logo
2019-cu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19932,8 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 24,2 milyard manata bərabər olmuşdur. 2019-cu ilin yanvar-avqust aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artmışdır. 2019-cu ilin yanvar-avqust aylarında əsas kapitala 8627,2 milyon manat vəsait yönəldilmişdir. 2019-cu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 587,7 manat olmuşdur. 2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,6 faiz bahalaşmışdır. Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 585,2 manat olmuşdur. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 24 iyun tarixli Fərmanı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında
Ə S A S N A M Ə

I. Ümumi müddəalar

  • 1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (bundan sonra - Dövlətstatkom) statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır.
  • 2. Dövlətstatkom öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
  • 3. Dövlətstatkom öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
  • 4. Dövlətstatkom müstəqil balansa, qanunvericiliyə müvafiq olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
  • 5. Dövlətstatkomun saxlama xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
  • 6. Dövlətstatkom Bakı şəhərində yerləşir.

  • II. Dövlətstatkomun fəaliyyət istiqamətləri

  • 7. Dövlətstatkomun əsas vəzifələri aşağıdakılardır:
    7.1. statistika sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
    7.2. statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin edir;
    7.3. statistika sahəsinin inkişafını təmin edir;
    7.4. iqtisadi, sosial, demoqrafik və ekoloji sahələrin vəziyyətinə dair statistika tədqiqatlarını təşkil edir və aparır;
    7.5. statistik vahidlərin dövlət registrini aparır;
    7.6. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

  • III. Dövlətstatkomun vəzifələri

  • 8. Dövlətstatkom bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
    8.1. statistika sahəsində öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək;
    8.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
    8.3. Dövlətstatkomun illik statistik işlər proqramını (planını) işləyib hazırlamaq və müvafiq qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq etmək;
    8.4. illik statistik işlər proqramında ölkədə mövcud ehtiyatlar, iqtisadi, demoqrafik, sosial və ekoloji vəziyyətin öyrənilməsi ilə bağlı məlumatların əldə olunması üçün hər bir elementin əhatəlilik, növ, dövrilik və mövzu əlamətlərini müəyyənləşdirmək;
    8.5. statistik işlər proqramının yerinə yetirilməsinə dair illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək və bu hesabatı nəşr etdirmək;
    8.6. Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq, siyahıyaalmalar və müayinələr keçirmək;
    8.7. rəsmi statistika hesabatları əsasında lazımi statistik məlumatların əldə edilməsini təşkil etmək, ümumi statistik müşahidələrlə yanaşı, seçmə müşahidələrin tətbiq edilməsini həyata keçirmək;
    8.8. "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada rəsmi statistika materiallarının hazırlanmasına və hesabat formalarının doldurulmasına dair qaydalar və təlimatlar qəbul etmək;
    8.9. statistik məlumatların vahid metodologiya və müasir informasiya texnologiyaları əsasında işlənməsini təşkil etmək;
    8.10. sosial-iqtisadi proseslərə, əhalinin yaşayış səviyyəsinə və dolanışıq xərclərinə dair statistik məlumatları təhlil etmək, sosial-demoqrafik müşahidələrin, ev təsərrüfatları statistikasının aparılmasını təşkil etmək, sorğular keçirmək;
    8.11. yığılmış məlumatlar əsasında ölkə və regionlar üzrə ümumiləşdirilmiş və qruplaşdırılmış nəticələri tərtib etmək, müvafiq qaydada müəyyən olunmuş həcmdə və adda statistik məcmuələr, bülletenlər, icmallar, mətbu-buraxılışlar və digər statistik materiallar nəşr etdirmək, onların istifadəçilər arasında yayılmasını təmin etmək, geniş maraq doğuran icmal-statistik məlumatları mətbuatda dərc etdirmək, rəsmi statistik məlumatların şərhini təşkil etmək;
    8.12. statistik məlumatları təhlil etmək, sosial-iqtisadi və demoqrafik proseslərin icmal hesablamalarını aparmaq;
    8.13. ilkin məlumatların məxfiliyini təmin etməklə ölkə, region və sahələr səviyyəsində statistik məlumatlarla dövlət orqanlarını, beynəlxalq təşkilatları, hüquqi və fiziki şəxsləri təmin etmək;
    8.14. statistik məlumatların yığılması, işlənməsi, yayılması, istifadə edilməsi prinsiplərini və metodlarını təkmilləşdirmək, rəsmi statistika sahəsində qabaqcıl ölkələrin statistika ənənələrini və elmi nailiyyətlərini tətbiq etmək, rəsmi statistika materiallarının və statistik müşahidələrin beynəlxalq təcrübədə qəbul edilmiş standartlarla müqayisə oluna bilən metodologiya əsasında hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
    8.15. dövlət büdcəsinin formalaşdırılması üçün Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafına dair məlumatları hazırlamaq və mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək;
    8.16. mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə milli hesablar sisteminə, müvafiq beynəlxalq standartlara keçid üzrə ardıcıl iş aparmaq;
    8.17. rəsmi statistika hesabatlarını təqdim edən hüquqi və fiziki şəxsləri hesabat formaları və onların tərtibinə dair təlimatlarla pulsuz təmin etmək, onlara statistik hesabatların təqdim olunma vaxtı, dövriliyi və digər zəruri tələblər haqqında məlumat vermək;
    8.18. hüquqi şəxslərin və fərdi sahibkarların dövlət reyestrini aparan mərkəzi icra hakimiyyəti orqanlarından alınmış və digər məlumatlar əsasında statistik vahidlərin dövlət registrini tərtib etmək, həmin orqanlarda dövlət qeydiyyatından keçmiş statistik vahidlərin avtomatlaşdırılmış uçotunu aparmaq, hazırlanmış statistik məlumatların beynəlxalq müqayisəliliyini təmin etmək üçün Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, beynəlxalq təsnifatlarla uzlaşdırılmış və yerli şəraitə uyğunlaşdırılmış statistik təsnifatları hazırlamaq və istifadə etmək;
    8.19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək, beynəlxalq statistika təşkilatlarının işində müəyyən edilmiş qaydada iştirak etmək, onlarla birlikdə seminarlar təşkil etmək;
    8.20. kütləvi informasiya vasitələrinin nümayəndələri ilə müntəzəm olaraq mətbuat konfransları keçirmək;
    8.21. elmi tədqiqatlar üçün elm və tədris müəssisələrini müqavilələr əsasında zəruri statistik məlumatlarla təmin etmək;
    8.22. hüquqi və fiziki şəxslərin müraciəti əsasında onların özlərinə aid olan məlumatları təqdim etmək;
    8.23. Azərbaycan Milli Elmlər Akademiyasının, nazirlik və digər təşkilatların elmi müəssisələri ilə birlikdə statistik tədqiqatlar aparılmasını və bu məqsədlə statistik metodologiya və standartlar hazırlanmasını təşkil etmək, alternativ müşahidələr keçirilməsinə yardım göstərmək;
    8.24. məxfi statistik məlumatların qanunazidd əldə edilməsinin, yayılmasının və ya istifadə olunmasının qarşısını almaq üçün zəruri tədbirlər həyata keçirmək;
    8.25. statistika sahəsində işləyən mütəxəssislərin ixtisas və bilik səviyyəsinin yüksəldilməsini təşkil etmək, mütəxəssis kadrların hazırlanmasına dair tədris müəssisələri ilə müqavilələr bağlamaq;
    8.26. statistik məlumatların doğruluğunu və obyektivliyini, baş verən sosial-iqtisadi hadisələrə və proseslərə onların uyğunluğunu, keyfiyyətliliyini və vaxtında toplanmasını təmin etmək;
    8.27. Dövlətstatkoma ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
    8.28. statistika sahəsində maarifləndirmə işinin həyata keçirilməsini və Dövlətstatkomun fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, habelə internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;
    8.29. Dovlətstatkomun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün səlahiyyətləri daxilində tədbirlər görmək;
    8.30. Dövlətstatkomun fəaliyyəti ilə bağlı daxil olan ərizə, təklif və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
    8.31. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Dövlətstatkoma həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.

  • IV. Dövlətstatkomun hüquqları

  • 9. Dövlətstatkom öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
    9.1. statistika sahəsinə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
    9.2. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərdən, Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının hüquqi şəxslərindən və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici hüquqi şəxslərin nümayəndəliklərindən, filiallarından, həmçinin Azərbaycan Respublikasının vətəndaşlarından və fiziki şəxslərdən haqqı ödənilmədən, qanunvericilik aktlarına uyğun olaraq, Dövlətstatkom tərəfindən müəyyən edilmiş qaydada, həcmdə və müddətlərdə dolğun və etibarlı statistik məlumatları almaq;
    9.3. statistika sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
    9.4. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
    9.5. məlumatların təhrif edilməsi halları aşkar edildiyi zaman hesabatlarda düzəlişlər etmək, bu düzəlişlərin ilkin statistika və mühasibat uçotunda və digər əlaqədar sənədlərdə əks etdirilməsi üçün hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməsi məcburi olan tapşırıqlar vermək, bu məsələ ilə bağlı onlardan zəruri məlumatlar və arayışlar tələb etmək;
    9.6. statistik hesabat formalarının təsdiq edilməsi və təkmilləşdirilməsi üzrə işləri əlaqələndirmək, rəsmi statistika hesabat formalarını işləyib hazırlamaq, onların toplanması müddətlərini və qaydalarını (ətraf mühitin mühafizəsi sahəsində və əməyin mühafizəsi üzrə rəsmi statistikanın aparılması qaydaları istisna olmaqla) müəyyənləşdirmək, əhəmiyyətini itirmiş rəsmi statistika hesabatlarını ləğv etmək;
    9.7. bağlanmış müqavilələr əsasında, haqqı dövlət büdcəsinə ödənilməklə hüquqi və fiziki şəxslərə statistik işlər haqqında proqrama daxil olmayan statistik xidmətlər göstərmək;
    9.8. hazırlanmış statistik materialların (külliyyatların) və statistik işlər haqqında proqramda nəzərdə tutulmayan əlavə məlumatların icra hakimiyyəti, qanunvericilik və məhkəmə orqanları, kütləvi informasiya vasitələri istisna olmaqla, istifadəçilərə müəyyən olunmuş qaydada və haqqı dövlət büdcəsinə ödənilməklə satışını təşkil etmək;
    9.9. hüquqi şəxslərin və fərdi sahibkarların dövlət reyestrini aparan mərkəzi icra hakimiyyəti orqanlarından statistik vahidlərin dövlət registrinin tərtib edilməsi və aparılması üçün zəruri olan məlumatları almaq;
    9.10. Azərbaycan Respublikasının sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyətinin nəticələrinə dair məlumatları dərc etdirmək, statistika sahəsində metodoloji məsələləri həll etmək, fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək;
    9.11. statistika sahəsində işlərin yerinə yetirilməsi üçün məlumatın alınması mənbəyini və metodunu seçmək, onun yayılması formasını və vaxtını müəyyən etmək;
    9.12. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
    9.13. bağlanmış müqavilə əsasında, müvafiq icra hakimiyyəti orqanlarının məlumat bazasındakı statistik məlumatdan istifadə etmək;
    9.14. səlahiyyətlərinə uyğun olaraq, statistika işlərinin təşkili sahəsində hüquqi və fiziki şəxslər tərəfindən icra olunmalı qərarlar qəbul etmək;
    9.15. öz səlahiyyətləri daxilində statistik məlumatların verilməsi qaydalarını pozan və statistika sirrini yayan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq etmək;
    9.16. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

  • V. Dövlətstatkomun fəaliyyətinin təşkili

  • 10. Dövlətstatkomun aparatı və onun tabeliyində olan qurumlar, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi Dövlətstatkomun vahid sistemini təşkil edir. Dövlətstatkom öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
  • 11. Dövlətstatkomun strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Dövlətstatkomun strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını və Dövlətstatkomun aparatının və onun strukturuna daxil olan qurumların işçilərinin say həddini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
  • 12. Dövlətstatkomun fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən sədr rəhbərlik edir. Dövlətstatkomun sədri Dövlətstatkoma həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
  • 13. Dövlətstatkomun sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən birinci müavini və iki müavini vardır. Sədrin müavinləri onların arasında sədr tərəfindən aparılmış vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara sədr tərəfindən həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində şəxsən məsuliyyət daşıyırlar.
  • 14. Dövlətstatkomun sədri:
    14.1. Dövlətstatkomun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
    14.2. müəyyən olunmuş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Dövlətstatkomun aparatının və tabeliyində olan büdcədən maliyyələşən qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
    14.3. Dövlətstatkomun aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;
    14.4. səlahiyyətləri daxilində Dövlətstatkomun aparatının və onun tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, normativ hüquqi aktlar qəbul edir (imzalayır), onların icrasını təşkil edir və bu sahədə nəzarəti həyata keçirir;
    14.5. Dövlətstatkomun aparatının işçilərini, bilavasitə Dövlətstatkoma tabe olan qurumların rəhbərlərini qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
    14.6. Dövlətstatkomun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
    14.7. Dövlətstatkomu təmsil edir;
    14.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
  • 15. Dövlətstatkomda sədrdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədrindən, Dövlətstatkomun aparatının və tabeliyində olan qurumların rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Dövlətstatkomun kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.
  • 16. Dövlətstatkomun kollegiya üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
  • 17. Dövlətstatkomun kollegiyası öz iclaslarında Dövlətstatkomun fəaliyyəti ilə bağlı, ona həvalə olunmuş tapşırıqların yerinə yetirilməsi, ölkədə statistikanın təşkili və inkişafı ilə əlaqədar məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir. Zəruri hallarda kollegiya iclaslarında iştirak etmək üçün müzakirə edilən məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının, müəssisələrin, təşkilatların və idarələrin nümayəndələri, alimlər və mütəxəssislər dəvət oluna bilər.
  • 18. Dövlətstatkomun kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
  • 19. Dövlətstatkomun kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, protokollarla rəsmiləşdirilir və Dövlətstatkomun sədri tərəfindən təsdiq edilir. Dövlətstatkomun kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olduqda, kollegiyanın sədrinin səsi həlledici hesab edilir. Bir qayda olaraq, kollegiya qərarları, sədrin əmrləri və sərəncamları ilə həyata keçirilir.
  • 20. Dövlətstatkomun kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı halda Dövlətstatkomun sədri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Dövlətstatkomun kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
  • 21. Statistik göstəricilər sisteminin, onun proqramlarının və metodologiyasının təkmilləşdirilməsi məqsədi ilə Dövlətstatkomda elmi-metodoloji şura, lazım gəldikdə isə alimlərdən, yüksəkixtisaslı mütəxəssislərdən ibarət məsləhətçilər qrupu yaradılır. Elmi-metodoloji şura haqqında Əsasnamə Dövlətstatkomun sədri tərəfindən təsdiq edilir.
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim