Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin inzibati binasında ucaldılmış büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Daha sonra keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə güclü sənaye, infrastruktur və kadr potensialı formalaşdırılmış, respublikanın sosial-iqtisadi inkişafında mühüm dönüş yaradılmışdır.
Ölkəmizin müstəqilliyinin ilk illərində mürəkkəb siyasi və iqtisadi şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanı ağır sınaqlardan çıxarmış, ictimai-siyasi sabitliyi təmin etmiş, müstəqil dövlət quruculuğunun, müasir idarəçilik sisteminin və yeni iqtisadi inkişaf modelinin əsaslarını qoymuşdur. Bu dövrdə rəsmi statistika sahəsinin inkişafı da diqqətdə saxlanılmış, statistik fəaliyyətin hüquqi bazasının təkmilləşdirilməsi və milli statistika sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.
Vurğulanıb ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizin inkişafı, dövlət idarəçiliyinin müasirləşdirilməsi və məlumat əsaslı qərarvermə proseslərinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.