Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov UNİCEF-in regional direktoru ilə görüşüb
Noyabrın 22-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNİCEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Afşan Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
BMT-nin “Uşaq Fondu”nun Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, Uşaq Hüquqları Sisteminin Monitorinqi üzrə mütəxəssis Tamerlan Rəcəbov, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin üçüncü katibi Aydan Muradovanın iştirak etdiyi görüşdə məqsəd Dövlət Statistika Komitəsi ilə UNİCEF arasında əməkdaşlığın mövcud vəziyyəti, gələcək perspektiv və prioritetləri haqqında müzakirələrin aparılmasdır.
Nümayəndə heyətini salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox ciddi işlər görüldüyünü, qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini və bunun əyani nümunəsi olaraq Azərbaycanın rəqabət qabiliyyətinə görə ilbəil irəliləyən mövqeyinin mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətlənirildiyini bildirib. Qeyd edib ki, duzgün hədəfləmiş islahatların bəhrəsidir ki, son illərdə Azərbaycan iqtisadiyyatında dayanıqlı, sabit, sürətli, dinamik inkişaf təmayülü artıq özünü qabarıq şəkildə göstərir. Tahir Budaqov respublikamızda həyata keçirilən dövlət uşaq siyasəti, milli statistika sisteminin təkmilləşdirilməsi, Dövlət Statistika Komitəsinin beynəlxalq əməkdaşlığı, reallaşan layihə və proqramlar barədə ətraflı məlumat verib.
UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Afşan Xan səmimi görüşə görə təşəkkürünü ifadə edib. Bildirib ki, Azərbaycan uşaqlara qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi, sağlam və firavan böyüməsi üçün həyata keçirilən proqramlar təqdirəlayiqdir. Eyni zamanda uşaq hüquqları ilə bağlı məlumatların hazırlanmasında dəqiq statistikanın vacibliyinə toxunaraq, UNİCEF-in uşaq hüquqları, onların sosial müdafiəsi ilə bağlı layihələrini daim dəstəklədiyini bildirib.
Qeyd olunub ki, 1993-cü ildən Azərbaycanda fəaliyyətə başlayan UNİCEF-lə Dövlət Statistika Komitəsi arasında statistikanın müxtəlif sahələri üzrə əlaqələr mövcuddur. Bunların davamı olaraq, ötən il Statistika Komitəsi ilə UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi arasında “2016-2017-ci illəri əhatə edən dövr üçün sağlamlıq imkanları məhdud olan uşaqlara və uşaq məhrumiyyətlərinə dair statistikanın təkmilləşdirilməsi” ilə bağlı birgə İş Planı imzalanıb.
Görüşdə Dövlət Statistika Komitəsi ilə UNİCEF arasında əməkdaşlığın inkişafına dair, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.