AZ    EN
logo

Azərbaycanda demoqrafik vəziyyət

09.07.2008

11 iyul Ümumdünya Əhali Günüdür
2008-ci il iyul ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 8676 min nəfər olmuş və cari ilin birinci yarısında 46,1 min nəfər və ya 0,5 faiz artmışdır. Əhalinin ümumi sayından 4489 min nəfəri və ya 51,7 faizi şəhər, 4187 min nəfəri (48,3 faizi) kənd yerlərində yaşayır. Ölkə əhalisinin 4281 min nəfərini, yacxud 49,3 faizini kişilər, 4395 min nəfərini və ya 50,7 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 nəfər kişiyə 1027 nəfər qadın düşür. Əhalinin orta yaşı 32, doğulanda gözlənilən ömür uzunluğu isə 72,4 yaş, o cümlədən kişilərdə 69,7, qadınlarda 75,1 yaş təşkil edir. 2008-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 73,6 min, orta hesabla gündə 404 körpə dünyaya gəlmiş və əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 17 nəfər olmuşdur. Körpələrin 756-sı əkiz, 12-si üçəmdir, onların da 6-sı Bakı şəhərində, qalanı isə Sumqayıt səhərində və Sabirabad rayonunda doğulmuşdur. Doğulan uşaqlara ən çox qoyulan oğlan adları Əli, Murad, Məhəmməd, Hüseyn və Nihad, qız adları isə Fatimə, Nərmin, Zəhra və Nuray olmuşdur. İlin əvvəlindən ölkədə 27,8 min ölüm halları qeydə alınmışdır ki, bu da əhalinin hər min nəfərinə hesabı ilə 6,5 təşkil edir. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, mədə və tənəffüs orqanlarının xəstəliklərindən ibarətdir. 2008-ci ilin yanvar-iyun aylarında 33,4 min nikah və 3,9 min boşanma qeydə alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların və boşanmaların sayının bir qədər azalması deməkdir. Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 28, qadınlar arasında isə 24 yaş təşkil etmişdir. 2008-ci ilin 6 ayı ərzində 1588 nəfər daimi yaşamaq üçün ölkəyə gələn və 1186 nəfər ölkədən gedən qeydə alınmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim