AZ    EN
logo

2012-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

15.11.2012

2012-ci ilin yanvar-oktyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 1.0 faiz, yaxud müqayisəli qiymətlərlə 416 milyon manat artaraq 44.2 milyard manata çatmışdır. ÜDM-in 66.7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 50.9 faizi sənayedə, 9.9 faizi inşaat kompleksində, 5.9 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27.0 faiz, o cümlədən nəqliyyatda 4.8 faiz, ticarət və pullu xidmətdə 8.3 faiz, rabitədə 1.8 faiz, sosial və digər xidmətlərdə 12.1 faiz təşkil etmişdir. ÜDM-in 6.3 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 4823.7 manat (6138.6 ABŞ dolları) təşkil etmişdir.
Əlavə dəyər istehsalı qeyri-neft sektorunda 10.4 faiz artmış, neft sektorunda isə 7.4 faiz azalmışdır.
Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 28.5 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 96.1 faiz təşkil etmişdir. Məhsulun 76.1 faizi mədənçıxarma bölməsində, 18.6 faizi emal bölməsində, 4.8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. 2011-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 6.2 faiz azalmış, emal bölməsində 7.6 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 11.0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 2.5 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 6.8 faiz artmış, neft sektorunda isə 5.9 faiz azalmışdır.
Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 36.0 milyon ton, əmtəəlik qaz hasilatı 14.4 milyard kub metr təşkil etmişdir.
Emal sektorunda qida məhsulları istehsalı 3.1 faiz, içki istehsalı 11.3 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 2.0 dəfə, geyim istehsalı 43.9 faiz, poliqrafiya fəaliyyəti 2.8 dəfə, rezin və plastik məmulatlar istehsalı 2.6 dəfə, tikinti materialları istehsalı 18.2 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 13.2 faiz, hazır metal məmulatları istehsalı 1.7 dəfə, elektrik avadanlıqları istehsalı 2.0 dəfə, sair nəqliyyat vasitələri istehsalı 20.8 faiz, mebel istehsalı 2.8 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 32.3 faiz artmışdır.
On ay ərzində 16.7 milyard kv.saat, yaxud 9.6 faiz çox elektrik enerjisi istehsal olunmuşdur.
Kənd təsərrüfatı. Aqrar bölmədə məhsul yığımı başa çatmaq üzrədir. Noyabrın 1-nə kimi tarlalardan qarğıdalı ilə birlikdə 2800.4 min ton taxıl, 968.3 min ton kartof, 1190.4 min ton tərəvəz, 665.1 min ton meyvə və giləmeyvə, 427.7 min ton bostan məhsulları, 124.7 min ton üzüm, 4.2 min ton tütün, 98.4 min ton şəkər çuğunduru, 550.3 ton yaşıl çay yarpağı toplanmışdır. Operativ məlumatlara əsasən oktyabrın 29-na kimi 48.9 min ton pambıq toplanıb emal müəssisələrinə təhvil verilmişdir. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə qarğıdalı ilə birlikdə taxıl istehsalı 14.0 faiz, pambıq istehsalı 16.8 faiz, tütün istehsalı 19.7 faiz, kartof istehsalı 3.3 faiz, meyvə və giləmeyvə istehsalı 8.0 faiz, üzüm istehsalı 8.4 faiz, yaşıl çay yarpağı istehsalı 7.1 faiz, tərəvəz istehsalı 0.5 faiz artmış, bostan məhsulları istehsalı 10.5 faiz, şəkər çuğunduru istehsalı isə 48.4 faiz azalmışdır.
Bitkiçilik məhsulları ilə yanaşı heyvandarlıq məhsulları istehsalı da dinamik olaraq artır. İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə 387.2 min ton ət, 1436.3 min ton süd, 997.3 milyon ədəd yumurta və 16.1 min ton yun istehsal olunmuşdur. 2011-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3.6 faiz, süd istehsalı 5.5 faiz, yumurta istehsalı 19.5 faiz, yun istehsalı 1.8 faiz artmışdır. Beləliklə bitkiçilik sahəsində məhsul istehsalı 6.5 faiz, heyvandarlıq sahəsində 5.1 faiz, kənd təsərrüfatının ümumi məhsulu ötən ilki səviyyədən 5.9 faiz artmışdır.
