AZ    EN
logo

2010-cu ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

17.05.2010

2010-cu ilin dörd ayı ərzində ölkənin iqtisadi və sosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər məhsul istehsalı və xidmət sahələrinin inkişafını və eyni zamanda sosial məsələlərin uğurla həll edildiyini göstərir.
Ümumi Daxili Məhsul. İlin əvvəlindən keçən dörd ay ərzində 13,0 milyard manatlıq əlavə dəyər istehsal edilmiş və 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz artmışdır. Ümumi daxili məhsulun 68,1 faizi məhsul istehsalı, 25,5 faizi xidmət sahələrində yaradılmış, 6,4 faizi isə məhsula və idxala xalis vergilər təşkil etmişdir. Məhsul istehsalı sahələrində əlavə dəyərin həcmi 4,7 faiz, xidmət sahələrində isə 5,4 faiz artmışdır.
Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı neft sektorunda 4,9 faiz, qeyri neft-qaz sektorunda isə 5,0 faiz artmışdır.
Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsulun həcmi 3,8 faiz artaraq 1460,0 manata (1817,5 ABŞ dollarına) çatmışdır.
Sənaye. Fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri məhsulların dəyəri də nəzərə alınmaqla dörd ay ərzində 9,6 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 5,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 77,7 faizi mədənçıxarma bölməsində, 16,4 faizi emal bölməsində, 5,4 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,5 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur.
Sənayenin neft sektorunda məhsul istehsalı 5,0 faiz, qeyri-neft sektorunda isə 9,9 faiz artmışdır.
Mədənçıxarma bölməsində ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı 5,1 faiz artmışdır. Dörd ay ərzində 16,7 milyon ton neft, 5,9 milyard kub metr qaz hasil olunmuşdur.
Emal bölməsində məhsul istehsalı 9,9 faiz artmış, bölməyə daxil olan məhsullardan qida məhsulları istehsalı 0,3 faiz, geyim istehsalı 6,5 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məmulatların daşıyıcılara çoxaldılması 4,5 faiz, neft məhsulları istehsalı 15,0 faiz, kimya sənayesi məhsulları istehsalı 3,8 dəfə, rezin və plastmas məmulatları istehsalı 23,0 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 40,1 faiz, hazır metal məmulatları istehsalı 5,4 faiz, elektrik avadanlıqları istehsalı 9,9 faiz, maşın və avadanlıqlar istehsalı 98,0 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 22,2 dəfə artmışdır.
Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində sənaye məhsulları istehsalı 2,5 faiz artmış, 6,6 milyard kvt.s və ya keçən ilki səviyyədən 7,6 faiz az elektrik enerjisi istehsal olunmuşdur.
Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində məhsul istehsalı 0,4 faiz artmışdır.
İstehsal olunmuş sənaye məhsulunun 99,3 faizi istehlakçılara göndərilmiş, bununla belə, müəssisələrin anbarlarında 284,3 milyon manatlıq hazır məhsul qalmışdır.
Kənd təsərrüfatı. Aprel ayında yaz-tarla işləri davam etdirilərək may ayının 1-nə kimi 232,2 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 20,5 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 13,9 min hektar sahədə dən üçün qarğıdalı, 51,5 min hektar sahədə kartof, 49,3 min hektar sahədə tərəvəz, 9,6 min hektar sahədə pambiq çiyidi, 17,8 min hektar sahədə bostan bitkiləri, 7,0 min hektar sahədə şəkər çuğunduru, 5,1 min hektar sahədə dən üçün günəbaxan və 531 hektar sahədə tütün əkilmişdir.
Sahənin heyvandarlıq bölməsində ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 1,5 faiz azalaraq 95,4 min tona, süd istehsalı 4,1 faiz artaraq 460,7 min tona, yumurta istehsalı 1,0 faiz artaraq 399,6 milyon ədədə çatmışdır.
Bitkiçilik məhsullarından 27,3 min ton və ya 17,0 faiz çox tərəvəz, 220,0 ton kartof istehsal edilmişdir.
