Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunan tədbir keçirilib
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunan tədbir keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən iştirakçılar bildiriblər ki, Azərbaycanın müasir tarixində dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun dövlətçilik strategiyası sadəcə siyasi idarəetmənin formalaşdırılması ilə məhdudlaşmayıb, eyni zamanda milli kimliyin, hüquqi sistemin, iqtisadi müstəqilliyin və beynəlxalq münasibətlərdə balanslı siyasətin əsaslarını qoyan kompleks bir yanaşmanı əhatə edir. Bu strategiyanın əsas hədəfi Azərbaycanı güclü, suveren, demokratik və hüquqi dövlət kimi qurmaq, xalqın rifahını və təhlükəsizliyini təmin etmək olub. Heydər Əliyevin dövlətçilik strategiyası yalnız siyasi sabitlik yaratmaqla kifayətlənməmiş, eyni zamanda hüquqi islahatlar yolu ilə müstəqil dövlətin dayaqlarını möhkəmləndirməyə yönəlmişdir. Məhz bu baxımdan 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi əsaslarını təşkil edən, ölkənin müstəqilliyini hüquqi cəhətdən təsdiqləyən fundamental sənəd kimi tarixə düşmüşdür. Yeni Konstitusiya, yalnız hüquqi çərçivəni müəyyənləşdirmək deyil, həm də Heydər Əliyevin ideoloji baxışlarının, dövlətçilik prinsiplərinin və xalqın suverenliyinin təcəssümü kimi çıxış etmişdir.
Müasir Azərbaycan Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindəndir. Ulu Öndər Konstitusiyanın hər bir maddəsinin üzərində böyük əmək sərf etmiş, müzakirələr aparmış və özünün strateji baxışlarını Konstitusiya vasitəsilə xalqa təqdim etmişdir. Ulu Öndərin müəllifi olduğu ilk milli Konstitusiyada da əks olunduğu kimi, bu gün ölkəmiz müstəqildir, suverendir və ərazisi bütövdür. Bunu bizə bəxş edən isə Ulu Öndər və onun layiqli davamçısı olan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.