Taxıl biçininin gedişi barədə

13.08.2020, 12:00

Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. 2020-ci il avqust ayının 10-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 968,1 min hektar sahənin 944,4 min hektarı və yaxud 97,6 faizi biçilərək məhsulu yığılmışdır. Sahələrdən 2903,6 min ton məhsul toplanmış, məhsuldarlıq 30,7 sentnerə bərabər olmuşdur. Məhsulun 1860,2 min tonunu və yaxud 64,1 faizini buğda, 1018,7 min tonunu (35,1 faizini) arpa, 24,7 min tonunu (0,8 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil etmişdir.

Respublikanın 30 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 25 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, digərlərində isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olmuşdur.

Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 44,1 sentner), Saatlı (müvafiq olaraq 41,6), Sabirabad (41,3), Samux (40,1), Ağdam (40,1), Tərtər (39,6), Salyan (39,6), İmişli (39,1), Tovuz (38,4) və Ağcabədi (37,2) rayonlarında olmuşdur.   

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Şəki şəhərində (199,9 min ton), Cəlilabad (176,6 min ton), Kürdəmir (128,0 min ton), Neftçala (123,8 min ton), Füzuli (118,0 min ton), Ağsu (113,7 min ton), Ağcabədi (105,5 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (118,0 min ton) müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-73-57