Dövlət Statistika Komitəsində “Azərbaycan Respublikasında yerli statistika orqanlarının potensialının gücləndirilməsi” layihəsinin bağlanış mərasimi keçirilib

23.11.2023, 16:06

2023-cü il 23 noyabr tarixində “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” çərçivəsində Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsi (KOSTAT) ilə birgə həyata keçirilən “Azərbaycan Respublikasında yerli statistika orqanlarının potensialının gücləndirilməsi” layihəsinin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və Koreya Statistika Komitəsinin Beynəlxalq əməkdaşlıq şöbəsinin direktoru Haeryun Kim açılış nitqi ilə çıxış ediblər.

Qeyd edilib ki, KOSTAT-la 2018-ci ildən bu günə qədər davam edən əməkdaşlıq istifadəçilərin Dövlət Statistika Komitəsinə olan inamının yüksəldilməsinə müsbət təsir edib, kadr potensialının gücləndirilməsində önəmli rol oynayıb, həmçinin statistika sisteminin daha da inkişafında əməli nəticələr qazandırıb.

Daha sonra layihə zamanı görülən işlər haqqında bəhs edən Koreya Statistikasının Təşviqi İnstitutunun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Jonghwan Kim qeyd edib ki, layihə çərçivəsində cari ilin avqust və sentyabr aylarında Koreyanın Dayjon şəhərində və Bakı şəhərində “Yerli statistika orqanlarında statistik potensialın gücləndirilməsi” mövzusunda təlim keçirilib. Koreyada keçirilən təlimdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi aparatından 6, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi aparatından 1 və yerli statistika orqanlarından 21 nəfər olmaqla, ümumilikdə 28 əməkdaş iştirak edib. Bakı şəhərində keçirilən təlimdə isə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi aparatından 2, yerli statistika orqanlarında 28 nəfər olmaqla, ümumilikdə 30 nəfər əyani, 16 nəfər onlayn formatda iştirak edib. 2023-cü il 21 noyabr tarixində isə Gəncə Şəhər Statistika İdarəsində yaradılmış 16 nəfərlik təlim otağının təqdimat mərasimi keçirilib. Koreyalı mütəxəssislərin iştirakı ilə yaradılmış və müasir informasiya texnologiyaları avadanlıqları ilə təchiz edilmiş təlim otağında həm canlı, həm də onlayn formatda təşkil olunacaq tədbirlər üçün lazımi şəraitin mövcud olduğu bildirilib.

Sonda statistika sahəsində əməkdaşlığın təşviq və inkişaf etdirilməsi, statistikanın qarşılıqlı maraq doğuran müxtəlif sahələri üzrə əlaqələrin möhkəmləndirilməsi məqsədilə Anlaşma Memorandumunun müddəalarından irəli gələn məsələlərə dair  gələcəkdə  yeni layihələrin icrasının mümkünlüyü müzakirə edilib.