Dövlət Statistika Komitəsi sədrinin birinci müavini cənab Vahab Məmmədovla BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru xanım Mariam Xan arasında görüş keçirilib

05.12.2023, 14:22

Dekabrın 5-də Dövlət Statistika Komitəsi sədrinin birinci müavini cənab Vahab Məmmədovla BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru xanım Mariam Xan arasında görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondu (UNFPA) arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, UNFPA-nın 2019-cu il üzrə əhalinin siyahıyaalınmasının hazırlanması və keçirilməsi prosesində də yaxından iştirak etdiyi, Dövlət Statistika Komitəsi mütəxəssislərinin əhalinin siyahıyaalınmasının keçirilməsi sahəsində bilik və bacarıqlarını artırmaq məqsədilə bir sıra xarici ölkələrdə və müvafiq beynəlxalq təlimlərdə iştiraklarına UNFPA tərəfindən dəstək verilildiyi nəzərə çatdırılmışdır. UNFPA və Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi arasında bağlanmış 17.03.2017-ci il tarixli müqaviləyə əsasən “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində ölkədə gender əsaslı zorakılıq üzrə ev təsərrüfatları sorğusunun aparılması məqsədilə Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində aidiyyəti üzrə təlimlər təşkil edildiyi bildirilimişdir. Görüşdə Dövlət Statistika Komitəsi ilə UNFPA arasındakı əməkdaşlığın mövcud vəziyyəti və perspektiv inkişaf istiqamətləri, əhali statistikası sahəsində əldə olunan nailiyyətlər, ölkəmizdə keçirilmiş Çoxgöstəricili Klaster Sorğusu (MICS) kimi məsələlər də müzakirə olunmuşdur.

Daha sonra Dövlət Statistika Komitəsi ilə UNFPA arasında birgə əməkdaşlığın prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.