Dövlət Statistika Komitəsində aparıcı tikinti şirkətlərinin nümayəndələri ilə görüş keçirilib
Dövlət Statistika Komitəsində ölkənin aparıcı tikinti şirkətlərinin məsul nümayəndələri ilə görüş keçirilib. Görüşdə Komitə sədrinin müavini Yusif Yusifov və aidiyyəti struktur bölmələrin rəhbərləri iştirak ediblər.
Görüş tikinti fəaliyyətinə dair ilkin statistik məlumatların keyfiyyətinin yüksəldilməsi, rəsmi statistika hesabatı formalarının və onların doldurulmasına dair göstərişlərin təkmilləşdirilməsi, həmçinin müəssisə və təşkilatların hesabat yükünün azaldılması məqsədilə təşkil olunub.
Tədbirdə Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası şöbəsinin müdiri Elman Qasımzadə tikinti statistikası üzrə qüvvədə olan hesabat formaları, əhatə edilən göstəricilər, onların metodoloji əsasları, eləcə də hesabatların doldurulması və təqdim edilməsi qaydaları barədə təqdimatla çıxış edib.
Görüş zamanı şirkət nümayəndələrinin hesabatların hazırlanması və təqdim edilməsi prosesində qarşılaşdıqları çətinliklər, onları maraqlandıran məsələlər və prosesin daha səmərəli təşkili imkanları ətrafında fikir mübadiləsi aparılıb, irəli sürülən təkliflər dinlənilib.
İştirakçılar tərəfindən ünvanlanan suallar Dövlət Statistika Komitəsinin nümayəndələri tərəfindən cavablandırılıb.