Kənd əməkçiləri gələn ilin məhsulu üçün 761.0 min hektar sahədə şum qaldırmış, 437.3 min hektar sahədə dən üçün taxıl, o cümlədən 268.0 min hektar sahədə buğda, 169.3 min hektar sahədə arpa səpmişlər.
İlin əvvəlindən inşaat kompleksində 11.1 milyard manat məbləğində investisiyadan istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 60.9 faizi və ya 6.8 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2011-ci ilin yanvar-oktyabr aylarına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 26.8 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 27.3 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 78.9 faizini və ya 8.8 milyard manatını daxili investisiyalar təşkil etmiş və 30.4 faiz artmışdır. Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmişdir. On ay ərzində ümumi sahəsi 1337.1 min kv.metr yaşayış evləri, 26310 şagird yerlik ümumtəhsil məktəbləri, 880 yerlik məktəbəqədər təhsil müəssisəsi, 15 çarpayılıq xəstəxana, növbədə 846 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində Metal konstruksiyalar zavodu, “Baku Crystal Hall” İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, “Qafqaz Baku City Hotel and Rezidences” və “JW Marriott Absheron”, “Four Seasons” otelləri, Azərbaycan Diplomatik Akademiyasının yeni Tədris Kompleksi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni Tədris Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu yenidənqurmadan sonra, “8 KM” Stadionu, Binə qəsəbəsində stadion, Zirə İdman Kompleksi, “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi, İstixana Kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində “Azgüntex” zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Ağsu rayonunda Ağsu çayı üzərində körpü, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Balakən rayonunda Mazımçay üzərində yeni körpü, Beyləqan rayonunda Beyləqan-Kəbirli-Baharabad avtomobil yolu, Bərdə rayonunda Çörək istehsalı müəssisəsi, Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlax-Bərdə hissəsi, Cəlilabad rayonunda Un fabriki nəzdində un dəyirmanı və taxıl anbarı kompleksi, Olimpiya İdman Kompleksi, Gədəbəy rayonunda Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolunda yeni körpü, Goranboy rayonunda Şahmat Məktəbi, İmişli rayonunda “Araz” Damazlıq quşçuluq fabriki, “Kraun-Co” Taxıl anbarı kompleksi və Şahmat Məktəbi, Qazax rayonunda Konserv zavodu və Şahmat Mərkəzi, Quba rayonunda Qaraçay üzərində körpü, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi, Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri, Saatlı rayonunda Şahmat Məktəbi, Siyəzən rayonu ərazisində Bakı-Quba yolunda yeni körpü, Şəki rayonunda “Shaki Palace” oteli, Taxıl anbarı və dəyirman kompleksi, Tərtər rayonunda Süd emalı zavodu və Soyuducu anbar kompleksi, Tovuz rayonunda “Ayan Palace” oteli, Yevlax rayonunda Regional İnformasiya Mərkəzi, Avtovağzal kompleksi və digər obyektlər istifadəyə verilmişdir.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 6014.1 milyon manat vəsaitin 4863.6 milyon manatından istifadə edilmişdir.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-oktyabr aylarında 174.2 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3.3 faiz çox yük, 1321.5 milyon nəfər və ya 8.5 faiz çox sərnişin daşınmışdır. Yüklərin 10.9 faizi dəmir yolu nəqliyyatı, 55.8 faizi avtomobil nəqliyyatı, 5.9 faizi dəniz nəqliyyatı, 27.4 faizi boru kəmərləri ilə, sərnişinlərin 87.7 faizi avtomobil, 12.1 faizi metropolitenlə daşınmışdır.
İnformasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 1163.3 milyon manat dəyərində və ya ötən ildə olduğundan 17.2 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 72.2 faizi əhaliyə xidmətlə bağlı olmuş və əldə edilmiş gəlirin 75.3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2012-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 13.7 faiz artaraq 27.1 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 12.2 faiz artaraq 2959.4 manata (orta hesabla ayda 295.9 manata) çatmışdır. Gəlirlərin 63.4 faizi son istehlaka, 8.4 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 26.5 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Cari il oktyabr ayının sonuna olan məlumatlara görə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanına uyğun olaraq, keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi davam edir və 1032.9 min əmanətçiyə 419.6 milyon manat ödənilmişdir.
Muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrünə nisbətən 8.6 faiz artaraq 388.2 manata çatmışdır. Bu dövrdə sənayedə çalışanların orta aylıq əmək haqqı 593.6 manat, tikinti kompleksində 562.6 manat, nəqliyyatda 494.8 manat, informasiya və rabitədə isə 619.1 manat təşkil etmişdir.
Ötən ilin on ayına nisbətən pərakəndə əmtəə dövriyyəsi 9.4 faiz artaraq 14.0 milyard manata, pullu xidmətlərin həcmi isə 7.7 faiz çoxalaraq 4.6 milyard manata çatmışdır. Realizə olunmuş əmtəələrin 55.8 faizini ərzaq məhsulları, 44.2 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 1.9 faiz və 20.5 faiz artmışdır.
2012-ci ilin yanvar-oktyabr aylarında elektron ticarəti vasitəsilə alıcılara 1133.4 min manatlıq qeyri-ərzaq malları və 72.4 min manatlıq ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2012-ci ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 11.9 faiz azalaraq 24.6 milyard dollar təşkil etmiş, 90.1 faizi və ya 22.1 milyard dolları uzaq xarici dövlətlərlə, 2.5 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılmışdır.
Doqquz ay ərzində ölkəmizdən xarici ölkələrə 17.8 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilmiş, onun 17.0 milyard dolları uzaq xarici dövlətlərə, 798.9 milyon dolları MDB-yə daxil olan ölkələrə ixrac olunmuşdur.
Qeyri-neft məhsullarının ixracı yanvar-sentyabr ayları ərzində sabit qiymətlərlə 6.4 faiz artmışdır. Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 6.8 milyard dollar təşkil etmişdir. Uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 5.1 milyard dollar, MDB üzvü dövlətlərindən isə 1.7 milyard dollar olmuşdur.
Doqquz ay ərzində 11.0 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 11.9 milyard dollar məbləğində müsbət, MDB üzvü dövlətləri ilə isə 844.8 milyon dollar məbləğində mənfi saldo yaranmışdır.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 32.5 milyard dollar (o cümlədən ixrac 25.7 milyard dollar) təşkil etmiş, 7.2 faiz azalmış və müsbət saldo 18.9 milyard dollar olmuşdur.
Yanvar-sentyabr aylarında 24.7 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
Oktyabr ayında sentyabr ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.5 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri sentyabr ayının səviyyəsində qalmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qiymət və tariflər on ay ərzində 1.3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.2 faiz, xidmət tarifləri 1.3 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-sentyabr aylarında dövlət büdcəsinə 12.5 milyard manat həcmində, yaxud 2011-ci ilin müvafiq dövründəkindən 39.4 faiz çox vəsait daxil olmuş, bu vaxt ərzində büdcədən 11.1 milyard manat və ya 2011-ci ilin müvafiq dövrünə nisbətən 26.8 faiz çox vəsait xərclənmiş, 1.4 milyard manat məbləğində və ya ümumi daxili məhsulun 3.6 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 41.2 faizi və ya 4.6 milyard manatı iqtisadiyyatın inkişafına, 11.9 faizi, yaxud 1.3 milyard manatı sosial müdafiə və sosial təminata, 11.2 faizi və ya 1.2 milyard manatı təhsilə və səhiyyəyə yönəldilmişdir.
Kredit təşkilatlarının ayırdıqları kredit qoyuluşların məbləği oktyabr ayının 1-i vəziyyətinə 11.5 milyard manata çatmış və ötən ilin müvafiq dövrünə nisbətən 18.8 faiz artmışdır. Verilmiş kreditlərin 8.2 milyard manatı uzunmüddətli olmuş, 757.9 milyon manatının ödəmə müddəti ötmüşdür.
Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 25.8 faiz artaraq oktyabr ayının 1-nə 4.6 milyard manata çatmışdır. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 2.6 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2.0 milyard manat olmuşdur.
Oktyabr ayında milli valyutanın 1 ABŞ dollarına orta məzənnəsi 0.79 manat, 1 Avroya 1.02 manat, 100 Rusiya rubluna 2.52 manat, yanvar-oktyabr aylarında isə müvafiq olaraq 0.79, 1.01 və 2.50 manat təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim