Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramının icrası üzrə İşçi qrupun ilk iclası keçirilib
Dövlət Statistika Komitəsində “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış İşçi qrupun ilk iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının icrası ilə bağlı müzakirələrdə aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
İclası giriş nitqi ilə açan Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov bildirib ki, Azərbaycanda milli statistika sisteminin inkişafının əsası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə qoyulub, statistika sahəsində hüquqi baza formalaşdırılıb və iki dövlət proqramı icra olunub. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan ardıcıl islahatlar nəticəsində rəsmi statistikanın inkişafına dair daha dörd dövlət proqramı qəbul olunaraq uğurla həyata keçirilib, statistika orqanlarının maddi-texniki bazası gücləndirilib, yeni statistika sahələri yaradılıb və təkmilləşdirilib. Sədr vurğulayıb ki, mövcud sosial-ictimai və iqtisadi vəziyyətin hərtərəfli qiymətləndirilməsi, doğru qərarların verilməsi, nəticə əsaslı proqramların və növbəti addımların düzgün planlaşdırılmasının təməlində ilk növbədə dəqiq, etibarlı və obyektiv rəsmi statistikanın mövcudluğu, habelə həmin rəsmi statistik məlumatların düzgün təhlili dayanır. O qeyd edib ki, dövlət orqanlarının malik olduğu inzibati məlumatlardan daha geniş istifadə edilməsi, həmin məlumatların dəqiq, etibarlı və aktual xarakter daşıması rəsmi statistikanın keyfiyyətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Dövlət Proqramının uğurla icrası qarşıda duran əsas vəzifələrdən biridir.
Daha sonra Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov proqramda nəzərdə tutulmuş tədbirlər, onların həyata keçirilməsi mexanizmləri, monitorinq və qiymətləndirmə prosesi, eləcə də nəticə indikatorları barədə təqdimatla çıxış edib.
İclasda Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər, qurumlararası əməkdaşlıq, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsi, məlumat mübadiləsinin təkmilləşdirilməsi və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.


.jpeg)
.jpeg)

