AZ    EN
logo

2012-ci ilin birinci rübündə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

17.04.2012


2012-ci ilin birinci rübündə sosial və iqtisadi sahələrin inkişafını əks etdirən makroiqtisadi göstəricilər bir qədər yüksəlmiş, əhalinin rifah halını göstərən əmək haqqı və gəlirlər artmış, inflyasiya minimum səviyyədə qalmışdır.
Ümumi daxili məhsul istehsalı 0.5 faiz artaraq 12.3 milyard manata çatmış, əlavə dəyərin 7.5 milyard manatı və ya 61.3 faizi sənaye sahələrində, 599.2 milyon manatı (4.9 faizi) tikintidə, 553.9 milyon manatı (4.5 faizi) nəqliyyatda, 294.9 milyon manatı (2.4 faizi) kənd təsərrüfatında, 973.3 milyon manatı (7.9 faizi) ticarət və pullu xidmət sahələrində, 194.4 milyon manatı (1.6 faizi) rabitədə, 1332.8 milyon manatı (10.9 faizi) digər sahələrdə istehsal olunmuş, 802.4 milyon manatını, yaxud 6.5 faizini məhsula və idxala vergilər təşkil etmişdir.
Orta hesabla ölkənin hər bir sakini üzrə ÜDM istehsalı 1346.1 manata və ya 1711.9 ABŞ dollarına bərabər olmuşdur.
Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 7.7 faiz artmış, neft sektorunda isə 4.7 faiz azalmışdır.
Əlavə dəyərin yarıdan çoxu yaradılan sənaye sahələrində, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 9.4 milyard manatlıq məhsul istehsal olunmuş və 2011-ci ilin birinci rübü ilə müqayisədə 0.3 faiz azalmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 16.5 faiz artaraq sənaye məhsulunun 17.1 faizini təşkil etmiş, neft sektorunda isə məhsul istehsalı 3.5 faiz azalmışdır.
Sənaye məhsulunun 7.3 milyard manatlığı və ya 78.3 faizi mədənçıxarma bölməsində, 1.5 milyard manatlığı, yaxud 15.9 faizi emal bölməsində, 493.4 milyon manatlığı və ya 5.3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 44.0 milyon manatı, yaxud 0.5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Mədənçıxarma bölməsində ötən illə müqayisədə məhsul istehsalı 3.6 faiz azalmış, birinci rübdə 11.3 milyon ton əmtəəlik neft, 4.6 milyard kub metr əmtəəlik qaz hasil olunmuşdur.
Emal bölməsində məhsul istehsalı 21.9 faiz artmış, bölmənin məhsullarından qida məhsulları istehsalı 1.5 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 67.7 faiz, poliqrafiya fəaliyyəti 6.5 faiz, kimya sənayesi məhsulları istehsalı 1.6 faiz, rezin və plastmas məhsulları istehsalı 2.9 dəfə, tikinti materialları istehsalı 9.4 faiz, hazır metal məmulatlar istehsalı 2.0 dəfə, kompüter və digər elektron avadanlıqları istehsalı 37.0 dəfə, elektrik avadanlıqları istehsalı 4.9 dəfə, maşın və avadanlıqların istehsalı 2.2 faiz, sair nəqliyyat vasitələri istehsalı 18.1 faiz, mebel istehsalı 3.4 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 2.1 dəfə artmışdır.
Elektrik enejisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulu istehsalı 10.4 faiz artmış, 6.2 milyard kvt.s, yaxud 15.2 faiz çox elektrik enerjisi istehsal edilmişdir.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 7.1 faiz artmışdır.
Aqrar sahədə yaz-tarla işləri sürətlə aparılır və aprel ayının 1-nə kimi 104.6 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 9.1 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 1.5 min hektar sahədə dən üçün qarğıdalı, 29.0 min hektar sahədə kartof, 23.2 min hektar sahədə tərəvəz, 123 hektar sahədə pambıq, 2.5 min hektar sahədə bostan bitkiləri, 1.3 min hektar sahədə dən üçün günəbaxan, 1.1 min hektar sahədə şəkər çuğunduru, 36.0 min hektar sahədə çoxillik bitkilər əkilmişdir.
