Dövlət Statistika Komitəsində 2026-cı ilin birinci yarısının yekunları müzakirə olunub
Dövlət Statistika Komitəsinin aparatının struktur bölmələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin, şəhər və rayon statistika idarələrinin rəhbərlərinin iştirakı ilə 2026-cı ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
İclası açan Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkədə dayanıqlı iqtisadi inkişaf təmin olunur, qeyri-neft-qaz sektorunun inkişafı, investisiya fəallığının artırılması və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə edilir.
Sədr qlobal risklər və rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda dəqiq, operativ və etibarlı rəsmi statistik məlumatların əhəmiyyətinin daha da artdığını vurğulayıb.
Çıxışda son altı ayda Komitədə institusional diaqnostikanın aparılması, rəqəmsal transformasiya üzrə mövcud vəziyyətin qiymətləndirilməsi, milli hesablar sisteminin metodoloji təkmilləşdirilməsi, dövlət qurumları ilə məlumat mübadiləsi və texniki inteqrasiyanın genişləndirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib. Statistik müşahidələrin təşkilində yeni yanaşmaların tətbiqinə başlanıldığı və turizmə dair seçmə müşahidələrə tələbələrin cəlb olunduğu qeyd edilib.
Komitənin beynəlxalq əməkdaşlığının genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi məqsədilə nüfuzlu beynəlxalq tədbirlərdə iştirak edildiyi, xarici ölkələrin statistika qurumları ilə əməkdaşlıq sənədlərinin imzalandığı və beynəlxalq təşkilatlarla görüşlərin keçirildiyi bildirilib.
Kollegiyada “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın və “2026-cı il üçün statistik işlər proqramı”nın birinci yarımildə icrası, ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminin tətbiqindən irəli gələn məsələlər, eləcə də yerli statistika orqanlarında işin təşkili və fəaliyyətin vəziyyəti barədə məruzələr dinlənilib.
Qusar, Tovuz, Beyləqan, Biləsuvar, Şamaxı və İsmayıllı rayon statistika idarələrində aparılmış yoxlama və qiymətləndirmələr zamanı müəyyən edilmiş nöqsanlar müzakirə olunub. Statistik müayinələrin metodologiyaya uyğun aparılması, respondentlərlə işin təşkili və məlumatların keyfiyyətinə daxili nəzarətin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
“Komitənin istehsal etdiyi əsas məhsul məlumatdır. Buna görə də statistik məlumatların düzgünlüyü, etibarlılığı və keyfiyyəti fəaliyyətimizin əsas meyarı olmalıdır”, – deyə Azər Mursaqulov bildirib.
Müzakirələrin yekununda Kollegiya tərəfindən müvafiq qərarlar qəbul olunub. Sədr statistik məlumatların keyfiyyətinin davamlı olaraq təkmilləşdirilməsi, müəyyən edilmiş nöqsanların aradan qaldırılması və qarşıda duran vəzifələrin icrası ilə bağlı aidiyyəti struktur bölmələrə tapşırıqlar verib.



