Qırğızıstan Respublikası Milli Statistika Komitəsinin nümayəndələri Dövlət Statistika Komitəsinin təcrübəsini öyrəniblər.

17.11.2023, 12:08

13-17 noyabr 2023-cü il tarixlərində Qırğızıstan Respublikası Milli Statistika Komitəsinin bir qrup nümayəndəsi Bakıda təlim səfərində olublar. Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədilə baş tutmuş təlim 13-15 noyabr tarixlərində Dövlət Statistika Komitəsində, 16-17 noyabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində təşkil edilib.

Təlim müddətində iştirakçılara Azərbaycanın milli statistika sistemi, rəsmi statistikanın istehsalında inzibati məlumatlar və Big Data-dan istifadə, keyfiyyətin idarəetmə sistemi və keyfiyyətə nəzarət cədvəllərinin statistikada tətbiqi, statistik məlumatların toplanması və emalı prosesində informasiya texnologiyalarından istifadə, statistik məlumatların yayılması və ictimaiyyətlə əlaqə işlərinin təşkili, Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin fəaliyyət istiqamətləri, seçmə statistik müayinələrin təşkili, rəsmi statistikada innovativ metodların tətbiqi və əməkdaşlara tədrisi məsələləri, “Statistika xəbərləri” elmi-praktiki jurnalının nəşri və təkmilləşdirilməsi mövzularında təqdimatlar keçirilib, ətraflı fikir mübadiləsi aparılıb.