Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2010-cu ilin birinci yarısında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
2010-cu birinci yarısında ölkənin avtomobil yollarında 1160 və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz az yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Baş vermiş qəzalar nəticəsində 1580 şəxs zərər çəkmiş, onların 23,8 faizi həlak olmuş, 76,2 faizi isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq yaralanmışdır. Hadisələrinin sayı ilə yanaşı, yaralananların sayı da 66 nəfər azalaraq 1204 nəfər olmuş, həlak olanların sayında isə 6 nəfər artım müşahidə olunaraq 376 nəfər təşkil etmişdir. Qəzalar nəticəsində zərər çəkənlərin hər dörd nəfərindən biri qadın olmuşdur. Bütün yol-nəqliyyat hadisələrinin 39,6 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 38,5 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,9 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Altı ay ərzində sərxoş sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə olunması zamanı ölümlə və ya bədən xəsarəti ilə nəticələnən 30 və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 34,8 faiz az hadisə baş vermiş, bu hadisələr nəticəsində 13 nəfər həlak olmuş, 41 nəfər yaralanmışdır. Hadisələrin beşdə dörd hissəsi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmiş və onları törədən sərxoş sürücülərin 38,5 faizinin qanında 0,5-ə qədər, 57,7 faizində isə 0,5-0,8 promilledən çox miqdarda alkoqolun səviyyəsi aşkar edilmişdir.