Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi BMT-nin Statistika Komissiyasının 57-ci sessiyası və rəsmi statistika üzrə Yüksək Səviyyəli Forumunda iştirak edib

06.03.2026, 14:41

2026-cı ilin 2 - 6 mart tarixlərində Nyu York şəhərində BMT-nin Statistika Komissiyasının 57-ci sessiyası və ÜDM-in əhatə dairəsinə daxil olmayan göstəricilərə həsr olunmuş Rəsmi Statistikaya dair Yüksək Səviyyəli Forum keçirilib. Tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov iştirak edib.

Sessiyanın müzakirəsinə 21 sənəd çıxarılıb, 10 məlumat xarakterli məsələyə baxılıb. 4 gün davam edən sessiyada Statistika Komissiyasının iş metodları, sosial, demoqrafiya, mənzil fondu, səhiyyə, kənd təsərrüfatı, sahibkarlıq, ticarət, xidmət, ətraf mühit, iqlim dəyişikliyi statistikası, biznes reyestrləri, milli hesablar, ekoloji-iqtisadi hesablar, məlumatların idarə edilməsi, 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik üzrə məlumatlar və göstəricilər, rifahın ölçülməsi, statistik məlumatların və metaməlumatların təqdim olunması, statistikanın yayımlanması və açıq məlumatlar, statistik potensialın gücləndirilməsi, regional statistikanın inkişafına dair məsələlər müzakirə olunub, eyni zamanda yaşlanma ilə bağlı statistika və məlumatların dezaqreqasiyası, qaçqınlar, məcburi köçkünlər və vətəndaşlığı olmayan şəxslər, fəlakətlər və dövlət idarəetməsi ilə bağlı statistika, beynəlxalq statistik təsnifatlar, statistika və geoməkan məlumatlarının inteqrasiyası ilə bağlı qərar qəbul etmək üçün məsələlərə baxılıb, iqtisadi statistika, gender, əlillik, mədəniyyət, informasiya və kommunikasiya texnologiyaları statistikası, beynəlxalq müqayisələr proqramı, data elmi, statistik işlər proqramlarının koordinasiyası, BMT-nin Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının siyasi qərarlarına nəzarət, Ümumdünya Statistika Günü barədə hazırlanmış məruzələr barədə məlumat verilib. Rəsmi statistikaya dair Yüksək Səviyyəli Forumda isə Dayanıqlı İnkişaf Məqsədlərinin qlobal göstəricilər sisteminə əsaslanan və dayanıqlı inkişaf sahəsində nailiyyətləri ÜDM və digər ənənəvi makroiqtisadi göstəricilərlə müqayisədə daha tam və geniş səciyyələndirən vahid göstəricilər toplusunun formalaşdırılması ilə bağlı məsələlərə baxılıb.