Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalara dair işlər haqqında

03.05.2021, 12:00

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2020-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 74,0 min işə baxılmışdır ki, bu da 2019-cu ilin göstəricisindən 16,8 faiz çoxdur. Onların 36,7 faizi idarəçilik qaydaları, 28,3 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 5,2 faizi yol hərəkəti qaydaları, 3,5 faizi sağlamlıq, 3,3 faizi mülkiyyət, 0,7 faizi gömrük qaydaları, 0,5 faizi iqtisadi fəaliyyət qaydaları əleyhinə olan, 2,7 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qalanları isə digər inzibati xətalarla bağlı olmuşdur. 

2020-ci ildə baxılmış işlərin 74,0 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilmiş, 18,4 faizinin icraatına xitam verilmiş, 6,6 faizi üzrə inzibati xəta törətmiş şəxslərə dair materiallar əlavə yoxlanış üçün qaytarılmış, 1,0 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilmişdir.

İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 33,4 faiz artaraq, 54,8 min nəfər olmuşdur. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 48,6 faizinə inzibati cərimə, 16,6 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 16,5 faizinə inzibati həbs, 1,5 faizinə ictimai işlər, 16,8 faizinə isə digər tənbeh növləri tətbiq edilmişdir.

Əlaqə telefonu: 377 10 70 (22-70)