AZ    EN
logo

2011-ci ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial inkışafının makroiqtisadi göstəriciləri

14.09.2011


Ümumi daxili məhsul. 2011-cu ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz, yaxud müqayisəli qiymətlərlə 292.5 milyon manat çox əlavə dəyər istehsal olunmuş və onun ümumi həcmi 30.9 milyard manata çatmışdır. ÜDM-in 66.8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 53.3 faizi sənaye müəssisələrində, 7.3 faizi inşaat kompleksində, 6.2 faizi isə aqrar bölmədə istehsal olunmuşdur. Xidmət sahələrində yaradılmış əlavə dəyərin 6.0 faizi nəqliyyat, 8.3 faizi ticarət, pullu xidmət və ictimai iaşə, 1.7 faizi rabitə, 11.3 faizi digər sahələrin payına düşmüşdür. Məhsula və idxala tətbiq olunmuş vergilər ÜDM-in 5.9 faizini təşkil etmişdir.
Orta hesabla adambaşına 3418.4 manatlıq (4320.6 ABŞ dolları) ÜDM istehsal olunmuşdur.
Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 8.5 faiz artmış, neft sektorunda 6.2 faiz azalmışdır.
Sənaye. Ev təsərrüfatlarında sənaye məhsulu istehsalı ilə məşğul olanların, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla ilin əvvəlindən 20.9 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Məhsul istehsalı sənayenin mədənçıxarma bölməsində 5.5 faiz azalmış, emal bölməsində 9.8 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 8.4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 10.7 faiz artmış, bu bölmələrin sənayenin ümumi məhsulunda xüsusi çəkisi müvafiq olaraq 76.3, 18.2, 4.9 və 0.6 faiz təşkil etmişdir.
Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 31.7 milyon tona, qaz hasilatı isə 17.2 milyard kub metrə çatmışdır.
Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 7.0 faiz, içki istehsalı 30.0 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 14.7 faiz, geyim istehsalı 60.3 faiz, ağac emalı və ağacdan məmulatlar istehsalı 11.6 faiz, kağız və karton istehsalı 33.4 faiz, poliqrafiya fəaliyyəti 4.7 faiz, neft məhsulları istehsalı 5.4 faiz, kimya sənayesi məhsulları istehsalı 53.2 faiz, rezin və plastik kütlə məmulatları istehsalı 6.9 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 79.8 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı 20.6 faiz, elektrik avadanlıqları istehsalı 12.3 faiz, maşın və avadanlıqlar istehsalı 25.4 faiz, sair nəqliyyat vasitələri istehsalı 1.3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 53.4 faiz artmışdır.
İlin əvvəlindən keçən vaxt ərzində ötən illə müqayisədə elektrik enerjisi istehsalı 5.5 faiz artaraq 12.7 milyard kVt.saat təşkil etmişdir.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10.4 faiz artmışdır.
Kənd təsərrüfatı. Aqrar bölmədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Sentyabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla 942.5 min hektar sahənin məhsulu toplanmış və həmin sahələrdən 2348.9 min ton məhsul götürülmüşdür. Məhsuldarlıq 4.8 sentner artaraq 24.9 sentner olmuşdur. Yığım başlanandan tarlalardan 688.7 min ton, yaxud 38.0 min ton çox kartof, 962.0 min ton (31.5 min ton çox) tərəvəz, 295.8 min ton (47.7 min ton çox) meyvə və giləmeyvə, 442.1 min ton (66.7 min ton çox) bostan məhsulları, 24.0 min ton (855 ton çox) üzüm, 2114.2 ton (343.0 ton çox) tütün, 398.0 ton (17.8 ton çox) yaşıl çay yarpağı toplanmışdır.
İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 4.8 faiz artaraq 285.8 min tona, süd istehsalı 7.7 faiz artaraq 1070.9 min tona, yumurta istehsalı 16.3 faiz azalaraq 664.5 milyon ədədə, yun istehsalı 5.6 faiz artaraq 14.7 min tona çatmışdır.
Beləliklə, ötən səkkiz ay ərzində iqtisadiyyatın aqrar bölməsində ötən ildə olduğundan 9.4 faiz çox kənd təsərrüfatı məhsulları istehsal edilmiş, o cümlədən bitkiçilik məhsulları istehsalı 13.7 faiz, heyvandarlıq məhsulları istehsalı 4.2 faiz artmışdır.
Tikinti. Ölkədə inşaat işlərinin həyata keçirilməsi üçün səkkiz ay ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 6.4 milyard manat məbləğində vəsait yönəldilmiş, onun 3.8 milyard manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. İstifadə edilmiş kapital qoyuluşunun 75.2 faizini, yaxud 4.8 milyard manatını daxili investisiyalar, 1.6 milyard manatını xarici investisiyalar təşkil etmişdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala vəsait qoyuluşu 21.4 faiz, tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsait 10.3 faiz artmışdır.
İlin əvvəlindən ümumi sahəsi 1087.4 min kv.metr yaşayış evləri, 1956 şagird yerlik ümumtəhsil məktəbləri, 99 çarpayılıq xəstəxana, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində "Dərnəgül" Metro stansiyası, Müalicə-Diaqnostika mərkəzi, "Kempinski Badamdar" Otel kompleksi, Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya mərkəzi, Tovuz rayonunda Süd emalı zavodu və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda Mebel fabriki və AZDMF zavodu, Astara rayonunda Qaz-Kompressor stansiyası, Naftalan şəhərində "Çinar Hotel" kompleksi və "Qaşaltı" sanatoriyası, Ağcabədi rayonunda Süd emalı zavodu, Süd məhsulları kombinatı və Şahmat məktəbi, İmişli rayonunda Yem fabriki, Bitki yağları fabriki və Olimpiya İdman Kompleksi, Xızı rayonunda Müalicə-Diaqnostika mərkəzi istifadəyə verilmiş, avtomobil yollarının yenidən qurulması üzrə nəzərdə tutulmuş işlər başa çatdırılmış, digər istehsal və qeyri-istehsal obyektləri istismara verilmişdir.
Tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 6040.7 milyon manat məbləğində vəsaitin 2230.1 milyon manatından istifadə edilmişdir.
Nəqliyyat. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-avqust aylarında daşınmış yüklərin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 4.6 faiz artaraq 135.6 milyon tona çatmışdır. Bu dövrdə yük daşınması ilə yanaşı sərnişin daşınması da artmış, 951.5 milyon nəfər və ya 7.0 faiz çox sərnişin daşınmışdır.
İnformasiya və rabitə. Xidmət sahələri sırasında sürətlə inkişaf edən sahələrdən biri olan rabitə sahəsinin müəssisələri tərəfindən əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 765.3 milyon manatlıq və ya ötən ilin səviyyəsindən 10.5 faiz çox xidmət göstərilmişdir.
Əhalinin gəlirləri. 2011-ci ilin yanvar-avqust aylarında əhalinin hər bir nəfərinə düşən gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 17.0 faiz artaraq 2107.4 manata çatmış, onun 66.1 faizi son istehlaka, 8.0 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 24.1 faizi əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur.
Əmək haqqı. Əhalinin həyat səviyyəsini xarakterizə edən digər bir göstərici - muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-iyul ayları ərzində 9.8 faiz artaraq 353.7 manata çatmışdır. Eyni zamanda yanvar-iyul aylarında sənaye müəssisələrində işləyənlərin orta aylıq əmək haqqı 518.9 manat, tikinti kompleksində 514.2 manat, nəqliyyatda 431.4 manat, rabitədə 572.8 manat olmuşdur.
Əmtəə dövriyyəsi və pullu xidmət. Gəlirlərin artması ilk növbədə özünü əhalinin ticarət şəbəkəsindən aldığı istehlak mallarının və göstərilən xidmətlərin həcminin artmasında büruzə verir. İlin əvvəlindən əhaliyə 13.4 milyard manatlıq istehlak malları satılmıış və pullu xidmət göstərilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən pərakəndə əmtəə dövriyyəsi 10.1 faiz artaraq 10.2 milyard manata, pullu xidmətlərin həcmi isə 7.7 faiz artaraq 3.2 milyard manata çatmışdır.
Xarici ticarət. 2011-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 20.6 milyard dollar təşkil etmiş, dövriyyənin 82.9 faizi və ya 17.1 milyard dolları uzaq xarici dövlətlərin, 17.1 faizi və ya 3.5 milyard dolları isə MDB üzvü ölkələrinin payına düşmüşdür.
Əmtəə dövriyyəsinin 15.5 milyard dolları, yaxud 75.1 faizini ölkəmizdən ixrac olunmuş məhsullar təşkil etmişdir. İxrac olunmuş malların 86.8 faizi və ya 13.5 milyard dollarlığı uzaq xarici ölkələrə, 13.2 faizi, yaxud 2.0 milyard dolları MDB-yə daxil olan dövlətlərə göndərilmişdir.
Ölkəyə idxal olunmuş məhsulların dəyəri 5.1 milyard dollar təşkil etmiş, uzaq xarici ölkələrdən 3.6 milyard dollarlıq, MDB üzvü dövlətlərindən isə 1.5 milyard dollarlıq əmtəə gətirilmişdir.
Yeddi ay ərzində 10.4 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 9.9 milyard dollarlıq, MDB üzvü dövlətləri ilə 555.8 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
Yanvar-iyul ayları ərzində ölkəmizə 16.4 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
İstehlak qiymətləri və xidmət tarifləri indeksi. Avqust ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri iyul ayı ilə müqayisədə 0.6 faiz, o cümlədən ərzaq mallarının qiymətləri 1.0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.2 faiz, xidmət tarifləri 0.3 faiz bahalaşmışdır. Yanvar-avqust ayları ərzində 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 8.5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11.7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2.8 faiz, xidmət tarifləri 4.4 faiz bahalaşmışdır.
Dövlət büdcəsi. Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-iyul aylarında dövlət büdcəsinə 6.9 milyard manat məbləğində vəsait daxil olmuş, büdcədən 6.2 milyard manat vəsait xərclənmiş, 667.3 milyon manat məbləğində, yaxud ÜDM-in 2.5 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 2.4 milyard manatı və ya 39.2 faizi iqtisadiyyatın inkişafına, 756.6 milyon manatı (12.2 faizi) təhsilə və 770.5 milyon manatı (12.4 faizi) əhalinin sosial müdafiə və sosial təminatına yönəldilmişdir. Büdcədən xərclənmiş vəsaitin 35.4 faizi və ya 2.2 milyard manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf olunmuşdur.
Əhalinin əmanətləri. Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 30.5 faiz artaraq avqust ayının 1-nə 3.5 milyard manata çatmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 1.7 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1.8 milyard manat olmuşdur.
Kredit qoyuluşu. Maliyyə-kredit təşkilatları tərəfindən avqust ayının 1-nə kimi 9.1 milyard manat məbləğində kredit verilmişdir. Verilmiş kreditlərin 33.1 faizi qısamüddətli olmuş, 581.1 milyon manatının ödəmə vaxtı keçmişdir.
Manatın məzənnəsi. Avqust ayında manatın 1 ABŞ dollarına orta aylıq məzənnəsi 0.79 manat, 1 Avroya 1.13 manat, 100 Rusiya rubluna 2.73 manat, ilin əvvəlindən isə bu göstəricilər müvafiq olaraq 0.79, 1.12 və 2.77 manat təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim