AZ    EN
logo

2013-cü ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

18.10.2013

Ümumi Daxili Məhsul. 2013-cü ilin yanvar-sentyabr ayları ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 5.4 faiz çox və ya faktiki qiymətlərlə 42.7 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur. Adambaşına ÜDM istehsalı 4606.7 manat (5871.4 ABŞ dolları) təşkil etmişdir. Bu dövrdə sənaye sahələrində 19.9 milyard manatlıq, yaxud ÜDM-in 46.5 faizi qədər, kənd təsərrüfatında 2.5 milyard manatlıq (5.8 faiz), tikinti kompleksində 4.8 milyard manatlıq (11.3 faiz), nəqliyyatda 2.4 milyard manatlıq (5.6 faiz), ticarət və pullu xidmətdə 4.0 milyard manatlıq (9.3 faiz), rabitədə 725.1 milyon manatlıq (1.7 faiz), digər sahələrdə 5.7 milyard manatlıq və ya ÜDM-in 13.3 faizi qədər əlavə dəyər yaradılmış, 6.5 faizini, yaxud 2.8 milyard manatını subsidiyalar istisna olmaqla məhsula və idxala xalis vergilər təşkil etmişdir.
Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 10.4 faiz artmış, neft sektorunda isə keçən ilin səviyyəsində qalmışdır.
Sənaye. İlin əvvəlindən keçən müddət ərzində 25.3 milyard manatlıq, yaxud 2012-ci ilin müvafiq dövründə olduğundan 0.9 faiz çox sənaye məhsulu istehsal olunmuşdur.
Sənayenin mədənçıxarma bölməsində neft hasilatı 32.5 milyon ton, əmtəəlik qaz hasilatı 13.1 milyard kub metr təşkil etmişdir.
Emal bölməsində keçən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsulları istehsalı 4.6 faiz, içki istehsalı 9.7 faiz, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 35.1 faiz, poliqrafiya fəaliyyəti 54.8 faiz, neft məhsulları istehsalı 6.2 faiz, kimya sənayesi məhsulları istehsalı 18.6 faiz, əczaçılıq məhsulları istehsalı 19.4 faiz, tikinti materialları istehsalı 20.4 faiz, elektrik avadanlıqları istehsalı 4.3 faiz, maşın və avadanlıqlar istehsalı 5.3 faiz, avtomobil və qoşquların istehsalı 41.1 faiz, sair nəqliyyat vasitələri istehsalı 2.3 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 6.1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 30.0 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində elektrik enerjisi istehsalı 1.2 faiz azalaraq 15.2 milyard kvt.saat olmuşdur.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 10.8 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2.9 faiz, neft sektorunda isə 0.4 faiz artmışdır.
Kənd təsərrüfatı. Kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Dənli bitkilər səpilmiş sahələrdən qarğıdalı da daxil olmaqla oktyabrın 1-nə kimi 2897.6 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektarın məhsuldarlığı 0.3 sentner artaraq 27.3 sentner olmuşdur.
Oktyabrın 1-nə kimi tarlalardan 983.8 min ton kartof, 1137.8 min ton tərəvəz, 530.1 min ton meyvə və giləmeyvə, 427.4 min ton bostan məhsulları, 104.3 min ton üzüm, 6.8 min ton pambıq, 474.5 ton yaşıl çay yarpağı, 2667.0 ton tütün, 34.6 min ton şəkər çuğunduru, 17.7 min ton dən üçün günəbaxan toplanmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli bitkilərin istehsalı 4.9 faiz, kartof istehsalı 3.8 faiz, tərəvəz istehsalı 0.1 faiz, meyvə və giləmeyvə istehsalı 2.6 faiz, bostan məhsullrı istehsalı 0.7 faiz, üzüm istehsalı 5.0 faiz artmışdlr.
İri buynuzlu mal-qaranın baş sayı 2728.7 min başa, qoyun və keçilərin baş sayı isə 8770.9 min başa çatmış, bu dövrdə 358.1 min ton diri çəkidə ət, 1385.5 min ton süd, 1043.4 milyon ədəd yumurta, 16.3 min ton yun istehsal olmuşdur. 2012-ci ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 3.8 faiz, süd istehsalı 6.6 faiz, yumurta istehsalı 15.1 faiz, yun istehsalı 2.8 faiz artmışdır.
