AZ    EN
logo

Əhalinin gəlirlərinə dair statistik məlumatlarla bağlı qeyri-peşəkar jurnalist araşdırması və Dövlət Statistika Komitəsinin şərhi

11.04.2014


Yaşadığımız demokratik cəmiyyət kütləvi informasiya vasitələrinin nümayəndələrinə öz fikirlərini sərbəst ifadə etmək, ictimaiyyəti məlumatlandırmaq, öz mülahizələri ilə bölüşmək üçün geniş imkanlar vermişdir. Bu, ölkədə demokratiyanın əsas atributlarından olan siyasi tolerantlıq, dözümlülük mühitinin formalaşması baxımından vacibdir. Məhz bunu əsas tutaraq bəzi hallarda mətbuatda, televiziya ekranlarında statistik rəqəmlərin düzgünlüyü ilə bağlı söylənilən böhtan və əsassız tənqidlərə Dövlət Statistika Komitəsi dözümlü yanaşır, reaksiya vermir, deyilənləri müəlliflərin peşəkar səviyyəsinə və vicdanına buraxaraq, öz vəzifəsini yerinə yetirməkdə davam edir.
Lakin, cari il aprel ayının 8-də “Azadlıq” qəzetində dərc olunmuş “Statistika Komitəsindən ağ yalan” adlı məqalə (əgər bu yazını məqalə adlandırmaq mümkündüsə) ilə əlaqədar Dövlət Statistika Komitəsi öz mövqeyini bildirməyi, məqalədə göstərilmiş məsələlərə aydınlıq gətirməyi məqsədəuyğun hesab edir.
Məqalədə ilk öncə qeyd olunmuşdur ki, əhali gəlirləri haqqında Dövlət Statistika Komitəsi müxtəlif məlumatlar vermiş və müəllif əhalinin ümumi gəlirləri ilə ev təsərrüfatlarının son istehlakı üçün nəzərdə tutulan gəlirlərinin müqayisəli təhlilinə uğursuz cəhd etmişdir. Halbuki, peşəkar mütəxəssislər bilirlər ki, bütün müqayisələrin başlıca şərti – müqayisə edilən statistik məlumatların metodologiyasının, tərkibinin, strukturunun eyni olmasıdır. İnanmaq istərdik ki, əgər məqalənin müəllifi bu amili bilib nəzərə alsaydı, ev təsərrüfatları büdcələrinin seçmə tədqiqatının nəticələri əsasında hesablanmış əhalinin gəlirləri göstəricisini əhalinin ümumi gəlirləri ilə müqayisə etməz və səhv təsəvvür yaratmağa çalışmazdı.
Bildiririk ki, Dövlət Statistika Komitəsi tərəfindən nəşr olunmuş “2013-cü ildə ev təsərrüfatları tədqiqatının əsas yekunları” məcmuəsinin ilk səhifələrində “Metodoloji izahatlar” bölməsində ev təsərrüfatı gəlirlərinin tərifi ətraflı şəkildə verilmişdir. Bu göstərici ev təsərrüfatlarının son istehlakı üçün nəzərdə tutulan gəliri xarakterizə edir.
Beynəlxalq praktikaya uyğun olaraq, ev təsərrüfatlarının tədqiqatları kontekstində gəlir - ev təsərrüfatlarının hesabat dövrü ərzində öz maliyyə və digər aktivlərini azaltmamaq və kredit və ya digər formada əlavə öhdəliklər qəbul etməmək şərti ilə istehlak mal və xidmətlərinin alınmasına xərcləyə biləcək maksimal məbləğdir.
Bu o deməkdir ki, ev təsərrüfatları tədqiqatının yekunları üzrə dərc edilən gəlir göstəricisində ailənin vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, həmçinin əmanətlər və kapitalın artırılmasına yönəltdiyi daxilolmaları nəzərə alınmamalıdır. Məhz bu komponentlər nəzərə alındıqdan sonra əhalinin ümumi gəlirlərindən söhbət etmək olar. Yəni, ev təsərrüfatları büdcələrinin seçmə tədqiqatının nəticələri əsasında hesablanmış əhalinin sərəncamda qalan gəlirləri + vergilər, sosial sığorta və könüllü üzvlük haqları, əmanətlər və kapitalın artırılmasına yönəldilən vəsaitlər = əhalinin ümumi gəlirləri.
Beləliklə, ev təsərrüfatları tədqiqatlarında “gəlir” məfhumu ev təsərrüfatlarının son istehlak xərcləri strukturunun gəlir qrupları üzrə dəyişməsinin izlənməsi üçün istifadə edilir.
Belə bir təhlilə başlamadan öncə bu elementar iqtisadi tərifləri, metodologiyanı öyrənmək lazımdır, hörmətli jurnalistlər. Makroiqtisadi səviyyədə gəlirlər ilə ev təsərrüfatları büdcələrinin seçmə tədqiqatı üzrə orta aylıq adambaşına gəlirlər arasındakı fərqi, hətta məqalədə yazıldığı kimi, cari sosial transferləri (baxmayaraq ki, jurnalistin istifadə etdiyi materialın bilavasitə həmin səhifəsində pensiyalar və müxtəlif sosial müavinətlərin qeyd olunduğu əyani şəkildə görünür) anlamayan jurnalistin bu sahəyə müraciət etməsi təəccüblüdür.
Komitə öz nəşrlərində və məqalədə qeyd olunan rəqəmləri, həmçinin 2013-cü ildə ev təsərrüfatları büdcələrinin seçmə tədqiqatının nəticələri əsasında hesablanmış əhalinin gəlirlərinə dair məlumatı da, əhalinin ümumi gəlirlərinə dair məlumatı da bir daha təsdiq edir.
Məqalənin müəllifi qeyd edir ki, ev təsərrüfatlarına dair məlumatlarda xərclər gəlirlərdən çox göstərilmişdir. Bildiririk ki, ev təsərrüfatları tədqiqatı aparılan əksər dünya dövlətlərində əhali istehlak xərclərini gəlirlərindən 10-20 faiz yüksək göstərir və bunun əsas səbəbi son istehlak xərclərinin tərkibində ev təsərrüfatlarına məxsus əmlakın satışı, kreditlər və s. hesabına əldə edilmiş mal və xidmətlərə çəkilən xərclərin mövcudluğudur.
Gəlirin yuxarıda verilmiş tərifinə uyğun olaraq istehlak xərclərinin ödənilməsi üçün satılmış əmlak və alınmış kreditlər hesabına əldə olunmuş vəsaitlər gəlir maddələrinin tərkibinə daxil olmadığından xərclər gəlirləri üstələyir.
Bundan başqa, məqalədə yanlış olaraq gəlirlərin (müəllif burada da səhv edərək əmək haqqı yazmışdır) 60-65 faizinin ərzaq məhsullarına xərcləndiyi qeyd olunmuşdur. Son illərdə Komitənin apardığı tədqiqatlarda müvafiq göstərici 52,9 - 41,5 faiz arasında tərəddüd etmiş və müəllif düzgün müqayisə aparmamışdır. Belə ki, jurnalist bir tərəfdən xidmətlərə çəkilən xərclərin ərzaqla müqayisədə daha çox artdığını göstərir, digər tərəfdən isə ərzağa çəkilən xərclərin xüsusi çəkisinin aşağı düşməsini qəbul etmir. Bu hal xərclərin strukturunda baş vermiş dəyişikliklə bağlı olduğundan əlavə izaha ehtiyac yoxdur.
Kommunal xərclərlə bağlı verilmiş göstəricilərin hansı məntiqə əsasən hesablandığı yalnız müəllifə aydın ola bilər. Uzunmüddətli istifadə malları ilə bağlı göstəricilərdən düzgün istifadə olunmamış və xatırladırıq ki, əhalidə bu malların mövcudluğuna görə Azərbaycan Respublikası MDB dövlətləri arasında Ukrayna və Rusiya ilə bərabər ilk üç yeri tutur.
Məqalədə kompyuter istifadəçisi kompyuterlərlə, internet istifadəçiləri internet abunəçiləri ilə müqayisə olunmuşdur. İstənilən oxucu da bilir ki, abunəçi ilə istifadəçi anlayışı fərqlidir, istifadəçi abunəçi olmadan da işlədiyi müəssisədə, təhsil aldığı yerdə kompyuterdən və internetdən istifadə edə bilər. Eyni zamanda internetə kompyuterlə yanaşı, mobil telefon və s. vasitələrlə də daxil olmaq mümkündür.
Müəllif hər 100 ailədən birində rəngli televizorun olmadığını, hər 10 ailədən 1-də tozsoranın olmadığını faciə kimi qiymətləndirir. Ölkə əhalisinin 5.0 faizinin yoxsul olduğunu nəzərə alsaq, savadsız təhlil aparıldığına və məqalənin qərəzli yazıldığına şübhə qalmır.
Məqalənin digər çatışmazlıqlarının təhlilini aparmadan qeyd etmək lazımdır ki, “Azadlıq” qəzeti statistikanın nə olduğundan bixəbər olan müəlliflərin uydurmalarını bir neçə dəfədir ki, dərc edir və rəsmi statistikaya qarşı böhtan yağdırmaqla məşğul olur. “Komitənin statistik göstəricilərinin hamısı reallıqdan uzaqdır”, “... açıqladığı məlumatlar yalan üzərində qurulub” kimi ifadələri, iftiraları, bu yazılarda Komitənin ünvanına irəli sürülən bütün ittihamları Dövlət Statistika Komitəsi qətiyyətlə rədd edir və onları Komitənin işinə qara yaxmaq, onu nüfuzdan salmaq, ölkə ictimaiyyətini çaşdırmaq cəhdləri kimi qiymətləndirir.
Sağlam tənqidə, elmi əsaslandırılmış irad və təkliflərə həmişə ehtiyacı olan Dövlət Statistika Komitəsi ölkə ictimaiyyətini əmin edir ki, statistika orqanları ölkənin sosial-iqtisadi həyatında baş verən hadisə və proseslərin qərəzsiz, sivil dünya qaydalarına uyğun, statistik tədqiqatlar əsasında cəmiyyətimizin məlumatlandırılması işini davam etdirəcəkdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim