Dövlət Statistika Komitəsi əməkdaşlarının layihəsi KOICA müsabiqəsinin qalibi olub
Dövlət Statistika Komitəsinin nümayəndələrindən ibarət komandanın hazırladığı layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında keçirilən 2026-cı il üzrə “CIAT Fəaliyyət Planı Müsabiqəsi”nin qalibi olub.
“Google Earth Engine platforması və süni intellekt vasitəsilə qeyri-formal yaşayış məntəqələrinin müəyyən edilməsi: dövlət qurumlarının nümayəndələri üçün seminar və təlim” adlı qalib layihənin icrasına artıq başlanılıb.
Layihə çərçivəsində dövlət qurumlarının nümayəndələri üçün təlim proqramı təşkil olunur. Təlimlər komandanın cəlb etdiyi yerli və beynəlxalq mütəxəssislər tərəfindən keçirilir. İştirakçılara geoməkan məlumatlarının emalı, Coğrafi İnformasiya Sistemləri (GIS), QGIS və Google Earth Engine platformaları, R proqramlaşdırma dili, eləcə də süni intellekt texnologiyalarından istifadə üzrə praktiki biliklər verilir.
Əldə olunan biliklərin tətbiqi çərçivəsində peyk görüntüləri və süni intellekt texnologiyalarından istifadə etməklə Bakı şəhərinin ətraf ərazilərində qeyri-formal yaşayış məntəqələrinin müəyyənləşdirilməsi və xəritələşdirilməsi nəzərdə tutulur.
Layihənin yekununda belə yaşayış məntəqələrinin müəyyənləşdirilməsi üçün əlavə maliyyə xərci tələb etməyən və müxtəlif ərazilərdə tətbiq oluna bilən metodologiya hazırlanacaq. Metodologiya Azərbaycan və ingilis dillərində təqdim ediləcək.