Beləliklə dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı mövsümülük nəzərə alınmaqla ötən ilki səviyyədən 4.3 faiz, heyvandarlıq məhsulları istehsalı 5.5 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 4.9 faiz yüksək olmuşdur.
Kənd əməkçiləri gələn ilin məhsulu üçün 541.9 min hektar sahənin torpağını şumlamış, 39.2 min hektar sahədə dən üçün payızlıq bitkilər səpmişlər.
Əsaslı tikinti. Doqquz ay ərzində bütün maliyyə mənbələrindən tikinti kompleksinə 11.8 milyard manat məbləğində vəsait yönəldilmiş, onun 8.4 milyard manatını və ya 71.5 faizini daxili vəsaitlər, 3.4 milyard manatını xarici mənbələrdən ayrılmış investisiyalar təşkil etmişdir. Ötən illə müqayisədə əsas kapitala yönəldilmiş vəsait 19.0 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 30.0 faiz artmışdır.
İlin əvvəlindən keçən vaxt ərzində ümumi sahəsi 1478.0 min kv.metr yaşayış evləri, 24880 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 130 nəfəri qəbul etməyə imkan verən ambulatoriya-poliklinika müəssisəsi, 526 çarpayılıq xəstəxana, 997 yerlik məktəbəqədər təhsil müəssisəsi, 864 yerlik klub, Bakı şəhərində Gəmi təmiri və gəmiqayırma İstehsalat Birliyi, Gəmiqayırma zavodu, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Qaz turbinli İstilik Elektrik stansiyası, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası, "Alov Qüllələri" kompleksindəki "Fairmont Baku" oteli, “Qələbə Meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı, Naxçıvan MR-da Arpaçay Su Elektrik stansiyası, Sumqayıt şəhərində "Gilan" Tekstil parkı, Şirvan şəhərində "Cənub" Elektrik stansiyası, Olimpiya İdman Kompleksi və Şirvan-Muğan qrup su kəməri, Abşeron rayonunda Plastik qablar və priforminlər istehsalı və "Milla" süd məhsulları və dondurma istehsalı zavodları, Ağstafa rayonunda Peynbol və Atıcılıq mərkəzi, Astara rayonunda Boks Mərkəzi, Qazax rayonunda Sement zavodu, Quba rayonunda Milli Qolf Klubu, Gənclər Mərkəzi, “Rixos” oteli, Yevlax rayonunda Hava Limanı, Mərkəzi xəstəxana, Gədəbəy rayonunda Yeni qızıl emalı zavodu, Qəbələ rayonunda Üzüm emalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, Aqrar-sənaye kompleksi, "Qafqaz Karvansaray" otel kompleksi, Hacıqabul rayonunda Seramik plitələr istehsalı zavodu, Xaçmaz, Qax və Saatlı rayonlarında Olimpiya İdman kompleksləri, Siyəzən rayonunda Gənclər mərkəzi, Tovuz rayonunda Hemodializ mərkəzi, Şabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Şəmkir rayonunda “Zəka” İntelektual Gənclər Mərkəzi, “Excelsior Hotel Shamkir” mehmanxanası, İsmayıllı rayonunda Tikiş fabriki, "İsmayıllı-1" Su elektrik stansiyası, Balakən rayonunda Soyuducu anbar kompleksi, Ağcabədi rayonunda "Aqat-Aqro" heyvandarlıq kompleksi, Mərkəzi xəstəxana, Gənclər mərkəzi, Sabirabad rayonunda Kür çayı üzərində körpü, İstixana kompleksi və digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilmişdir.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərin tikintisinin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 7.2 milyard manat vəsaitin 5.5 milyad manatından istifadə olunmuşdur.
Nəqliyyat. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-sentyabr aylarında 161.6 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2.8 faiz çox yük, 1.3 milyard nəfər və ya 7.8 faiz çox sərnişin daşınmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 6.0 faiz, dəmir yolu ilə 0.1 faiz, hava nəqliyyatı ilə 87.2 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 8.1 faiz, metro ilə 6.1 faiz artmışdır.
