Kənd təsərrüfatı üzrə statistik hesabatlarla bağlı təlim keçirilib
Dövlət Statistika Komitəsi kənd təsərrüfatı sahəsində statistik hesabat təqdim edən müəssisə və təşkilatların nümayəndələri üçün iki gün davam edən təlim keçirib.
Təlim “Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair tədbirlər planı” çərçivəsində təşkil olunub. Görüşlərdə regionlardan olan müəssisə və təşkilatların nümayəndələri, eləcə də yerli statistika orqanlarının əməkdaşları iştirak ediblər.
İştirakçılara kənd təsərrüfatı üzrə statistik hesabatların düzgün doldurulması və vaxtında təqdim edilməsi qaydaları izah olunub. Eyni zamanda, 24 nömrəli aylıq və illik hesabat formalarının yeni redaksiyası, hesabatların elektron təqdim edilməsi zamanı aparılan yoxlamalar və məhsuldarlıq göstəricilərinin hesablanması barədə məlumat verilib.
Praktiki hissədə iştirakçılar hesabatlar üzərində yoxlamalar aparıb, onları maraqlandıran suallar cavablandırılıb və metodiki materiallar təqdim olunub.
Təlimlər regionlardan olan iştirakçılar üçün onlayn, Bakı şəhəri və Abşeron rayonu üzrə isə əyani formatda keçirilib.

