AZ    EN
logo

Аzərbaycanda demoqrafik vəziyyət

16.08.2019, 11:28

İlin əvvəlindən ölkə əhalisinin sayı 38118 nəfər və ya 0,4 faiz artaraq 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə  1003 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olmuşdur.

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 66687 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,6) qalmışdır. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1478-i əkiz, 36-sı isə üçəm doğulanlardır.

2019-cu ilin yanvar-iyun aylarında ölkədə 28745 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0-dan 5,9-a düşmüşdür.

Bu ilin 6 ayında qeydiyyat şöbələri tərəfindən 29391 nikah və 8257 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6,0-a, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artmışdır.

Cari ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 911 nəfər gələn, Azərbaycandan isə 735 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 176 nəfər təşkil etmişdir.

Əlaqə telefonu: 538-51-43

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim