Özəlləşdirmənin gedişi haqqında

06.11.2007

Keçid dövründə iqtisadi islahatların həyata keçirilməsi istiqamətində mühüm əhəmiyyətə malik özəlləşdirmə prosesi davam etməkdədir. Bu islahatlar çərçivəsində 2007-ci il oktyabr ayının 1-dək ümumi dəyəri 174,1 milyon manat olan 47834 kiçik müəssisə və obyekt, o cümlədən 926 sənaye, 123 kənd təsərrüfatı müəssisəsi, 560 tikinti təşkilatı, 3830 ticarət, 1093 iaşə müəssisəsi, 10106 məişət xidməti, 670 yanacaq-doldurma məntəqəsi, 19799 nəqliyyat müəssisəsi və nəqliyyat vasitəsi, 197 kommunal təsərrüfatı obyekti və 10530 digər dövlət müəssisələri, obyektləri və avadanlıqlar özəlləşdirilmişdir. 2007-ci ilin yanvar-sentyabr aylarında ümumi dəyəri 18,2 milyon manat olan 1653 kiçik müəssisə və obyekt özəlləşdirilmişdir. Bu proses Naxçıvan MR (67 müəssisə və obyekt), Bakı (917), Gəncə (88), Sumqayıt (67), Mingəçevir (100), Əli Bayramlı (39) şəhərlərində və Abşeron (21), Şəki (33), İsmayıllı (20), Lənkəran (22), Ağdaş (35), Xaçmaz (18), Göyçay (19), Şəmkir (12), Zaqatala (11) rayonlarında daha fəal aparılmışdır. Eyni zamanda, nizamnamə kapitalının həcmi 6,4 milyon manat olan 39 dövlət müəssisəsi, o cümlədən 18 tikinti, 8 sənaye, 1 kənd təsərrüfatı, 3 ticarət, 3 nəqliyyat, 1 məişət xidməti və 5 digər müəssisə səhmdar cəmiyyətinə çevrilmişdir. Yanvar-sentyabr aylarında 493 dövlət müəssisəsinin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsindən 4,0 milyon manat vəsait əldə edilmişdir. Cari ilin əvvəlindən səhmlərinin ümumi dəyəri 45,0 milyon manat olan 153 səhmdar cəmiyyətinin səhmləri auksiona çıxarılmış və onların 7,5 milyon manatlıq hissəsi satılmışdır. 2,3 milyon manatlıq səhmlər qapalı abunə ilə çeklə əmək kollektivlərinə və çek hərraclarında, 5,2 milyon manat dəyərində olan səhmlər pullu auksionlarda satılmış, 16,0 min manatlıq səhmlər isə dövlət mülkiyyətində qalmışdır. 2007-ci ilin yanvar-sentyabr aylarında ölkə sakinləri tərəfindən ümumi sahəsi 740,5 min kv.metr olan 11,3 min mənzil özəlləşdirilmişdir. Ümumiyyətlə, özəlləşdirmə başlanan dövrdən 01.10. 2007-ci ilədək 400,9 min mənzil və ya özəlləşdirilməsi nəzərdə tutulmuş bütün mənzillərin 64,8 faizinin özəlləşdirilməsi başa çatdırılmışdır.