Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Qlobal Qiymətləndirmənin nəticələrinə aid keçirilmiş tədbir haqqında
2011-ci il mayın 26-sı Dövlət Statistika Komitəsində BMT-nin Avropa İqtisadi Komissiyası, Avrostat və Avropanın Azad Ticarət Assosiasiyası tərəfindən 2010-cu ildə keçirilmiş Azərbyacan Respublikasının Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin nəticələrinə həsr olunmuş təqdimat keçirilmişdir.
Tədbirdə nazirlik, komitə, universitet, institut, bank, beynəlxalq təşkilatlar və mediya nümayəndələri qonaq qismində iştirak etmişdilər.
Dövlət Statistika Komitəsinin sədri cənab Arif Vəliyev çıxışında Qlobal Qiymətləndirmənin Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında siyasi və iqtisadi münasibətləri daha da intensivləşdirilməsi prosesində və Azərbaycan statistikasının Avropa standartlarına tam uyğunlaşdırılması mərhələsində əhəmiyyəti haqqında ətraflı məlumatlar vermişdir.
Dövlət Statistika Komitəsinin sədrinin müavini cənab Rauf Səlimov çıxışının birinci hissəsində tədbir iştirakçılarına Qlobal Qiymətləndirmənin prinsipləri, məqsədi, əsas vəzifələri və onu keçirmiş şəxslər, iştirak edən şəxslər, əhatə etdiyi sahələri haqqında məlumat vermişdir. Cənab R.Səlimov çıxışını qiymətləndirmənin nəticələri, nöqsanlar, verilmiş tövsiyyələr və gələcəkdə həll olunmalı məsələlərə dair məlumatlarla yekunlaşdırdı.
Sonda cənab A.Vəliyev qonaqları maraqlandıran sualları cavablandırmışdır.