəmə vaxtı keçmişdir.

Əhalinin əmanətləri. Oktyabr ayının 1-nə olan məlumatlara görə əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 32,0 faiz artaraq 2,8 milyard manata çatmışdır. Əmanətlərin 1,6 milyard manatı xarici valyuta ilə, 1,2 milyard manatı isə milli valyuta ilə qoyulmuşdur.

Manatın məzənnəsi. Oktyabr ayında manatın 1 ABŞ dollarına orta aylıq məzənnəsi 0,80 manat, 1 Avroya 1,11 manat, 100 Rusiya rubluna 2,64 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,80, 1,06 və 2,66 manat təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim