Dövlət Statistika Komitəsində “15 iyun - Milli Qurtuluş Günü” nün 25-ci ildönümü geniş qeyd olunub
İyunun 14-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində “15 iyun - Milli Qurtuluş Günü” münasibəti ilə tədbir keçirilib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstü önünə gül dəstələri düzülüb.
Öncə tədbir iştirakçılarına Dövlət Statistika Komitəsinin Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşri təqdim olunub.
Sonra “Milli Qurtuluş Günü”nün 25-ci ildönümü ilə bağlı tədbir dünya şöhrətli siyasi xadim Heydər Əliyevin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məruzə ilə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov xalqımızın və dövlətimizin taleyində dönüş anı olan 15 iyun 1993-cü ilin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Qeyd edib ki, fenomen şəxsiyyət Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və müasir düşüncə əsasında yaradaraq, praktik surətdə gerçəkləşdirmiş strateq və ümummilli lider kimi hər zaman böyük rəğbət və ehtiramla xatırlanır. Komitə sədri vurğulayıb ki, ulu öndər Heydər Əliyev zamanın və xalqının ona, onun dərin zəkasına və polad iradəsinə, zəngin dövlətçilik təcrübəsinə və sonsuz vətən sevgisinə güvənərək etibar etdiyi xilaskarlıq missiyasını layiqincə yerinə yetirməyə müvəffəq olub, Azərbaycanın çoxsaylı təhlükələrinə sipər olub, bütövlüyünü qoruyub saxlaya bilib. Bu parlaq dühanın 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinin əsası qoyulub və ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi əbədiləşib, regionda geosiyasi mövqelərini möhkəmləndirərək ölkəmizə böyük beynəlxalq nüfuz qazanıb. Tahir Budaqov xüsusi vurğulayıb ki, Dövlət Başçısı cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi-ideoloji kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın və ilhamlı sabahlara aparır. Əbədiyaşar liderin təlatümlərdən çıxararaq qurduğu Azərbaycan bu gün Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında bütün dünyaya möhtəşəm tərəqqi dinamikası nümayiş etdirir, böyük dövlət xadimi Heydər Əliyevin banisi olduğu dövlətçilik strategiyası yeni, müasir Azərbaycanın siyasi və iqtisadi gerçəkliklərində parlaq təzahür edir. Bir həqiqətdir ki, Zati-aliləri cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 15 ildə ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunub, xalqımız və dövlətimiz üçün taleyüklü sayılan mühüm layihələr reallaşdırılıb, ölkəmizin iqtisadi və hərbi potensialı, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.
Tədbirdə çıxış edən Xidmət statistikası şöbəsinin müdiri Gülbala Quliyev, Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi müdirinin müavini Toğrul Əcəlov və digərləri 25 il əvvəl ölkədə baş verən hadisələri bir daha xatırlatmış, müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən bəhs ediblər. Ulu öndərin miras qoyduğu dövlətçilik irsi bu gün də yaşayır, bu irsin daşıyıcısı olan Prezidentimiz cənab İlham Əliyevin timsalında xalqımızın inkişaf yoluna daim işıq saçır.
Tədbir Azərbaycan Televiziyasının hazırladığı Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əbədiyyət” filminin nümayişi ilə başa çatıb.