Rabitə. Rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 1.1 milyard manatlıq və ya ötən ildəkindən 7.1 faiz çox rabitə xidməti göstərmişlər. Rabitə xidmətinin 72.3 faizi bilavasitə əhaliyə göstərilmiş, mobil telefon xidmətindən əldə olunmuş gəlir 9.6 faiz artaraq 659.8 milyon manata çatmış və bütün gəlirlərin 59.2 faizini təşkil etmişdir.
Əhalinin gəlirləri. 2013-cü ilin yanvar-sentyabr aylarında əhalinin hər nəfərinə düşən gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 6.2 faiz artaraq 2736.5 manata çatmışdır. Qazanılmış gəlirlərin 68.5 faizini orta hesabla hər bir şəxs son istehlaka, 9.1 faizini vergilərin, sosial sığorta və könüllü üzvlük haqqlarının ödənilməsinə, 20.7 faizini əmanətlərin və kapitalın artırılmasına sərf etmişdir. Vergiləri və üzvlük haqqlarını ödədikdən sonra hər bir nəfərin sərəncamında orta hesabla 2487.1 manat qalmış və müqayisə edilən dövrdə 6.1 faiz artmışdır.
Əmək haqqı. Yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2012-cü ilin yanvar-avqust aylarına nisbətən 6.8 faiz artaraq 413.8 manat olmuşdur.
Əmtəə dövriyyəsi və pullu xidmət. İlin əvvəlindən keçən vaxt ərzində əhaliyə 13.9 milyard manatlıq istehlak malları satılmış və 4.5 milyard manatlıq pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 9.6 faiz, pullu xidmətlərin həcmi isə 7.2 faiz artmışdır.
Xarici ticarət. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən 2013-cü ilin yanvar-avqust aylarında dünyanın 144 ölkəsi ilə 23.1 milyard dollar məbləğində ticarət əməliyyatları aparılmış, onun 88.8 faizi və ya 20.5 milyard dolları uzaq xarici ölkələrlə, 2.6 milyard dolları MDB üzvü dövlətləri ilə həyata keçirilmişdir.
İlin əvvəlindən ötən səkkiz ay ərzində xarici ölkələrə 16.0 milyard dollarlıq mal ixrac olunmuş, onun 94.5 faizi və ya 15.1 milyard dollarlığı uzaq xarici dövlətlərə, 0.9 milyard dollarlığı və ya 5.5 faizi MDB üzvü ölkələrinə göndərilmişdir.
Ölkəyə idxal olunmuş məhsulların dəyəri 7.1 milyard dollar, o cümlədən uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 5.4 milyard dollar, MDB üzvü dövlətlərindən idxal isə 1.7 milyard dollar olmuşdur.
Səkkiz ay ərzində 8.8 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 9.7 milyard dollarlıq müsbət, MDB üzvü dövlətləri ilə 852.4 milyon dollarlıq mənfi saldo yaranmışdır.
Xam neftin və qazın ixracına dair ABƏŞ və Dövlət Neft Şirkətindən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 29.1 milyard dollar (o cümlədən ixrac 22.0 milyard dollar) təşkil etmiş və 14.9 milyard dollar məbləğində müsbət saldo yaranmışdır.
Yanvar-avqust aylarında 16.1 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
İstehlak qiymətləri və xidmət tarifləri. Sentyabr ayında avqust ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.2 faiz bahalaşmış, xidmət tarifləri isə əvvəlki ayın səviyyəsində qalmışdır. İlin əvvəlindən ötən vaxt ərzində 2012-ci ilin yanvar-sentyabr aylarına nisbətən qiymət və tariflər 2.3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.5 faiz, xidmət tarifləri 3.4 faiz bahalaşmışdır.
Dövlət büdcəsi. Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-avqust aylarında dövlət büdcəsinə 12.9 milyard manat məbləğində vəsait daxil olmuş, dövlət büdcəsindən 11.6 milyard manat vəsait xərclənmiş, 1266.9 milyon manat məbləğində, yaxud ÜDM-in 3.4 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 5.3 milyard manatı və ya 45.6 faizi iqtisadiyyatın inkişafına, 1.2 milyard manatı (10.1 faizi) təhsilə və səhiyyəyə, 1.2 milyard manatı (10.2 faizi) əhalinin sosial müdafiə və sosial təminatına yönəldilmişdir.
Əhalinin əmanətləri. Əhalinin banklardakı əmanətlərinin məbləği sentyabr ayının 1-nə 6.1 milyard manata çataraq 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 36.5 faiz artmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 3.7 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2.4 milyard manat olmuşdur.
Kredit qoyuluşu. Ölkə iqtisadiyyatına ötən ilin yanvar-avqust aylarında olduğundan 30.7 faiz çox və ya 14.5 milyard manat məbləğində kredit yönəldilmişdir. Kreditlərin 11.1 milyard manatı uzun müddətə, 3.4 milyard manatı isə qısa müddətə verilmiş, 5.3 faizinin, yaxud 764.8 milyon manatının ödəmə vaxtı keçmişdir.
Manatın məzənnəsi. Sentyabr ayında manatın 1 ABŞ dollarına məzənnəsi 0.78 manat, 1 Avroya 1.05 manat, 100 Rusiya rubluna 2.41 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0.78, 1.03 və 2.48 manat təşkil etmişdir.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2013-cü ilin yanvar-sentyabr ayları faktiki, milyon manat 2013-cü ilin yanvar-sentyabr ayları 2012-сi ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə Məlumat üçün:
2012-ci ilin yanvar-sentyabr ayları 2011-сi ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul 42 748.0 105.4 101.1
o cümlədən qeyri-neft ÜDM-si 23 879.3 110.4 110.3
Sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi 25 295.8 100.9 96.5
o cümlədən qeyri-neft sənayesi 4 989.3 102.9 107.7
Əsas kapitala yönəldilmiş vəsaitlər 11 826.5 119.0 127.4
o cümlədən qeyri-neft sektoruna 7 913.2 116.4 131.2
Kənd təsərrüfatı məhsulu 4 438.4 104.9 106.3
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton 161.6 102.8 103.3
o cümlədən qeyri-neft yüklərinin daşınması 113.8 106.4 107.7
İnformasiya və rabitə xidmətlərinin həcmi 1 113.8 107.1 116.7
Pərakəndə ticarət dövriyyəsi 13 867.8 109.6 109.0
Əhaliyə göstərilən pullu xidmətlər 4 456.9 107.2 107.7
Dövlət büdcəsinin gəlirləri 12 890.1x) 117.3xx) 142.0xxx)
Dövlət büdcəsinin xərcləri 11 623.2x) 119.5xx) 129.0xxx)
Dövlət büdcəsinin profisiti 1 266.9 - -
Əhalinin gəlirləri 25 393.6 107.6 114.0
Hər nəfərə düşən gəlirlər, manat 2 736.5 106.2 113.5
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat 413.8x) 106.8xx) 108.6xxx)
İstehlak qiymətlərinin indeksi x 102.3 101.5
Statistika məlumatı1)
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 29 163.7x) 104.33) x
o cümlədən:
ixrac 22 031.0x) 100.23) x
ondan qeyri-neft məhsulu ixracı 1 148.5x) 112.33) 104.64)
idxal 7 132.7x) 116.63) 100.64)
Gömrük məlumatı2) :
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 23 087.4x) 109.83) 88.34)
o cümlədən:
ixrac 15 954.7x) 106.83) 83.64)
idxal 7 132.7x) 116.63) 100.64)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla.
2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2013-cü ilin yanvar-avqustu 2012-ci ilin yanvar-avqustuna nisbətən, müqayisəli qiymətlərlə;
4) 2012-ci ilin yanvar-avqustu 2011-ci ilin yanvar-avqustuna nisbətən, müqayisəli qiymətlərlə;
x) 2013-cü ilin yanvar-avqustu;
xx) 2013-cü ilin yanvar-avqustu 2012-ci ilin yanvar-avqustuna nisbətən;
xxx) 2012-ci ilin yanvar- avqustu 2011-ci ilin yanvar- avqustuna nisbətən.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim