Atmosfer havasına atılan zərərli maddələr haqqında

31.03.2022, 12:00

2021-ci ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2020-ci illə müqayisədə 39,5 min ton çoxalaraq ümumilikdə  880,2 min ton təşkil etmişdir ki, onun da 82,2 faizi və ya 723,5­­­ min tonu avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Avtomobillərdən atılmış zərərli maddələrin həcmi 4,2 faiz, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 6,8 faiz artmışdır. Stasionar mənbələrdən atılan zərərli  tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 6,3 min ton, Mingəçevir şəhərində 1,6 min ton, Sumqayıt şəhərində isə 0,7 min ton artmışdır.

Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 65,7 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilmişdir. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənayə müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 121,1 min ton zərərli maddələrin atılmasının qarşısı alınmışdır.

Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 58.5 faizini karbon oksidi, 25.6 faizini karbohidrogenlər, 12,0 faizini azot oksidi, 0,3 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil etmişdir.  

Əlaqə telefonu: 377 10 70 (22-24)