Çoxgöstəricili Klaster Sorğusu (MICS) çərçivəsində sahə işləri başa çatmışdır

18.08.2023, 17:23

Cari ilin avqust ayının 16-da Azərbaycanda Çoxgöstəricili Klaster Sorğusu (MICS) çərçivəsində sahə işləri, yəni yerlərdə sorğunun aparılması başa çatmışdır.

Ölkəmizdə MICS sorğusu Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”na  əsasən keçirilmiş və onun keçirilməsində məqsəd ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsi olmuşdur.

MICS sorğusuna cari ilin may ayının 8-də (Naxçıvan Muxtar Respublikasında isə iyun ayının 21-də) start verilmişdir. Sorğu Şərqi Zəngəzur iqtisadi rayonu istisna olmaqla, ölkənin bütün ərazisini əhatə etmiş və 616 klaster üzrə 12320 ev təsərrüfatı arasında keçirilmişdir. Sorğunun keçirilməsi ilə əlaqədar sahə işlərinə 2-si Naxçıvan Muxtar Respublikası üzrə olmaqla, ümumilikdə 14 heyət cəlb edilmişdir. Hər heyət 6 üzvdən ibarət olmuşdur: 1 supervayzer, 4 sorğunu və 1 ölçməni aparan şəxs. Beləliklə, sahə işlərinə 84 əməkdaş cəlb olunmuşdur. 

MICS sorğusu 4 sorğu anketi əsasında aparılmışdır: “Qadınlar üçün fərdi sorğu anketi”, “5 yaşadək uşaqlar üçün sorğu anketi”, “5-17 yaşlı uşaqlar üçün sorğu anketi”, “Ev təsərrüfatları üçün sorğu anketi”. Bunlarla yanaşı, “Suyun keyfiyyətinin analizi üçün sorğu anketi” “Ev təsərrüfatları üçün sorğu anketi”nin, “Tibb müəssisəsindən peyvəndlənmə ilə bağlı məlumatlarının toplanması üçün anket forması” isə “5 yaşadək uşaqlar üçün sorğu anketi”nın əlavəsi kimi tətbiq olunmuşdur.

Məlumatların toplanması planşetlər vasitəsilə həyata keçirilmiş və toplanılmış məlumatlar xüsusi proqram (CAPI-Kompüter Dəstəkli Fərdi Sorğu) əsasında elektron informasiya sisteminə daxil edilmişdir.

“Azərbaycan Respublikasında Çoxgöstəricili Klaster Sorğusunun (MICS) keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq hazırda sorğu məlumatlarının yoxlanılması və emalı ilə bağlı işlərə başlanılmışdır. Sorğunun nəticələrinə dair hesabatın layihəsinin hazırlanması, təsdiqi, nəşri və yayımlanması ilə bağlı işlərin  2024-cü ilin mart-may aylarında başa çatdırılması nəzərdə tutulmuşdur.