AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin kollegiya iclası keçirilib

30.10.2026, 17:14

Dövlət Statistika Komitəsində sədr Azər Mursaqulovun rəhbərliyi ilə kollegiya iclası keçirilib.

İclasın əvvəlində Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Komitə əməkdaşlarına medallar təqdim edilib.

Azər Mursaqulov dövlət qulluqçularının əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət təltiflərinin dövlət qulluğunun inkişafına göstərilən diqqətin ifadəsi olduğunu vurğulayıb. Sədr əməkdaşları təbrik edərək medal və vəsiqələri onlara təqdim edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra kollegiyanın gündəliyinə uyğun olaraq kənd təsərrüfatı statistikasının inkişafı, rəsmi statistika hesabatı formalarının təkmilləşdirilməsi və Bakı Şəhər Statistika İdarəsinin fəaliyyətinin öyrənilməsinin nəticələri müzakirə olunub.

Gündəlikdəki məsələlər üzrə məruzələr dinlənilib, görülmüş işlər, mövcud çətinliklər və qarşıda duran vəzifələr nəzərdən keçirilib.

İclasda çıxış edən Azər Mursaqulov Milli Statistika Sisteminin inkişafı və qarşıda duran vəzifələrə toxunub. Statistik məlumatların keyfiyyətinin və etibarlılığının yüksəldilməsinin, onların istifadəçilər üçün əlçatanlığının və faydalılığının artırılmasının vacibliyini vurğulayıb.

Sədr respondentlərin hesabat yükünün azaldılması, inzibati məlumatlardan və müasir texnologiyalardan daha səmərəli istifadə olunması məsələlərinə diqqət çəkib. Yerli statistika orqanlarının fəaliyyətində işin düzgün təşkili, mövcud nöqsanların vaxtında aradan qaldırılması və rəhbər şəxslərin məsuliyyətinin artırılmasının vacibliyini bildirib.

Kollegiya iclasının yekununda müzakirə olunan məsələlərə dair qərarlar qəbul edilib, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari naxcivan_statistika_komitesi etsim