Xarici ticarət əlaqələri haqqında

10.06.2021, 12:00

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 96 ölkəyə məhsul ixrac olunmuş, 152 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 9532,1 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 6003,2 milyon dollarını və ya 63,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 3528,9 milyon dollarını (37,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2474,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz artmış, real ifadədə isə 12,4 faiz, o cümlədən idxal 18,1 faiz, ixrac 8,3 faiz azalmışdır.

2021-ci ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27,0 faiz, real ifadədə 10,7 faiz artaraq 697,0 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 37,5 faizini İtaliyaya, 16,6 faizini Türkiyəyə, 5,5 faizini Hindistana, 5,3 faizini İspaniyaya, 4,9 faizini Gürcüstana, 3,1 faizini Rusiyaya, 3,0 faizini Portuqaliyaya, hər biri 2,8 faiz olmaqla Ukrayna və Xorvatiyaya, 2,7 faizini İsrailə, 2,5 faizini Tunisə, hər biri 1,9 faiz olmaqla Belarus və Çinə, 1,4 faizini Birləşmiş Krallığa, 1,1 faizini İsveçrəyə, 7,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (31,0 faiz), Rusiyaya (27,0 faiz), İsveçrəyə (9,8 faiz), Gürcüstana (7,7 faiz), ABŞ-a (3,3 faiz), Çinə (2,2 faiz), Türkmənistana (1,8 faiz), Ukraynaya (1,6 faiz), Belçikaya (1,3 faiz), Qazaxıstana (1,2 faiz), Almaniyaya (1,1 faiz), İrana (1,0 faiz), İtaliyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,2 faizi Rusiya, 15,2 faizi Türkiyə, 12,3 faizi Çin, 6,9 faizi Almaniya, 4,3 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,6 faizi İran, 3,5 faizi İtaliya, 2,7 faizi Birləşmiş Krallıq, hər biri 2,0 faiz olmaqla Koreya və Yaponiya, 1,7 faizi Fransa, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, hər biri 1,2 faiz olmaqla Belarus və Polşa, 18,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2021-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 50,2 faiz, şəkər – 2,4 dəfə, bitki yağları – 35,3 faiz, meyvə və tərəvəz şirələri – 28,2 faiz, meyvə və tərəvəz konservləri – 18,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 1,8 dəfə, pambıq lifi – 2,1 dəfə, pambıq ipliyi – 47,1 faiz, bentonit gili – 4,2 faiz artmış, təzə tərəvəz ixracı isə 35,1 faiz, çay – 21,1 faiz, kartof – 34,2 faiz, tütün – 59,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 22,5 faiz, polietilen – 0,5 faiz, emal olunmamış alüminium – 15,3 faiz, qara metallardan borular – 1,3 faiz azalmışdır.

2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2021-ci ilin yanvar-aprel aylarında buğda idxalı 30,6 faiz, xam şəkər və şəkər – 2,2 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 4,6 faiz, kartof – 3,8 faiz, təzə tərəvəz – 1,7 dəfə, siqaretlər – 1,9 faiz, minik avtomobilləri – 37,0 faiz, dərman vasitələri – 9,3 faiz, hesablama maşınları, blok və qurğuları – 10,8 faiz, rezin şinlər – 50,3 faiz, yük avtomobilləri – 1,7 dəfə, mebellər – 8,4 faiz, paltaryuyan maşınlar – 30,0 faiz, məişət kondisionerləri – 2,2 dəfə, məişət soyuducuları – 51,0 faiz artmış, bitki yağları idxalı isə 11,5 faiz, təzə meyvə – 0,9 faiz, çay – 2,7 faiz, quş əti və onun əlavə məhsulları – 27,2 faiz, mal əti – 33,6 faiz, qara metallardan borular – 37,3 faiz, polad prokatı – 56,2 faiz, mineral gübrələr – 28,8 faiz, qara metallardan çubuqlar – 64,1 faiz, polietilen – 45,5 faiz, qara metallardan künclüklər – 27,6 faiz, avtobuslar – 36,2 faiz, sement və sement klinkerləri – 47,5 faiz azalmışdır.

Əlaqə telefonu: 377 10 70 (22-60)