Rəsmi statistikanın modernizasiyası üzrə yüksək səviyyəli qrupun seminarı keçirilmişdir

23.11.2023, 17:33

2023-cü ilin 21-22 noyabr tarixlərində BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən Cenevrə şəhərində keçirilən rəsmi statistikanın modernizasiyası üzrə yüksək səviyyəli qrupun (HLG-MOS) seminarında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov iştirak etmişdir.

Tədbirdə rəsmi statistikada süni intellektin tətbiqinə dair xüsusi sessiya, beynəlxalq və regional səviyyədə innovasiya və modernizasiya ilə bağlı açıq müzakirə paneli təşkil olunmuş, yüksək səviyyəli qrup tərəfindən 2023-cü ildə həyata keçirilmiş layihələr və onların nəticələri, o cümlədən rəsmi statistika üçün “bulud” texnologiyaları, məlumatların idarə olunması üzrə qarşılıqlı əməkdaşlıq, statistikanın modernizasiyası üçün meta-akademik fəaliyyətlər, habelə 2024-cü il üçün təklif olunan layihələr müzakirə edilmişdir. Rəsmi statistika üçün məlumat mənbələrinin şaxələndirilməsi və inteqrasiyası, statistikaya inamın artırılması və strateji kommunikasiya dəyərlərinin yaradılması, açıq mənbələr, modernizasiya sahəsində çevikliyin artırılması və xərclərin azaldılması üçün birgə fəaliyyətlərin dəstəklənməsi, məlumat istehsalı üçün süni intellektin tətbiqi ilə bağlı qabaqcıl təcrübələr bölüşülmüşdür. Bununla yanaşı, işçi qrupun modernizasiya üzrə altqrupunun yaradıcı şəbəkə, məlumat elmi, bacarıqlar və kommunikasiyalar üzrə əldə etdiyi son nailiyyətlər və qarşıda duran vəzifələr, eləcə də rəsmi statistika məlumatlarının toplanması və yayılması, konfidensiallıq ilə bağlı ekspert görüşlərinin nəticələri barədə məlumat verilmişdir.