Kənd əməkçilərinin səyi nəticəsində 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 11,2 faiz, heyvandarlıq məhsulları istehsalı 1,0 faiz, kənd təsərrüfatının ümumi məhsulu 1,4 faiz artmışdır.
Tikinti. Ölkədə inşaat işlərinin aparılması üçün maliyyələşmənin bütün mənbələrindən yanvar-aprel ayları ərzində əsas kapitala 2,3 milyard manat, yaxud 2009-cu ilin yanvar-aprel aylarında olduğundan 5,5 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 1,2 milyard manatı və ya 50,3 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 1,8 milyard manatı və ya 77,1 faizini daxili investisiyalar təşkil etmiş və ötən ilki səviyyədən 1,4 faiz aşağı olmuş, xarici mənbələrdən istifadə olunmuş investisiyanın həcmi isə 37,9 faiz artmışdır. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən illə müqayisədə 4,7 faiz artaraq 1,6 milyard manat təşkil etmişdir.
Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 3549,0 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuş və ilin əvvəlindən ötən dörd ay ərzində həmin vəsaitin 771,6 milyon manatından istifadə edilmişdir.
Tikinti kömpleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilmişdir. Dörd ay ərzində ümumi sahəsi 413,4 min kv.metr yaşayış evləri, 50 çarpayılıq xəstəxana, növbədə 40 nəfəri qəbul edən ambulator-poliklinika müəssisəsi, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində "Dalga Plaza" İş Mərkəzi, Naxçıvanda Avtomobil zavodu, Gəncə şəhərində "Ramada Plaza" mehmanxanası, Qəbələdə "Gilan" Piano fabriki, "Qafqaz Resort" mehmanxanası, "Fitnes" Sağlamlıq Mərkəzi, Avtovağzal binası, Meyvə-tərəvəz soyuducu anbarı, Biləsuvarda Konserv zavodu, Reqional Ana və Uşaq Mərkəzi, Cəlilabad rayonunda Müalicə-Diaqnostika Mərkəzi, Şahmat məktəbi, Göytəpə Su anbarı, Şərab zavodu, Salyanda Soyuducu anbar kompleksi, Göyçay və Ağdaşda Olimpiya İdman kompleksləri, digər obyektlər istifadəyə verilmişdir.
Nəqliyyat müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən ilin əvvəlindən keçən vaxt ərzində 59,3 milyon ton yük və 426,9 milyon nəfər sərnişin daşınaraq 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 2,4 və 3,3 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 6,6 faiz, hava nəqliyyatı ilə 8,4 faiz, dəmir yolu nəqliyyatı ilə 0,5 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 7,3 faiz artmışdır.
Rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 335,4 milyon manatlıq, yaxud 2009-cu ilin müvafiq dövründəkindən 24,9 faiz çox rabitə xidməti göstərmişlər. Rabitə xidmətinin 74,0 faizi bilavasitə əhaliyə göstərilmişdir.
Əhalinin gəlirləri. 2010-ci ilin dörd ayı ərzində əhalinin adambaşına gəlirləri 7,4 faiz artaraq 823,1 manata çatmış və onun 71,0 faizi son istehlaka, 10,2 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqqlarının ödənilməsinə, 17,1 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Əmək haqqı. Muzdla işləyənlərin orta aylıq əmək haqqı 4,8 faiz artaraq 309,8 manat təşkil etmişdir. Bununla belə, sənaye, tikinti, nəqliyyat sahələrində, maliyyə vasitəçiliyində, icarə və bir sıra xidmət sahələrində çalışanların əmək haqqı daha yüksək olmuşdur.
Ticarət və pullu xidmət. İlin əvvəlindən əhaliyə 4,1 milyard manatlıq istehlak malları satılmış və 1,3 milyard manatlıq pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 8,2 faiz, pullu xidmətlərin həcmi isə 10,5 faiz artmışdır. Əhalinin istehlak bazarından aldığı əmtəənin 65,9 faizini ərzaq məhsulları təşkil etmiş və keçən illə müqayisədə 7,1 faiz, qeyri-ərzaq mallarının satışı isə 11,5 faiz artmışdır.
Xarici ticarət. 2010-cu ilin birinci rübündə xarici ölkələrlə 5667,7 milyon ABŞ dolları məbləğində əmtəə mübadiləsi aparılmış, onun 4866,6 milyon dolları və ya 85,9 faizi uzaq xarici dövlətlərin, 801,1 milyon dolları MDB üzvü ölkələrinin payına düşmüşdür. Keçən ilin birinci rübü ilə müqayisədə əmtəə dövriyyəsi 48,8 faiz, o cümlədən uzaq xarici ölkələrlə 47,0 faiz, MDB üzvü dövlətləri ilə isə 61,0 faiz artmışdır.
Bu dövrdə ölkəmizdən 4509,3 milyon dollar məbləğində və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 81,7 faiz çox mal göndərilmişdir. İxrac olunmuş məhsulların 4088,9 milyon dollarlığı (90,7 faizi) uzaq xarici ölkələrə, 420,4 milyon dollarlığı isə MDB üzvü dövlətlərinə göndərilmiş və müvafiq olaraq 72,9 faiz və 3,6 dəfə artmışdır.
Rüb ərzində ölkəmizə 1158,4 milyon dolar məbləğində, o cümlədən uzaq xarici dövlətlərdən 777,7 milyon dollar, MDB üzvü ölkələrindən 380,7 milyon dollar həcmində mal idxal olunmuşdur. Keçən ilin birinci rübü ilə müqayisədə uzaq xarici ölkələrdən daxil olmuş əmtəənin məbləği 17,8 faiz azalmış, MDB üzvü dövlətlərindən gətirilmiş malların həcmi isə 0,3 faiz artmışdır.
İxracın idxalı üstələməsi nəticəsində 3350,9 milyon dollar məbləğində, o cümlədən uzaq xarici ölkələrlə əlaqələrdə 3311,2 milyon dollarlıq, MDB üzvü dövlətləri ilə isə 39,7 milyon dollarlıq müsbət saldo yaranmışdır.
Xarici ticarət əlaqələrinin 44,7 faizi Avropa Birliyi ölkələri, 14,1 faizi MDB üzvü dövlətləri, 41,2 faizi digər ölkələrlə aparılmışdır.
Birinci rübdə ölkəmizə 5,6 milyon dollar həcmində humanitar və texniki yardım daxil olmuşdur.
İnflyasiya. Aprel ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri mart ayının səviyyəsində qalmış, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri 0,3 faiz ucuzlaımış, xidmət tarifləri mart ayının səviyyəsində qalmışdır. İlin əvvəlindən keçən vaxt ərzində istehlak mallarının qiymətləri və xidmət tarifləri 4,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,6 faiz, xidmət tarifləri 8,3 faiz bahalaşmışdır.
Büdcə. Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-mart aylarında dövlət büdcəsinə 2,4 milyard manat vəsait daxil olmuş, büdcədən 2,0 milyard manat xərclənmiş, nəticədə ümumi daxili məhsulun 4,9 faizi qədər və ya 467,1 milyon manat məbləğində profisit yaranmışdır. Büdcə xərclərinin 707,6 milyon manatı (35,8 faizi) iqtisadiyyatın inkişafına, 342,0 milyon manatı (17,3 faizi) sosial müdafiə və sosial təminata, 299,2 milyon manatı (15,1 faizi) təhsilə və səhiyyəyə yönəldilmişdir.
Əmanətlər. Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 35,0 faiz artaraq aprel ayının 1-nə 2,4 milyard manata çatmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 980,7 milyon manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1414,3 milyon manat olmuşdur.
Kredit. Ölkənin maliyyə-kredit təşkilatları aprel ayının 1-nə kimi hüquqi və fiziki şəxslərə ötən ilin müvafiq dövründə olduğundan 36,4 faiz çox və ya 8,5 milyard manat məbləğində kredit ayırmışlar. Verilmiş kreditlərin 73,0 faizi uzunmüddətli xarakter daşımış, 4,2 faizinin ödəmə vaxtı keçmişdir.
Məzənnə. Aprel ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0,80 manat, 1 Avroya 1,08 manat, 100 Rusiya rubluna 2,75 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,80, 1,10 və 2,71 manat olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim