AZ    EN
logo

2011-ci ildə ölkənin inkişafının əsas sosial iqtisadi göstəriciləri

18.01.2012


İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı 2011-ci ildə 0,1 faiz artaraq 50,1 milyard manata çatmışdır. Əlavə dəyər məhsul istehsalı sahələrində 3,5 faiz azalmış, xidmət sahələrində isə 6,5 faiz artmışdır.
Əhalinin hər nəfərinə 5530,6 manatlıq (7003,4 ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur.
Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9,4 faiz artmış, neft sektorunda isə 9,3 faiz azalmışdır.
Sənaye sahəsində məhsul istehsalı 2010-cu illə müqayisədə 5,0 faiz azalmış, sənaye məhsulunun 77,9 faizi və ya 26,9 milyard manatı mədənçıxarma bölməsində, 17,0 faizi (müvafiq olaraq 5,9 milyard manatı) emal bölməsində, 4,5 faizi (1,6 milyard manatı) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi (188,5 milyon manatı) su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Sənaye məhsulu istehsalı neft sektorunda 8,5 faiz azalmış, qeyri-neft sektorunda isə 11,1 faiz artmışdır.
2011-ci il ərzində mədənçıxarma bölməsində 45,4 milyon ton neft, 25,7 milyard kub metr qaz hasil olunmuşdur.
Emal bölməsinin məhsullarından qida məhsullarının istehsalı 5,0 faiz, içki istehsalı 8,4 faiz, geyim istehsalı 56,5 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı 23,4 faiz, poliqrafiya məhsulu 12,8 faiz, neft məhsullarının istehsalı 0,9 faiz, kimya məhsullarının istehsalı 27,1 faiz, tikinti materialları istehsalı 4,4 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 1,9 dəfə, kompüter və digər elektron avadanlıqların istehsalı 22,8 faiz, mebel istehsalı 24,5 faiz artmışdır.
İl ərzində ölkənin elektrik stansiyalarında 20,1 milyard kVt-saat elektrik enerjisi istehsal olunmuşdur.
Sənaye müəssisələri tərəfindən 593 "Belarus" tipli traktor, 556 ədəd "Lifan" markalı minik avtomobili, 727 ədəd "MAZ" markalı yük avtomobili, 19,2 min ədəd televizor, 4,3 min ədəddən çox kondisioner istehsal edilmişdir.
Tikinti. 2011-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12,8 milyard manat vəsait yönəldilmiş, onun 61,2 faizi və ya 7,8 milyard manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Əvvəlki illə müqayisədə əsas kapitala yönəldilmiş vəsait 27,3 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait isə 17,5 faiz çox olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 80,3 faizini daxili, 19,7 faizini isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil etmişdir.
Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan yeni tikili və obyektlərin istifadəyə verilməsi təmin edilmişdir:

"¢ 15 sənaye müəssisəsi;
"¢ ümumi sahəsi 1,9 milyon kvadrat metr olan yaşayış evləri;
"¢ 12,6 min şagird yerlik ümumtəhsil məktəbləri;
"¢ 310 yerlik məktəbəqədər uşaq müəssisələri;
"¢ 11 səhiyyə müəssisəsi (xəstəxana, ambulatoriya, poliklinika, diaqnostika və tibb mərkəzləri);
"¢ 4 Olimpiya İdman kompleksi və digər idman obyektləri.

Kənd təsərrüfatı. Kənd təsərrüfatının ümumi məhsulu 2010-cu ilə nisbətən 5,8 faiz, o cümlədən bitkiçilik məhsulları 8,0 faiz, heyvandarlıq məhsulları isə 3,5 faiz artmış, cari qiymətlərlə 4525,2 milyon manatliq məhsul istehsal olunmuşdur.
2011-ci ildə ilkin mədaxil çəkisində 2458,5 min ton taxıl, 938,5 min ton kartof, 1214,8 min ton tərəvəz, 65,3 min ton pambıq, 765,8 min ton meyvə və giləmeyvə, 478,0 min ton bostan məhsulları, 137,0 min ton üzüm, 254,7 min ton şəkər çuğunduru, 3,6 min ton tütün, 534,1 ton yaşıl çay yarpağı toplanmış, kəsilmiş çəkidə 264,7 min ton ət, 1622,3 min ton süd, 1008,1 milyon ədəd yumurta və 16,2 min ton yun istehsal olunmuşdur. Kartof, çay, şəkər çuğunduru və yumurta istisna olmaqla qalan bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə artmışdır.
2011-ci ilin sonuna 2670,5 min baş iribuynuzlu mal-qara, o cümlədən 1282,6 min baş inək və camış, 8510,1 min baş qoyun və keçi mövcud olmuşdur.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 203,5 milyon ton yük və 1,5 milyard nəfər sərnişin daşınmış və 2010-cu illə müqayisədə yük daşınması 3,6 faiz, sərnişin daşınması isə 7,5 faiz artmışdır. H.Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 34,5 milyon ton neft, o cümlədən 2,1 milyon ton tranzit Türkmənistan nefti ötürülmüşdür.
Ölkədəki avtomobillərin sayı il ərzində 59,8 min ədəd artaraq 1042,3 min ədədə çatmış və hazırda hər 100 ailədən 42-də şəxsi minik avtomobili var.
Rabitə və informasiya texnologiyaları sahəsi qeyri-neft sahələri arasında ən sürətlə inkişaf edən sahələrdən biridir. Sahənin əməkçiləri əhaliyə, müəssisə və təşkilatlara 1 mlrd. 245 milyon manatlıq, yaxud 2010-cu illə müqayisədə 11,8 faiz çox xidmət göstərmişlər. Xidmətlərin 72,7 faizi bilavasitə əhaliyə göstərilmiş və 15,4 faiz artmışdır. Hazırda əhalinin hər 100 nəfərinə 101 mobil telefonu düşür. Ölkə əhalisinin hər iki nəfərindən biri internetdən istifadə etmiş, internetdən istifadə tarifləri aşağı salınmışdır.
Ticarət və xidmət. 2011-ci ildə pərakəndə ticarət və iaşə müəssisələri üzrə əmtəə və xidmətlərin satışı 2010-cu ilin səviyyəsini 9,9 faiz üstələyərək 21,8 milyard manata bərabər olmuş, əmtəə dövriyyəsi 10.6 faiz, pullu xidmətlərin həcmi 7.8 faiz artmışdır. Pərakəndə ticarət və iaşə şəbəkələrində hər bir ölkə sakini hər ay orta hesabla 151,4 manatlıq və ya 2010-cu ildəkindən 23,8 manat çox pul vəsaiti xərcləmişdir.
Xidmət sektorunun sabit və dinamik inkişafı nəticəsində il ərzində hər ölkə sakini hər ay orta hesabla 49,1 manatlıq və ya əvvəlki illə müqayisədə 5,0 manat çox müxtəlif pullu xidmətlərdən istifadə etmişdir.
Xarici ticarət. 2011-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 150-yə yaxın ölkəsində tərəfdaşları ilə ticarət əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin həcmi 33,2 milyard ABŞ dolları təşkil etmiş, ixracın idxalı 2,9 dəfə üstələməsi nəticəsində 16,1 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır. 2010-cu illə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9,2 faiz, o cümlədən idxal 46,4 faiz artmış, ixrac isə 3,8 faiz azalmışdır.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri 2011-ci ildə 7,9 faiz bahalaşmışdır.
Əhalinin əmanətləri. Əhalinin banklardakı əmanətlərinin həcmi il ərzində 33,5 faiz artaraq 2011-ci ilin sonuna 3,8 milyard manat təşkil etmişdir.
Kredit qoyuluşu. Maliyyə-kredit təşkilatları tərəfindən dekabr ayının sonuna kimi verilmiş kreditlərin məbləği 9,9 milyard manata çatmaqla 2010-cu ilin müvafiq dövrünə nisbətən 18,8 faiz artmışdır.
Əhalinin gəlirləri 19,6 faiz artaraq 30,6 milyard manata, hər nəfərə düşən məbləği isə 18,1 faiz çoxalaraq 3383,8 manata çatmışdır.
Əmək haqqı. Muzdla işləyənlərin orta aylıq əmək haqqı ilbəil artır. Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də iqtisadi və sosial sahələrdə çalışanların əmək haqları davamlı olaraq artmışdır. Yanvar-noyabr aylarında orta aylıq əmək haqqı 8,3 faiz artaraq 356,6 manat olmuşdur.
Sosial təminat. Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən, 2011-ci ilin sonuna pensiyaçıların sayı 1278 min nəfər olmuş və təyin olunmuş aylıq pensiyaların orta məbləği 145,2 manata çatmışdır.
Cari ilin sonuna 306,8 min nəfər sosial müavinət, 34,3 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 122 min ailənin 547,8 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almışdır.
Ölkə əhalisinin sosial vəziyyətinin getdikcə yaxşılaşması yoxsulluğun azaldılmasına öz təsirini göstərmiş və ilkin məlumatlara görə bir il ərzində yoxsulluq səviyyəsi 1,5 faiz bəndi azalaraq 7,6 faizə enmişdir. Qeyd etmək lazımdır ki, yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7 faiz, 2004-cü ildə 40,2 faiz, 2005-ci ildə 29,3 faiz, 2006-cı ildə 20,8 faiz, 2007-ci ildə 15,8 faiz, 2008-ci ildə 13,2 faiz, 2009-cu ildə 10,9 faiz, 2010-cu ildə isə 9,1 faiz təşkil etmişdir. Beləliklə, son səkkiz ildə yoxsul əhalinin sayı 5,2 dəfə azalmışdır.
Yeni iş yerləri. 2011-ci ildə ölkədə 94 minə yaxın yeni iş yerləri açılmış, onlardan 72,7 mini daimi iş yeri olmuşdur. Bu və digər amillər işsizlik səviyyəsinin 0,5 faiz bəndi qədər azalaraq 5,4 faizə enməsinə təsir göstərmişdir.
Demoqrafiya. İlkin məlumatlara əsasən 2012-ci il yanvarın 1-i vəziyyətinə ölkə əhalisinin sayı 123,9 min nəfər və ya 1,4 faiz artaraq 9235,0 min nəfər təşkil etmişdir. Əhalinin 53 faizi şəhər, 47 faizi kənd yerlərində yaşayır, 49,6 faizi kişilərdən, 50,4 faizi qadınlardan ibarətdir. Hər 1000 nəfər kişiyə 1017 nəfər qadın düşür.
Ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş təşkil edir. 2011-ci il ərzində ölkədə 175,4 min nəfər körpə doğulmuşdur ki, bu da son 17 ildə ən yüksək göstəricidir. 2010-cu illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,5-dən 19,4-ə qədər artmışdır. Doğulanların 53,8 faizi oğlanlar, 46,2 faizi qızlardır. Körpələrin 1506-sı əkiz, 33-ü üçəm olmuşdur.
Doğulan oğlanlara ən çox Yusif, Əli, Hüseyn, Məhəmməd, Murad və Nihad, qızlara isə Zəhra, Nuray, Fatimə, Fidan, Zeynəb və Ayan adları verilmişdir.
Hazırda uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,4 uşaq düşür, bununla da ölkədə əhalinin təkrar istehsalı təmin olunur.
2011-ci ildə rəsmi dövlət orqanları tərəfindən 89,4 min nikah qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə 2010-cu ilə nisbətən nikahların sayı 8,9-dan 9,9-a qədər artmışdır. Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında 23 yaş olmuşdur. Ölkədə gənclərin problemlərinin həllinə yönəldilmiş dövlət siyasətinin həyata keçirilməsi, yeni iş yerlərinin açılması və gənclərin iqtisadiyyata daha çox cəlb olunması ilə əlaqədar əvvəllər Azərbaycandan xarici ölkələrə qazanc üçün getmiş gənclər Vətənə qayıdır, ölkədən gedənlərin sayı isə ilbəil azalır. Daxili İşlər Nazirliyinin məlumatına əsasən 2011-ci ildə daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı 2,2 min nəfər olmuş və 0,5 min nəfər ölkədən getmişdir. İmmiqrantların 77,1 faizini Rusiya Federasiyasından, 8,1 faizini Qazaxıstandan, 4,3 faizini Ukraynadan gələnlər, emiqrantların isə müvafiq olaraq 45,1 faizini, 32,7 faizini, və 8,4 faizini həmin ölkələrə gedənlər təşkil etmişlər.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim