Sənaye istehsalı indeksi: MYXS üçün qısa metodologiya
Göstəricinin tərifi, hesablanma metodologiyası və tətbiq olunan təsnifatlar
- Sənayedə istehsal indeksi (Sİİ) müəyyən dövr ərzində istehsal olunmuş mal və xidmətlərin həcminin digər dövrlə müqayisəsidir. Sənaye istehsalı indeksindən qısa müddətli dövr ərzində istehsalın dəyişilməsinin öyrənilməsində, habelə milli hesablar sistemində aylıq və rüblük dövrilikdə makro göstəricilərin, o cümlədən ümumi daxili məhsulun hesablanmasında istifadə olunur.
- Məhsul indeksinin hesablanması dörd mərhələ üzrə həyata keçirilir. Birinci mərhələdə yarımsahələr üzrə müqayisə edilən dövrlərdə natural-əşya ifadəsində eyni qiymətlərlə qiymətləndirilən (bazis ilinin orta illik qiymətlərilə) təmsiledici malların buraxılış həcmlərinin müqayisə edilməsi yolu ilə fiziki həcm indeksləri formalaşdırılır. İkinci mərhələdə ümumiləşdirilmiş hər bir sənaye sahəsini təşkil edən bütün yarımsahələr üzrə indeksin alınması məqsədilə aqreqasiya əsasında ümumiləşdirilir. Üçüncü mərhələdə sənaye üzrə bütövlükdə fiziki həcm indeksinin hesablanması analoji olaraq sənaye sahələri üzrə indekslərin cəmlənməsi yolu ilə aparılır. Dördüncü mərhələdə təmsilçi mallar əsasında hesablanmış sənaye məhsulu istehsalının fiziki həcm indeksinə sənaye müəssisələrinin göstərdikləri istehsal xarakterli iş və xidmətlər nəzərə alınaraq düzəlişlər və əlavələr edilir.
- Sənaye məhsulları üzrə - Sənaye Məhsullarının Statistik Təsnifatı (beynəlxalq PRODCOM təsnifatı əsasında hazırlanmş milli təsnifat) və sənaye fəaliyyəti üzrə - İqtisadi Fəaliyyət Növləri Təsnifatının yeni versiyaları (beynəlxalq NACE, ISIC təsnifatları əsasında hazırlanmış milli təsnifat) tətbiq olunur.
II. Məlumatların əhatəliliyi
- Hesablamanı aparmaq üçün bütün sənaye altsahələrə, hər bir sahə isə öz növbəsində yarımsahələrə (İFNT üzrə üç işarə səviyyəsində) bölünür. İndeksin hesablanmasında bütün sənaye sahələri iştirak edir.
III. Uçot qaydaları
- Sənaye müəssisələrinin fəaliyyəti başdan-başa statistika müşahidəsinə əsaslanır.
IV. Baza göstəricilərinin xarakteristikası
- Sənaye məhsulunun indeksi hesablanarkən istehsal olunmuş məhsul növləri üzrə natura məlumatlarına əsaslanır və sonradan mərhələlər üzrə sahə və ümumi sənaye indekslərinə aqreqasiya edilməklə hesablanır. Aqreqasiya zamanı bazis dövrünün “əlavə dəyər” göstəricisindən istifadə olunur. Sahənin strukturunda ciddi dəyişiklik baş verdiyi hallarda baza dövrünün çəkilərində müvafiq düzəlişlər aparılır.
- Aylıq məhsul indeksində kiçik, orta və iri müəssisələrin istehsal etdikləri məhsulların müşahidəsi nəticəsində alınan məlumatlar, mikro sahibkarlıq subyektləri üzrə məlumatlar isə yalnız rüblük dövrilikdə nəzərə alınır.
- Məlumatlar rəsmi statistika hesabatlarında əks olunur və təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq əsas fəaliyyəti sənaye olan hüquqi şəxslər tərəfindən Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real vaxt rejimində təqdim edilir.
V. Məlumatların hazırlanması təcrübəsi və digər aspektlər
- İndekslərin hesablanması üçün baza indekslərinin aqreqasiyalaşdırılması qaydasından (Laspeyres indeksi) istifadə olunur.
- Aylıq məlumatlarda müəssisələrdən hesabat toplanılır. Bəzi hallarda hesabat məlumatları boş buraxıldıqda və ya hesabat təqdim edilmədikdə əvvəlki ay üzrə məlumatlar götürülür. Avtomatlaşdırılmış şərti hesablama qaydaları, imputasiya metodları tətbiq edilmir.
- Sənayenin sahələri – B, C, D və E seksiyaları üzrə mövsümilik amili nəzərə alınmaqla düzəlişlər aparılır.