Heyvandarlıq sahəsində mal-qaranın baş sayının artması ilə yanaşı heyvandarlıq məhsulları istehsalı dinamik olaraq artır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə birinci rübdə iri buynuzlu mal-qaranın baş sayı 1.8 faiz çoxalaraq 2697.9 min və qoyun və keçilərin sayı 1.7 faiz artaraq 8785.7 min başa çatmışdır. Bu dövrdə diri çəkidə ət istehsalı 2.5 faiz artaraq 102.0 min ton, süd istehsalı 2.9 faiz artaraq 374.3 min ton, yumurta istehsalı 10.7 faiz artaraq 285.8 milyon ədəd olmuşdur.
İlin əvvəlindən tarlalardan 9.6 min ton və ya keçən ildəkindən 13.6 faiz çox tərəvəz toplanmışdır.
Beləliklə, keçən ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3.2 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 6.4 faiz, heyvandarlıq məhsulları istehsalı 3.2 faiz artmışdır.
Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2099.4 milyon manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 16.5 faiz çox vəsait yönəldilmişdir. Vəsaitin 989.7 milyon manatı, yaxud 47.1 faizi məhsul istehsalı obyektlərinin inşasında istifadə edilmişdir. Tikinti quraşdırma işlərinin aparılmasına sərf olunmuş investisiyanın həcmi 4.2 faiz artaraq 1103.7 milyon manat təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 72.8 faizi daxili investisiyanın, 27.2 faizi xarici investisiyanın hesabına formalaşmışdır.
İlin əvvəlindən ümumi sahəsi 331.0 min kv.metr yaşayış evləri, 15 çarpayılıq xəstəxana, 140 yerlik klub, Gəncə şəhərində Alüminium zavodu Kompleksi, Goranboy rayonunda Şahmat Məktəbi, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi, Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolları tikilib başa çatdırılmışdır.
Avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslərin işi də nəzərə alınmaqla nəqliyyat vasitələri ilə 47.8 milyon ton yük və 361.4 milyon nəfər sərnişin daşımış, keçən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 4.3 faiz, sərnişin daşınması 8.9 faiz artmışdır.
Beynəlxalq Avrasiya dəhlizi ilə yanvar-fevral aylarında 9.3 milyon ton yük daşınmışdır. Bu sahədə fəaliyyət göstərən nəqliyyat müəssisələri yük və sərnişin daşımalarından 85.0 milyon manat gəlir əldə etmişlər.
İnformasiya və rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 289.8 milyon manatlıq, yaxud 2011-ci ilin birinci rübündəkindən 8.0 faiz çox xidmət göstərmişlər. Payına xidmətlərin 73.4 faizi düşən qeyri-dövlət bölməsində görülmüş işlərin həcmi 2.1 faiz artmışdır.
Yanvar-mart ayları ərzində əhaliyə ticarət şəbəkəsindən 4.1 milyard manatlıq istehlak malları satılmış, pərakənda əmtəə dövriyyəsi 9.3 faiz artmışdır. Əhaliyə realizə olunmuş istehlak mallarının 59.8 faizini ərzaq məhsulları, 40.2 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satış həcmi müvafiq olaraq 4.3 və 18.6 faiz çoxalmışdır.
Əhaliyə, idarə və təşkilatlara pullu xidmət müəssisələri və fiziki şəxslər tərəfindən üç ay ərzində ötən ilin müvafiq dövründəkindən 9.4 faiz çox, yaxud 1.3 milyard manatlıq pullu xidmət göstərilmışdır.
2012-ci ilin birinci rübündə orta hesabla ölkənin hər bir sakininin gəlirləri 792.1 manata çataraq 12.3 faiz artmışdır. Gəlirlərin 66.4 faizi son istehlaka, 9.3 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 22.1 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-fevral aylarında 8.5 faiz artaraq 368.5 manata çatmışdır. Sənaye sahələrində çalışanların əmək haqqı 540.3 manat, tikinti kompleksində 532.0 manat, nəqliyyatda 452.8 manat olmuşdur.
İstehsal sahələrinin inkişafı, əhalinin həyat səviyyəsinin yüksəlməsi ölkəmizin xarici dövlətlərlə iqtisadi, o cümlədən ticarət əlaqələrinin genişlənməsinə şərait yaradır. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən 2012-ci ilin ilk iki ayı ərzində ölkənin xarici ticarət dövriyyəsi 5382.4 milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 2.5 faiz azalmışdır.
Əmtəə mübadiləsinin 90.6 faizi və ya 4874.2 milyon dolları uzaq xarici ölkələrlə aparılaraq müqayisəli qiymətlərlə 4.9 faiz artmış, MDB üzvü dövlətləri ilə iki ay ərzində 508.2 milyon dollarlıq və ya müqayisəli qiymətlərlə 34.6 faiz az ticarət əməliyyatları aparılmışdır.
Əmtəə dövriyyəsinin 4048.9 milyon dollarını, yaxud 75.2 faizini ölkəmizdən ixrac olunmuş məhsullar təşkil edərək keçən ilin yanvar-fevral ayları ilə müqayisədə sabit qiymətlərlə 2.3 faiz azalmışdır. İxrac olunmuş malların 95.9 faizi və ya 3884.0 milyon dollarlığı uzaq xarici ölkələrə, 164.9 milyon dollarlığı isə MDB üzvü dövlətlərinə göndərilmiş və müvafiq olaraq 4.5 faiz artmış və 60.0 faiz azalmışdır.
Ölkəmizə idxal olunmuş malların dəyəri keçən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3.1 faiz azalaraq 1333.5 milyon dollar təşkil etmişdir. Uzaq xarici ölkələrdən daxil olmuş malların həcmi 6.1 faiz artmış, MDB üzvü dövlətlərindən isə 22.5 faiz azalaraq müvafiq olaraq 990.2 milyon dollar və 343.3 milyon dollar olmuşdur.
Eyni zamanda, xam neft və qazın ixracına dair ABƏŞ və Dövlət Net Şirkətindən daxil olmuş hesabatların məlumatları nəzərə alınmaqla xarici ölkələrlə əmtəə dövriyyəsi 7406.1 milyon dollar, o cümlədən ixrac 6072.6 milyon dollar, idxal 1333.5 milyon dollar təşkil etmişdir.
İki ay ərzində 2715.4 milyon dollarlıq, əlavələr nəzərə alınmaqla isə 4739.1 milyon dollarlıq müsbət saldo yaranmışdır.
Yanvar-fevral aylarında ölkəmizə 6.6 milyon dollar həcmində humanitar və texniki yardım daxil olmuşdur.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri mart ayında əvvəlki ayla müqayisədə 0.3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.7 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri 0.1 faiz ucuzlaşmış, xidmət tarifləri isə əvvəlki ayın səviyyəsində qalmışdır. 2011-ci ilin birinci rübünə nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 3.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.3 faiz, xidmət tarifləri 2.5 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-fevral aylarında dövlət büdcəsinə 2475.0 milyon manat daxil olmuş, büdcədən 1286.7 milyon manat vəsait xərclənmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 1188.3 milyon manatlıq profisit ümumi daxili məhsulun 14.9 faizini təşkil etmişdir.
Büdcə xərclərinin 287.7 milyon manatı və ya 21.7 faizi iqtisadiyyatın inkişafına, 343.6 milyon manatı (26.7 faizi) sosial müdafiə və sosial təminata, 174.3 milyon manatı (13.5 faizi) təhsilə və səhiyyəyə yönəldilmişdir.
Əhalinin banklara qoyduqları əmanətlərin məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 37.8 faiz artaraq mart ayının 1-nə 4.3 milyard manata çatmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 62.8 faiz, xarici valyuta ilə isə 15.4 faiz artaraq müvafiq olaraq 2.4 milyard və 1.9 milyard manat olmuşdur.
Verilmiş kreditlərin məbləği 2011-ci ilin iki ayı ilə müqayisədə 21.9 faiz artaraq 10.2 milyard manat təşkil etmişdir. Kreditlərin 70.0 faizi uzun müddətə verilmiş, 6.4 faizinin ödəmə vaxtı keçmişdir.
Mart ayında 1 ABŞ dolları 0.79 manata, 1 Avro 1.04 manata, 100 Rusiya rublu 2.68 manata, yanvar-mart aylarında isə müvafiq olaraq 0.79, 1.03 və 2.61 manata bərabər olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim