AZ    EN
logo

Ölkədə sosial təminat haqqında

29.08.2023, 12:00

2023-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096,6 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Ötən ilin iyulun 1-i ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların cəmi sayı 5,4 faiz, o cümlədən əlilliyə görə pensiya alanların sayı 16,4 faiz, ailə başçısını itirməyə görə pensiya alanların sayı 9,7 faiz azalmış, yaşa görə pensiya alanların sayı isə 0,4 faiz artmışdır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq 435,0 manat təşkil etmiş və orta aylıq əmək haqqının 47,2 faizinə bərabər olmuşdur.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunmuşdur.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılmışdır.

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2023-cü ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 137,6 min (ötən ilin iyulun 1-i vəziyyətinə 124,1 min) nəfər, əlilliyə görə - 47,1 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi min 215,2 min (müvafiq olaraq 52,2 min və 210,4 min) nəfər, ailə başçısını itirməyə görə - 54,7 min (53,2 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 25,8 min (22,5 min) nəfər olmuşdur.

Eyni zamanda, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli həqiqi hərbi xidmət qulluqçularının 5,1 min ailəsinə 7,9 min uşaq üçün, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 196 nəfər qəyyumuna aylıq müavinət verilmişdir. Bundan əlavə, 5472 nəfər bir yaşınadək uşağı olan 5338 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,6 min qadına 11,2 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 304 şəxsə isə kompensasiya verilmişdir.

2023-cü ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 22,9 min ailəyə 23,8 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,3 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,1 min nəfərə birdəfəlik müavinətlər verilmişdir.

2023-cü il iyulun 1-i vəziyyətinə 80,3 min aztəminatlı ailənin 352,4 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 105,32 manat təşkil etmişdir.

Bundan əlavə, müxtəlif kateqoriyadan olan 388,2 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur.

Əlaqə telefonu: 3771070 (22-71)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim