Dövlət Statistika Komitəsinin nümayəndələri Qazaxıstanın Almatı şəhərində keçirilmiş “BMT-nin İnkişaf Proqramının 9-cu tranşı: başlanğıc iclas”ında iştirak etmişlər
Dövlət Statistika Komitəsinin nümayəndələri Statistika işlərinin əlaqələndirilməsi şöbəsi müdirinin müavini Fərhad Əliyev və baş məsləhətçi-hüquqşünas Səbinə Əhmədova 2014-cü ilin 10-11 dekabr tarixlərində Qazaxıstanın Almatı şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının Statistika şöbəsi və Avropanın Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən birgə təşkil olunmuş “BMT-nin İnkişaf Proqramının 9-cu tranşı: başlanğıc iclas”ında iştirak etmişlər.
İclasda Azərbaycan da daxil olmaqla Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Norveç, Moldova, Rusiya Federasiyası, Tacikistan, Türkiyə, Ukrayna, Özbəkistan, statistika təşkilatlarının rəhbərləri və nümayəndələri, eləcə də, Avropa Azad Ticarət Assosiasiyası, Avrasiya İqtisadi Komissiyası, Avrostat, BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Asiya və Sakit okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasının nümayəndələri və müstəqil mütəxəssislər də olmaqla, ümumilikdə 37 nəfər iştirak edirdi.
İclasın məqsədi BMT-nin İnkişaf Proqramının 9-cu tranş layihəsi olan “BMT-nin Avropa İqtisadi Komissiyası ölkələrində statistikanın davamlı inkişafı üçün milli potensialın gücləndirilməsi”ni təqdim etmək, onun vəzifələri, müşahidə vasitələri və nəticələrin əldə eilməsi barədə məlumat verməkdən ibarət idi. İclasda eyni zamanda, qlobal qiymətləndirməyə dair hesabatlarda verilmiş tövsiyələrin həyata keçirilməsində təcrübə mübadiləsinin aparılmasına da imkan verdi.
İclas BMTAİK, AATA və Qazaxıstan Respublikasının Statistika Agentliyinin mütəxəssislərinin salamlama çıxışları ilə başlamışdır. Qeyd edilmişdir ki, BMT-nin İnkişaf Proqramının 9-cu tranş layihəsi olan “BMT-nin Avropa İqtisadi Komissiyası ölkərlərində statistikanın davamlı inkişafı üçün milli potensialın gücləndirilməsi” proqramı 2014-2017-ci illərdə həyata keçiriləckdir. Bu layihənin məqsədi statistikanın inkişafında davamlı nəticələrin əldə edilməsi üçün ölkələrin statistik potensialının gücləndirilməsidir. Layihə 2010-2014-cü illər ərzində BMTAİK və digər tərəfdaş təşkilatlarla birlikdə keçirilmiş milli statistika institutlarının qlobal qiymətləndirmələrinin nəticələrinə əsaslanmışdır. Statistika sisteminin qlobal qiymətləndirilməsinin məqsədi – ölkənin rəsmi statistika sisteminin inkişaf səviyyəsinə dair dəqiq məlumatın əldə edilməsidir. Qlobal qiymətləndirmə statistikanın inkişafına dair uzunmüddətli planlaşdırmanın yaxşılaşdırılmasında milli statistika orqanlarına köməklik edir.
Tədbir iki sessiya əsasında təşkil edilmişdir. Birinci sessiya “BMT-nin İnkişaf Proqramının 9-cu tranş layihəsi – vəzifələr, monitorinqin həyata keçirilməsi və metodlar” ikinci sessiya isə “Rəsmi statistikanın hüquqi və institusional əsasları” adlanırdı.
İclas zamanı iştirakçılar arasında qrup müzakirələri də aparılmışdır. Sonda qruplar tərəfindən aparılan müzakirələrə dair təqdimatlar edilmişdir.