AZ    EN
logo

Аzərbаycаndа dеmоqrаfik vəziyyət

14.07.2016

Ölkə əhalisinin sayı ilin əvvəlindən 41,8 min nəfər və ya 0,4 faiz artaraq 2016-cı il iyun ayının 1-i vəziyyətinə 9747,4 min nəfərə çatmışdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olmuşdur. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləridir. 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 nəfər kişiyə 1007 nəfər qadın düşür. Əhalinin 22,5 faizi 0-14 yaşda, 71,3 faizi 15-64 yaşda, 6,2 faizi isə 65 və yuxarı yaşda olanlardır. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkə üzrə 65,3 min, yaxud hər gün orta hesabla 429 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 16,3 təşkil etmişdir. Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olmuşdur. Körpələrin 1174-ü əkiz, 30-u isə üçəm doğulmuşdur. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,7 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.
Uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,1 doğulmuş uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir. Cari ilin yanvar-may ayları ərzində ölkədə 24,3 min ölüm halı qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,1 təşkil etmişdir.
2016-cı ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 25,0 min nikah və 5,2 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olmuşdur.
Cari ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1400 nəfər gələn və 626 nəfər ölkədən gedən qeydə alınmış, miqrasiya saldosu müsbət 774 nəfər təşkil etmişdir.

Tel: 538 51 43

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim