AZ    EN
logo
image

Belçikanın Brüssel şəhərində “Statistika üçün yeni texnika və texnologiyalar”a dair beynəlxalq konfrans təşkil edilmişdir

19.03.2013

Dövlət Statistika Komitəsinin nümayəndələri Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Q.Əliyev və Statistika işlərinin əlaqələndirilməsi şöbəsinin müdir müavini T.Əcəlov 5-7 mart tarixlərində Avrostatın təşkilatçılığı ilə Belçikanın Brüssel şəhərində təşkil edilmiş “Statistika üçün yeni texnika və texnologiyalar”a dair beynəlxalq konfransda iştirak etmişlər.
Konfransın keçirilməsində əsas məqsəd ümumi və rəsmi statistikada statistik fəaliyyətlərin tədqiqatlarının nəticələrinin təqdimatı və yayılması, rəsmi statistika tərəfindən istifadə üçün metodoloji və texnoloji inkişafa dəstək, mümkün təkliflərin təqdim edilməsi üçün gələcək əməkdaşlığın qurulması nöqteyi-nəzərindən 2014-cü ildən başlayaraq yeni tədqiqat strukturlarının təqdim edilməsi, statistik tədqiqatların gələcək tələbləri və inkişafı, məlumat istifadəsi üçün yeni modellər, məlumatlara giriş imkanları, İKT-nin təkmilləşdirilməsi və rəsmi statistikanın infrastrukturuna dair müzakirələrin aparılması olmuşdur.
Tədbirin açılış mərasimində Avrostatın nümayəndəsi xanım Mariana Kotseva, Avropa Komissiyasının İnnovasiya və Tədqiqatlar Mərkəzinin direktoru cənab Robert-Jan Smit, ABŞ-ın Corctaun Universitetinin prorektoru cənab Robert Grovs və Niderlandın Yeni Texnologiyaların Təhlili İnstitutunun baş analitiki cənab Sander Dyuvenşteyn tərəfindən çıxışlar edildi. Təqdimatlar zamanı iqtisadi-siyasi qərarların qəbulu üçün statistikanın əhəmiyyəti, tədqiqat işlərində statistik məlumatlara olan ehtiyac və tələb, statistika sisteminin özündə innovasiyaların tətbiqi, innovativ xidmətlərin göstərilməsi, statistikada İKT-nin tətbiqi miqyaslarının genişləndirilməsi, tədqiqatçıların mikro məlumatlardan istifadəetmə imkanları, ümumi strategiyaların hazırlanması, habelə statistikanın inkişafında istifadəçilərin (xüsusilə elm mütəxəssislərinin) imkanlarından istifadə olunması da xüsusi qeyd edildi.
Tədbirdə ümumilikdə 56 ölkədən 350-yə yaxın mütəxəssis iştirak edirdi.
Konfransda yeni elmi yanaşmalar və tədqiqatlar, məlumatların elektron toplanması, veb texnologiyalarından istifadə, məlumatların təhlili, daxil edilməsi, impyutasiya, yeni müşahidə növləri, statistik təhlillər, qiymətləndirmə, məlumat mənbələrinin inteqrasiyası, registrlərdən istifadə, seçmə layihələri, seçmə xətalarının hesablanması və s. üzrə təqdimatlar edildi.
Tədbirdə İsrail, İtaliya, Belçika, Fransa, Böyük Britaniya, İsveçrə, Hollandiya, Finlandiya, Amerika Birləşmiş Ştatları, İsveç, Norveç Universitetlərinin, Elmi-Tədqiqat İnstitutlarının, Norveç, İsrail, İtaliya, Hollandiya və Finlandiya statistika ofislərinin müəllim və mütəxəssisləri mühazirə etdilər.
Qeyd olundu ki, statistika orqanları mikro məlumatlardan elmi məqsədlə istifadə olunması üçün tədqiqatçılara daha yaxşı imkanların yaradılmasına çalışmalı və eyni zamanda ilkin məlumatların məxfiliyi prinsipinə riayət etməlidirlər.
İlkin məlumatlar əsasında statistika təhlillərinin aparılması və müşahidələrin təşkilində həmin nəticələrdən istifadə olunması reprezentativliyin yüksəldilməsinə, xətanın və xərclərin azaldılmasına gətirib çıxarır. Məcmuda uyğun qrupların seçilməsi, üstün seçmə metodlarının tətbiqi elmi nəticələrə əsaslanmalıdır. Bu qrupların müəyyən olunması, şərti hesablamaların aparılması, təsviri statistika əsasında qiymətləndirmələrin həyata keçirilməsi müşahidələrin planlaşdırılmasına xidmət edir.
Daha sonra İtaliya Mərkəzi Statistika İdarəsinin mütəxəssislərinin əhalinin siyahıyaalınması sorğu vərəqəsinin “online” layihəsi ilə bağlı çıxışları zamanı məlum oldu ki, 2011-2012-ci illərdə keçirilmiş İtaliyanın 15-ci Kənd Təsərrüfatının Siyahıyaalınmasının ən innovativ cəhəti bu siyahıyaalınmanın bütövlükdə elektron təşkil olunması və məlumatların yığılması prosesinin veb informasiya sistemi üzərində qurulması olmuşdur. Bu sistem üç əsas komponent üzərində təşkil olunmuşdur: (I) Siyahıyaalınmanın idarəetmə sistemi, (II) operatorlar üçün əldə edilə bilən “online” sənədləşdirmə sistemi və (III) məlumatların veb daxiletmə sistemi (“online” sorğu vərəqəsi).
Konfransın növbəti günlərində “Yeni seçmə üsulları və müayinə növləri”, “Statistikada registrdən və inzibati məlumatlardan istifadə”, “Metaməlumatlar, məlumatlara giriş və statistik məlumatlara nəzarət”, “Məlumatların redaktə edilməsi, impyutasiya və yenidən baxılma” və “Ümumi alətlər” mövzusunda təqdimatlar keçirilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim